«Azərbaycan Polisinin 95 illiyi (1918-2013)» Azərbaycan Respublikasının yubiley medalının təsviri

 

Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 Maddə 1. Medalın ümumi təsviri

 

"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

 

Maddə 2. Medalın ön tərəfi

 

Medalın ön tərəfində iki dairə əks olunur. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN POLİSİNİN", aşağı qövs boyunca "95 İLLİYİ" sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemionun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, yuxarı hissədə çələngin birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə cələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir.

 

Maddə 3. Medalın arxa tərəfi

 

Medalın arxa tərəfi hamardır, üzərində "AZƏRBAYCAN POLİSİ", "95 İL", "1918-2013" sözləri həkk olunmuşdur. "95 İL" sözləri aşağı hissədən sünbüllərlə əhatələnmişdir.

 

Maddə 4. Medalın elementləri

 

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü, düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüş, qırmızı rəngli zolağın kənarlarında şaquli istiqamətdə 1 mm enində rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.

4.2. Medala eyni xara lentdən üz çəkilmiş, paltarın yaxasına bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

 

 

Azərbaycan.-2013.- 12 may.- S.3.