Qafqaz Forumunun Bakıda keçirilməsi ölkəmizə olan böyük inamın ifadəsidir

 

Dövlət müstəqilliyi tarixi baxımından gənc olan Azərbaycan dövlətinin qədim tarixi, adət-ənənələri və böyük mədəniyyəti var. Sırf coğrafi formatla götürsək, Azərbaycan keçmişdən müxtəlif dinlərin, etnik qrupların yan-yana, sülh şəraitində yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik xalqımızın ən böyük dəyərlərindən biridir. Çünki Azərbaycan çoxmədəniyyətli cəmiyyətdir, multikulturalizmi yüksək dəyərləndirir. Lakin dini-etnik zəmində dözümlülük nümayiş etdirməsinə, əsrlər boyu müxtəlif millətlərin bərabər yaşamasına baxmayaraq, antisemitizmin müşahidə olunmadığı Azərbaycanda da tarixin müxtəlif dönəmlərində etnik-dini rəngarənglikdən istifadə edərək qarışıqlıq yaratmaq istəyən xarici qüvvələr olub.

Dini etiqad azadlığı, dini-etnik dözümlülüyün mövcud olduğu və vətəndaş cəmiyyətinin qurulması istiqamətində önəmli addımlar atan Azərbaycanda bir neçə gün öncə Diasporlarla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə Qafqaz Forumu keçirildi. Bu mötəbər tədbirin keçirilməsi üçün Bakının seçilməsi ölkəmizə olan böyük inamın ifadəsidir. Qloballaşmanın sürətlə vüsət aldığı bir dövrdə dünya ölkələrini narahat edən problemlərin, onların siyasi xəttinin prioritetlərini təşkil edən məsələlərin forumda müzakirə edilməsi, bu sahədə qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılması Azərbaycan üçün çox önəmlidir. Forumda birgə cəmiyyətlər, müştərək dəyərlər, qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və regiondaki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olundu. Xüsusilə vurğulandı ki, Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika və qadına seçki hüququ verən ilk dövlətdir.    

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun rəsmi açılışında iştirak etdilər. Dövlət başçısı ölkəmizi, regionu və dünyanı narahat edən bir sıra məsələlərdən danışdı: "Hökumətin əsas məqsədi yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması olub. Sərvətin ədalətli bölüşdürülməsi, infrastruktura, insan kapitalına və ilk növbədə təhsilə investisiyaların yatırılması hökumətin hədəfi olaraq qalır, çünki təhsil uğurun əsasıdır".  Dövlət başçısının sözlərinə görə, müvəffəqiyyət qazanmış ölkələrin tarixi və təcrübəsi göstərir ki, uğurlu inkişaf təbii resurslar hesabına deyil, intellektual potensial sayəsində baş verir. "İyirmi ildən artıqdır ki, nəinki Dağlıq Qarabağ, həmçinin onun ətrafındaki 7 rayon da Ermənistanın işğalı altındadır" deyən cənab İlham Əliyev bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasını istədiyini bildirdi: "Beynəlxalq təşkilatlar işğalçı qüvvələrin çıxmasını tələb edən qərar və qətnamələr qəbul ediblər. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilməyib. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 ildən çoxdur ki, icra olunmur. Bölgədə davamlı inkişafı təmin etmək üçün, əlbəttə, Cənubi Qafqaz daha çox inteqrasiya olunmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri azad olunmadan bu, mümkün deyil".   

Forum iştirakçılarının fikrincə, birinci Cənubi Qafqaz Forumunun keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik-dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək. Kanadanın sabiq baş naziri, Madrid Klubunun üzvü xanım Kim Kempbel müştərək cəmiyyətlərin yaradılmasının əhəmiyyətini qeyd edərək vurğuladı ki, bunun üçün hər bir insanın institusional hüquqlarını tanıyan, onlara hörmətlə yanaşan bir sistemin qurulması tələb olunur. Azərbaycanda qadınların hələ 1918-ci ildə seçib-seçilmək hüququ qazandığını xatırladan qonaq müştərək cəmiyyətlərin qurulmasında ədəbiyyatın və mədəniyyətin rolunu xüsusi vurğuladı. Latviyanın sabiq prezidenti, Madrid Klubunun üzvü Valdis Birkavs isə müştərək cəmiyyətlərin yalnız kiçik ölkələr üçün deyil, böyük ölkələr üçün də əhəmiyyətindən danışdı: "Çünki müştərək cəmiyyətlər ölkələr, xalqlar arasında dialoqu təşviq edir. Müştərək cəmiyyətlər qurarkən biz həm öz uğurlarımızı, həm də səhvlərimizi müzakirə etmək imkanı qazanırıq".

İordaniya Kraliçası ülyahəzrət Nur dünyada insanları narahat edən problemlərdən danışdı: "Hər il müxtəlif münaqişələr nəticəsində dünyada minlərlə insan itkin düşür. Dağlıq Qarabağ münaqişəsində 4600 insanın itkin düşməsindən də danışmalıyıq. Münaqişənin nizamlanması itkin düşmüş həmin insanların taleyinə aydınlıq gətirə bilər". Klubun vitse-prezidenti, Yeni Zelandiyanın sabiq baş naziri Cenni Şipli Cənubi Qafqaz Forumunun bu regionda mühüm məsələlərin müzakirəsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirərək Azərbaycan Prezidentinin fikirlərindən məmnun qaldığını bildirdi: "Prezident İlham Əliyevin multikulturalizmə alternativin olmaması ilə bağlı fikirlərinə şərikəm".

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa dedi ki, keçmiş Sovet İttifaqının tərkibində olmuş respublikalar müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğunda çox çətinliklərlə qarşılaşdılar: "Hər bir ölkənin, hər bir xalqın azad olmağa mənəvi haqqı var. BMT bu məsələlərdə daha həssas olmalı, yalnız sanksiyalarla kifayətlənməməlidir".

Azərbaycanın Cənubu Qafqazda mühüm yer tutduğunu deyən Niderlandın keçmiş baş naziri, Madrid Klubunun prezidenti Vim Kok bildirdi ki, Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub insanlar bir arada mehriban və münaqişəsiz yaşayırlar: "Bizim hədəfimiz birgə cəmiyyətlərin, müştərək dəyərlərin yaradılmasına nail olmaqdır. Güman edirəm ki, bu sahədə dialoqlarımız davam edəcək". 

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunduğunu xüsusi vurğulayan natiq kiçik dövlətlərin böyük dövlətlər qədər müştərək cəmiyyətlərdə fəal iştirakını yüksək qiymətləndirdi. Çıxış edənlər Azərbaycanın qadın hüquqları, insan haqları, demokratik dövlət quruculuğu istiqamətində mühüm yol qət etdiyini vurğuladılar.            

Onların fikrincə, forum sivilizasiyalararası dialoqun inkişafına böyük töhfə verəcək, Azərbaycanla Madrid Klubu arasında əlaqələrin və təcrübə mübadiləsinin inkişafına təkan verəcək. Forumun sonunda Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalandı.    

Mütəxəssislərin fikrincə, Qafqaz Forumu Azərbaycanın uğurlarının, ölkədə gedən proseslərin, müasir intibahın bütün çalarlarının dünyaya nümayiş etdirilməsi baxımından çox əhəmiyyətlidir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 12 may.- S.5.