Sumqayıtda ənənəvi kitab bayramı keçirildi

 

Mayın 14-də Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş VI  Ümumrespublika Kitab bayramı keçirilmişdir. Həmin gün dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin abidə komleksinin ətrafı bayramsayağı bəzədilmişdi. İctimaiyyətin,  ziyalıların və KİV nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirdə bir daha vurğulandı ki, kitab bayramının keçirilməsi Sumqayıtda ənənə halını almışdır.

Kitabxana və oxucularla əlaqələrin qurulmasında, eləcə də kitabların təbliğində belə  tədbirlərin böyük əhəmiyyət daşıdığı bildirildi. Qeyd edildi ki, ulu öndər  Heydər Əliyev mütaliəni çox sevər, kitabxanaların fəaliyyətinə böyük diqqət yetirərdi. Ulu öndər kitabxanaları xalq, millət üçün müqəddəs bir yer, bilik və zəka mənbəyi adlandırmışdır. Hazırda bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Son illər latın qrafikalı əlifba ilə çap edilən  nəşrlərin sayının artırılması, kitabxanalara kitabların pulsuz paylanması bu siyasətin məntiqi davamıdır.

Kitab bayramında Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi 15 adda sərgi təşkil etmişdir. Ümumilikdə 5 minə yaxın ədəbiyyatın nümayişi və satışı həyata keçirilmişdir. Kitab bayramında şəhərin təhsil və səhiyyə şöbəsi, "Məktəbli", "Əli və Nino" kitab evləri, "Bilik" kitab mağazası və nəşriyyatı, "Zərdabi" və "Qələm" nəşriyyatları, "Akademkitab" və "Bukinist" mağazaları, sərgiləri ilə oxucuların görüşünə gəlmişdilər.

Sərgidə dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, iqtisadiyyatımız, dövlətçiliyimizin inkişafı ilə bağlı gördüyü işlərə həsr olunmuş kitablara xüsusi yer ayrılmışdı. Nəfis şəkildə çap edilmiş bu kitablar iştirakçılar tərəfindən böyük maraqla  qarşılanmışdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara  xoş arzularını çatdırdı. Tədbirdə ulu öndərə, doğma yurdumuza həsr olunmuş şeirlər səsləndirildi, rəngarəng musiqi nömrələri təqdim olundu, dahi Nizaminin, eləcə də digər Azərbaycan klassiklərinin əsərlərindən kiçik səhnələr göstərildi.

 

 

Azərbaycan.-2013.- 15 may.- S.8.