Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul etmişdir

 

Mayın 11-də gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir şəhərindən, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonlarından olan vətəndaşlar iştirak etmişdir.

Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşlar daha çox təmsil etdikləri bölgələrdə idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatlarının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzlərinin inşası və digər məsələlərlə bağlı olmuşdur.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapmış, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbuldan sonra nazir Azad Rəhimov Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və  Ağsu  rayonlarının gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 

 

Azərbaycan.-2013.- 12 may.- S.3.