Belçika Poçt Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş markanı təqdim etmişdir

 

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, Brüsseldə Belçika Poçt Təşkilatı (Bpost) tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış poçt markasının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları ilə yanaşı, Belçika, Niderland və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, "Ana vətən" Azərbaycanlı Qadınlar Birliyinin üzvləri də iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan danışmış, məhz görkəmli dövlət xadiminin uzaqgörənliyi, yenilməz iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğulamışdır.

Səfir ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və hərtərəfli inkişaf konsepsiyasının hazırlanması baxımından ən yeni tariximizə qızıl hərflərlə həkk olunduğunu qeyd etmiş və hər bir azərbaycanlının qəlbində iz buraxdığına əminliyini bildirmişdir.

Diplomat Belçikada hazırlanmış poçt markasının ulu öndərin Azərbaycan dövlətçiliyi naminə fəaliyyətinin Avropa məkanında əbədiləşməsinə xidmət edəcəyini və bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərinin heç vaxt unudulmayacağını vurğulamış, Heydər Əliyevin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını demişdir.

"Ana vətən" Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisa Ağamirzəyeva da ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında xidmətlərindən danışaraq dahi şəxsiyyətin irsinin yolumuza bundan sonra da işıq salacağına inandığını bildirmişdir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2013.- 14 may.- S.4.