Roland KOBİA: Azərbaycan öz keçmişi ilə fəxr edir, bu gününü idarə edir və gələcəyə inamla baxır

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi may ayının 15-də Avropa Günü münasibətilə təntənəli mərasim keçirmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, partiya sədrləri, xarici ölkələrin səfirləri və jurnalistlər iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əməkdaşlığın inkişaf tarixindən danışmışdır.

"Mən buraya dörd il bundan əvvəl gəldikdə Avropa İttifaqı yenicə Azərbaycana qədəm qoyurdu və nümayəndəlik yeni açılırdı. Bu müddət ərzində biz doğrudan da, Azərbaycan ilə Avropa İttifaqının birlikdə böyüməsinin şahidi olduq. Onlar öz aralarındakı münasibətlərin daha da intensivləşdirilməsinə nail ola bildilər", - deyə səfir vurğulamışdır.

Azərbaycanın qısa müddətdə keçdiyi inkişaf yolundan danışan səfir ölkənin regional məsələlərdə, o cümlədən Avropa İttifaqının ümumi təhlükəsizliyində oynadığı xüsusi rolu yüksək qiymətləndirmişdir.

"Azərbaycan qısa müddətdə yüksək profilli beynəlxalq iştirakçıya çevrilmiş, regional məsələlərdə güclü mövqeyə malik olmuş və Avropa İttifaqının ümumi təhlükəsizliyinə birmənalı şəkildə böyük töhfə vermişdir. Azərbaycan öz keçmişi ilə fəxr edir, bu gününü idarə edir və gələcəyə inamla baxır", - deyə R.Kobia bildirmişdir.

Azərbaycanda diplomatik missiyasının bitməsindən təəssüfləndiyini deyən səfir yaxın gələcəkdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin yüngülləşdirilməsinə dair danışıqların bitməsinin şahidi olmaq istədiyini söyləmişdir. Səfir demişdir: "Bu, insanlarımızı daha da yaxınlaşdırmağa və daha da sıx əlaqələr qurmağa imkan verəcək".

Daha sonra çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev səfiri və qonaqları Azərbaycan Prezidenti və hökuməti adından Avropa Günü münasibətilə təbrik etmiş və Avropa İttifaqının tarixi barədə qısa məlumat vermişdir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığı yüksək qiymətləndirən nazir bu əlaqələrin qarşılıqlı maraq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirmişdir.

"Azərbaycan ilə Avropa İttifaqı arasında 1992-ci ildən başlanmış münasibətlər hazırda zəngin hüquqi çərçivəyə malikdir. Belə ki, 1996-cı ildə "Tərəfdaşlıq və əməkdaşlıq" sazişi, 2006-cı ildə "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Fəaliyyət Planı, 2009-cu ildə "Şərq Tərəfdaşlığı" bəyannaməsi kimi mühüm sənədlər imzalanmışdır", - deyə nazir vurğulamışdır.

Ş.Mustafayev qeyd etmişdir ki, hazırda müzakirə olunan məsələlər viza rejiminin sadələşdirilməsi, readmisiya və vahid aviasiya məkanına dair sazişlər, habelə modernləşmə üzrə strateji tərəfdaşlıq sənədi yaxın gələcəkdə əlaqələrin daha da yüksək səviyyəyə qaldırılmasına xidmət edəcəkdir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu vurğulayan nazir ölkəmizin xarici ticarət dövriyyəsinin 42 faizinin Avropa İttifaqı dövlətlərinin payına düşdüyünü bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 16 may.- S.2.