Avstriya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Vyanaya rəsmi səfəri haqqında yazır

 

Avstriya mətbuatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 12-14-də Vyanaya rəsmi səfəri ilə bağlı bir sıra məqalələr dərc olunmuşdur.

Avstriyanın nüfuzlu "Wirtschaftsblatt" qəzetində dərc olunmuş məqalədə Prezident İlham Əliyevin Prezident Haynts Fişer ilə keçirdiyi birgə mətbuat konfransında Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolu, enerji resurslarının nəqli üçün marşrutların seçilməsi, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarına dair səsləndirdiyi fikirlərə geniş yer verilmişdir.

Gündəlik "Österreich" qəzetində dərc olunmuş "Azərbaycan Prezidenti Avstriyada" sərlövhəli məqalədə isə rəsmi səfəri çərçivəsində dövlətimizin başçısının keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 may.- S.1.