Heydər Əliyev ideyalarının yaşaması güclü və qüdrətli Azərbaycan deməkdir

 

Sürətli inkişaf yolunda olan Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Qafqaz regionunun lider dövləti kimi qəbul edilməsini hər bir sahədə təsdiqləyib. Etiraf edilir ki, istər sosial-iqtisadi yüksəliş, istər beynəlxalq nüfuz, istərsə də qlobal proseslərdə öz sözünü demək baxımından Azərbaycan yerləşdiyi regionun lideridir. Azərbaycan həm də diktə qəbul edən yox, özünün milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir olan bir dövlətdir. Rəsmi Bakı qonşularından tam fərqli olaraq müstəqil xarici siyasət yürüdür, heç bir dövlətdən siyasi və iqtisadi cəhətdən asılı deyil. Xarici maddi və mənəvi dəstək olmadan belə, transmilli iqtisadi layihələr həyata keçirir.

Ölkəmiz özünün siyasi və iqtisadi çəkisinin artmasına xidmət edən, regionun aparıcı dövlətinə çevrilməsinə gətirib çıxaran uğurlara birdən-birə nail olmamışdır. Bunun ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olması sübuta ehtyacı qalmayan bir aksiomdur. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi islahatlar aparıldı, ölkədə tərəqqiyə geniş meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahat keçirilərək torpaq sahibinə - təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək yüksək beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Avratlantik məkana inteqrasiya edən Azərbaycan demokratik dəyərləri əxz etdi, ölkədə mətbuat və söz azadlığı, milli birlik və həmrəylik təmin edildi.

Xalqımız Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd etdi. Yubiley tədbirlərində ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə hər birimiz bir daha bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə etdik. Çünki ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Mayın 10-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyev bu barədə deyib: "Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində - 1993-2003-cü illərdə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilmişdir. Dövlətimizin ideoloji əsasları qoyulmuşdur. Köklü siyasi islahatlar aparılmışdır. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlanmışdır. Bazar iqtisadiyyatı əsas prinsip kimi rəhbər götürülmüşdür. Azərbaycan informasiya blokadasını yara və özünü dünyaya təqdim edə bilmişdir. Beynəlxalq təşkilatların üzvü olduq. Sabitlik yarandı. Bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta yolla zəbt edən antimilli qüvvələr hərəsi bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq siyasi səhnədən tamamilə silinmişdir və bu gün tarixin arxivindədirlər. İnkişaf üçün imkanlar yarandı. O inkişaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasında inkişaf edən ölkə kimi təqdim edir".

Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Son 10 ildə məhz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi ölkəmizə böyük uğurlar qazandırıb. Bu dövrdə respublikada həyata keçirilən məqsədyönlü siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sürətli sosial-iqtisadi inkişafına yönəlib.

İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bütün bu uğurlar Heydər Əliyevin siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir. Cənab Prezident ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bununla bağlı fikirlərini bölüşüb. "Bu gün Heydər Əliyev siyasəti davam etdirilir. Biz onun siyasətinə sadiqik, onun siyasətini davam etdiririk. Xarici siyasətlə bağlı onun qoyduğu xətt davam edir. Bu gün Azərbaycan dünyada böyük rəğbətə, hörmətə malik olan bir ölkədir. Biz iqtisadi islahatları davam etdiririk. Əlbəttə ki, həyat yerində durmur, yeni vəzifələr, yeni çağırışlar ortaya çıxır. Amma biz bu çağırışlara hazırıq. Siyasi islahatların davam etdirilməsi də Heydər Əliyevin bizə tapşırdığı bir məsələ idi. Biz onu da uğurla icra edirik" - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sisteminin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Odur ki, bu il keçiriləcək prezident seçkilərində də Azərbaycan vətəndaşları cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının dövlətimiz və xalqımız üçün alternativsizliyini nümayiş etdirəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 12 may.- S.1.