Azərbaycan: geosiyasi səhnədə yeni çağırışların işığında

 

Üçüncü minillik qlobal geosiyasi səhnəyə çoxqütblü dünya nizamının formalaşmasına aparan yol kimi daxil olmuşdur. XX əsrin sonlarından başlayan dünyanın bir qütbdən idarə olunması qlobal miqyasda müxtəlif istiqamətli radikal meyillərin artmasına səbəb oldu və bunun qarşılığında ortaya atılan "fobiya"lar geosiyasi mühitdə əsas trendə çevrildi. Hazırda davam etməkdə olan qlobal iqtisadi böhranı və bəşəriyyətin qarşılaşdığı mənəvi tənəzzülü də bura əlavə etsək, təkqütblü dünya nizamının uzun müddət davam gətirə bilməyəcəyini aydın görmək mümkündür.

 

Yeni dövrün geosiyasi mənzərəsində Qafqaz

 

 Artıq çoxqütblü dünya nizamının formalaşması istiqamətində yeni bir proses gedir. Bu isə geosiyasi həssas regionlarda daha çox hiss olunur. Baş verməkdə olan proseslər böyük-kiçikliyindən asılı olmayaraq bütün ölkələr üçün müstəsna əhəmiyyət kəsb edir. Yeni dövrün tələblərinə uyğun olaraq ölkələrin təbii ehtiyatları, coğrafi mövqeyi, insan resursları, iqtisadi potensialı ilk növbədə dövlətin geosiyasi çəkisi ilə müqayisədə hər hansı bir rola malikdir. Doğrudur, sadaladığımız amillər hər bir ölkənin inkişafı üçün vacibdir. Lakin milli maraqlara söykənən müstəqil xarici siyasəti olmadan həmin ölkə geosiyasi çəkiyə yiyələnə bilməz. Hansı siyasi dayağa və ya iqtisadi potensiala malik olmasından asılı olmayaraq müstəqil xarici siyasət kursu olmayan forpost ölkələrin geosiyasi çəkisi də ola bilməz.

Digər tərəfdən, çoxqütblü dünyada müxtəlif güc mərkəzlərinin rəqabəti və nüfuz müharibəsi ilə müşayiət olunması təbii prosesdir. Bu isə geosiyasi həssas regionlarda öz təsirini daha çox göstərir. Henri Kissencer, Zbiqnev Bjezinski, Samuel Hantinqton da daxil olmaqla bir çox məşhur siyasi təhlilçilər Qafqaz regionunu belə geosiyasi bölgələr sırasına daxil edirlər. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin təmsilçilərinin yanaşı yaşaması regionun həssaslığını bir az da artırır. Müqayisə üçün qeyd etmək olar ki, Avrasiya materikində Qafqaz qədər həssas region olaraq yalnız Balkan və Mərkəzi Asiya regionlarını göstərmək olar. Təsadüfi deyil ki, qlobal geosiyasi mühitdə transformasiya mərhələsi yaşayan yeni dünya nizamında hər üç region qaynar bölgə hesab olunur və etnik-dini münaqişələr davam edir.

Qafqaz yeni dünya nizamında xüsusi əhəmiyyətə malik regiondur. Qlobal və regional güc mərkəzləri Qafqazda öz təsir dairələrini yaratmağa çalışırlar. Belə bir şəraitdə müstəqil və balanslaşdırılmış xarici siyasət yeritmək olduqca çətindir. Bu prizmadan yanaşdıqda yalnız havadarlarının siyasi xəttini yerinə yetirən və bu missiyasından öz mənafeyi üçün istifadə etməyə çalışan Ermənistan forpost ölkədir. Əhalisinin yüksək sürətlə ölkədən qaçması, strateji iqtisadi subyektlərinin xaricilərin əlində olması Ermənistanın geosiyasi tərəzidə heç bir çəkiyə malik olmayan mövqeyini müəyyənləşdirir. Gürcüstan isə xarici siyasət kursunda ifrat dərəcədə bir qütbə meyilli olduğu üçün problemlərlə qarşılaşır. Regionda balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara söykənən müstəqil siyasi kurs Azərbaycanı Qafqazda geosiyasi çəkisinə görə fərqləndirir.

 

Azərbaycanın xarici siyasəti qarşısında yeni çağırışlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında  ölkəmizin xarici siyasəti qarşısında açılan üfüqlərlə bağlı məsələlərə də toxunmuşdur. Etibarlı tərəfdaşlıq, regional mərkəz, bərabərhüquqlu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prinsipləridir. Bundan əlavə, dünyada resurslar uğrunda mübarizə, milli iqtisadi təhlükəsizliyin yeni komponentləri, ərzaq təhlükəsizliyi kimi qlobal trendlər də müşavirədə diqqət mərkəzinə çəkilmişdir. İqtisadi sahədə isə prioritet olaraq diversifikasiya, xarici bazarlara çıxış, rəqabət qabiliyyətli məhsul ixracı, çoxmərkəzli sənaye strukturu kimi aktual mövzular ölkə başçısı tərəfindən səsləndirilmişdir.

Prezident İlham Əliyev Azərbaycanın qlobal səhnədə geosiyasi çəkisinin artmasının səbəblərini çox aydın şəkildə göstərmişdir: "Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır."

Aydındır ki, beynəlxalq münasibətlərdə etibarlılıq ölkənin geosiyasi çəkisini müəyyənləşdirən əsas amillərdən biridir. Dəfələrlə şahid olmuşuq ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli dövlətlər beynəlxalq və ya ikitərəfli layihələrin icrasında öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Yaxud bir neçə dövlətin birgə başladıqları layihələr elə layihə olaraq da qalmışdır. Ermənistanın timsalında biz belə hadisələrlə tez-tez qarşılaşırıq. Azərbaycan isə artıq əfsanəni reallığa çevirə bilmiş ölkədir. Ulu öndər Heydər Əliyevin memarı olduğu Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri, cənab İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən  Bakı-Tbilisi-Qars, TANAP kimi geoiqtisadi layihələr məhz bu qəbildəndir.

Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətlərdə öz etibarlılığını hər zaman göstərmişdir. Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, ABŞ antiterror əməliyyatları zamanı, Rusiya Şimali Qafqazda əməliyyat keçirərkən, İran bütün sanksiyalara baxmayaraq hər zaman Azərbaycanın etibarının şahidi olmuşlar. Bu gün Azərbaycanın şaxələndirilmiş enerji marşrutlarının əsas istiqamətlərindən biri Avropadır. Ölkəmiz keçən dövr ərzində həm burada fəaliyyət göstərən böyük neft şirkətlərinə, həm də avropalı alıcılara münasibətdə hər zaman üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmişdir. Beləliklə, Azərbaycanın geosiyasi mövqeyi Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi kursun etibarlı tərəfdaş imicini qazanması sayəsində mümkün olmuşdur.

Azərbaycanın müstəqil xarici siyasəti bütün tərəfdaşlarla qarşılıqlı bərabərhüquqlu münasibətlərə söykənir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və heç bir qüvvənin ölkəmizin daxili işlərinə müdaxilə etməsinə yol vermir. Beynəlxalq hüquq normalarına əsaslanan bu prinsip Azərbaycanın geosiyasi səhnədə çəkisinə də təsir göstərən amildir. Bu xüsusiyyət forpost ölkələrə şamil oluna bilməz. Lakin geosiyasi mühitdə məhz müstəqil dövlətlərə qarşı daha çox təzyiqlər hiss olunur. Müstəqil olmayan dövlətlər artıq hansısa bir güc mərkəzinin nəzarətində olduqları üçün belə təzyiqlərlə üzləşmirlər. Müstəqil xarici siyasət aparan Azərbaycan Respublikası isə geosiyasi mühitdə üzləşdiyi təzyiqlərə öz əməli addımları ilə cavab verir. Beləliklə, Azərbaycan bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıdır və bu da ölkənin geosiyasi çəkisinə xüsusi dəyər gətirir.

 

Regional mərkəz - Azərbaycan

 

Azərbaycan regional mərkəzə çevrilmiş və artıq bu regional çərçivə Qafqazın hüdudlarını aşmışdır. Məlum olduğu kimi, respublikamızın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Ölkəmiz Qara dəniz regionunda təsir imkanlarına yiyələnmişdir. Bu gün Gürcüstan, Ukrayna, Moldova və Rumıniyada Azərbaycan iqtisadiyyatı önəmli faktora çevrilmişdir.  Azərbaycan Dövlət Neft Şirkəti  bu gün Türkiyədə neft, neft-kimya sahələrində əsas sərmayədardır. Hətta İsrail neft axtarışlarını Azərbaycan şirkətləri ilə birgə həyata keçirir. Beləliklə, Yaxın Şərq regionunda Azərbaycan önəmli yerə sahibdir. Mərkəzi Asiya ölkələrinin də enerji resurslarının Avropaya mümkün tranzit marşrutlarının biri Azərbaycan üzərindəndir. Bu, eyni zamanda, Şərq-Qərb enerji və nəqliyyat dəhlizinin mühüm şaxəsi olduğundan qlobal əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Azərbaycanın regional mərkəz olması ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin beynəlxalq arenada yerini müəyyən etmək üçün xüsusi əhəmiyyət daşıyır: "Beynəlxalq aləm Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir."

Bu gün Azərbaycan regionda öz tərəfdaşları ilə birgə geosiyasi mühitə təsir edə biləcək gücdədir. Bunun parlaq nümunəsi Bakı-Tbilisi-Qars layihəsinin timsalında aydın görünür. Məlum olduğu kimi, bu layihə irəli sürülərkən dünya erməni lobbisinin təhriki ilə Qərb dövlətləri Ermənistan kənar qalıb deyə bu layihəyə müəyyən təzyiqlər göstərdilər. Kreditor və donor təşkilatlar layihənin maliyyələşdirilməsində iştirak etmədilər. Digər tərəfdən, Qərbin media monopoliyası da öz əks-təbliğatını işə salmışdı. Geosiyasi mühit və maliyyə şərtləri heç bir halda Azərbaycanın xeyrinə deyildi. Dünyada erməni havadarları bu layihənin gerçəkləşməyəcəyini düşünür və bunun üçün əllərindən gələni edirdilər. Ancaq Azərbaycan öz iradəsini göstərə bildi. Artıq Bakı-Tbilisi-Qars layihəsi yekunlaşmaq üzrədir. Azərbaycan nəinki öz üzərinə düşən maliyyə öhdəliyini yerinə yetirdi, hətta bu məqsədlə Gürcüstan tərəfinə uyğun şərtlərlə kredit ayırdı. Əvvəllər bu layihəni rentabelsiz hesab edənlər indi "Dəmir İpək Yolu" adlandırılan bu nəqliyyat dəhlizinə ciddi maraq göstərirlər. Bakı-Tbilisi-Qars marşrutu Pekin-London nəqliyyat dəhlizində əsas halqa hesab edilir.

Beləliklə, Azərbaycanın ilk dəfə öz maliyyə imkanları hesabına Türkiyə və Gürcüstanla birgə həyata keçirməkdə olduğu layihə onun geosiyasi səhnədə üstün mövqeyini göstərir. Bu, Azərbaycanın öz tərəfdaşları ilə birgə dünya erməni lobbisi üzərində əhəmiyyətli qələbəsi olmaqla bərabər, həm də geosiyasi səhnədə regional mərkəz statusunu təsdiqləyən mühüm addımdır.

Azərbaycan geosiyasi ağırlığını hər keçən gün daha da artırmaqdadır. Trans-Anadolu (TANAP) qaz kəməri layihəsini növbəti addım hesab etmək olar. Məlum olduğu kimi, Xəzər hövzəsindən Avropaya enerji daşıyıcılarının nəqli marşrutu ilə bağlı mürəkkəb geosiyasi proseslər başlamışdır. "Nabukko" adlı konsorsium yaradılmışdı və zaman-zaman regionda müxtəlif qonşularımızı qıcıqlandıran bəyanatlar verilirdi. Azərbaycan isə keçən illər ərzində hər zaman öz təmkinli mövqeyini qoruyurdu. Azərbaycan müxtəlif istiqamətlərdə enerji nəqlinə və bunun üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazır olduğunu praktik addımlarla göstərirdi.

Amma Avropaya birbaşa qaz nəqli reallaşmalı olduğu vaxtda "Nabukko" üzrə tərəfdaşlar xəyali layihədən real maliyyələşdirməyə doğru addım atmadı. Artıq yeni nəql marşrutları, yeni tərkibdə konsorsiumlar dövriyyəyə daxil oldu. Belə olan halda Azərbaycan yenə geosiyasi ağırlığını ortaya qoya bildi. Azərbaycanla Türkiyə öz təşəbbüsləri ilə "Trans-Anadolu" layihəsini həyata keçirməklə əlaqədar Saziş imzaladı. Beləliklə, Prezident İlham Əliyevin bildirdiyi kimi: "Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir. Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir".

 

Beynəlxalq bazarlara çıxış

 

Prezident İlham Əliyev müşavirədə iqtisadi sahədə də ölkə qarşısında yeni vəzifələr qoydu və qlobal trendlərin işığında Azərbaycanın qarşılaşdığı çağırışlara münasibət bildirdi. Rəqabət qabiliyyətli məhsul istehsalı, texnoparklara əsaslanan çoxmərkəzli sənaye strukturu və xarici bazarlara çıxış. Bu gün ölkə iqtisadiyyatı qarşısında ən mühüm vəzifələrdən biri xarici bazarlarda böyük mövqelərə yiyələnməkdir.

Artıq bir neçə ildir ki, ardıcıl sürətlə artmaqda olan milli iqtisadiyyat xarici bazarlara çıxışı təmin etməyi zəruri edir. Çünki hələlik Azərbaycanın daxili bazarının potensialı kifayət qədərdir və milli iqtisadiyyat bir çox sahələrdə bu tələbatı ödəməyə yönəlmişdir. Hazırkı artım sürətini nəzərə alsaq, müəyyən müddətdən sonra milli iqtisadiyyatın istehsal potensialı daxili bazarı üstələyəcəkdir. Bu isə inkişaf tempinə təsir edə bilər. Belə olan halda ölkə daxilində rəqabət qabiliyyətli məhsul istehsalının təşkili, xarici bazarlarda isə yeni mövqelər qazanmaq lazımdır.

Ölkədə rəqabət qabiliyyətli istehsal hər keçən gün daha da güclənir. Hər il ixrac nomenklaturasına yeni məhsullar daxil olur və keyfiyyət artımı baş verir. Digər bir məsələ isə xarici bazarlara daxil olmaqla bağlıdır.

Müasir dövrdə dünya bazarlarına çıxmaq və konkret sahə və ya məhsul üzrə yer tutmaq olduqca çətindir. Bunun isə başlıca səbəblərindən biri mövcud bazarın artıq bölüşdürülməsidir və ya başqa adla qlobal monopoliyadır. Burada obyektiv və subyektiv səbəbləri, eləcə də beynəlxalq təcrübədə müəyyən məqamları xatırlatmaq yerinə düşər. Obyektiv səbəblər arasında keyfiyyətlə yanaşı brend, reklam, marketinq kimi nüansları sadalamaq istərdik. Qərbin aparıcı dövlətləri artıq uzun illərdir ki, konkret ixtisaslaşdıqları məhsul üzrə bütün sadalanan istiqamətlərdə üstün mövqeyə yiyələnmişlər. Belə olan halda yeni ölkələrə həmin Qərb məhsullarının olduğu bazarlara daxil olmaq olduqca çətindir.

Subyektiv səbəblər arasında isə inkişaf etmiş ölkələrin bazarları öz inhisarında saxlamasını qeyd etmək olar. Avropa İttifaqının təcrübəsində biz qeyd olunan proseslərin şahidiyik. Sadə bir misal çəkək. Avropada əsas süd məhsulları istehsalçıları Danimarka və Hollandiyadır və bu ölkələr vahid bazarda üstün mövqe tuturlar. Süd məhsulları istehsalı üzrə ixtisaslaşan Baltikyanı ölkələrdən Latviya və Litva Avropa İttifaqına daxil olduqdan sonra bu sahədə konkret problemlərlə üzləşdilər. Ənənəvi bazarlarını itirən Baltikyanı ölkələr Avropa İttifaqı daxilində Hollandiya və Danimarkaya uduzmaqla milli iqtisadiyyatlarında əsas sahələrdən birində zərbə aldılar.

Buna görə də əksər dövlətlər təyinat ölkəsinə ilkin olaraq xarici yardım proqramları ilə daxil olmağa çalışırlar. Bu təcrübədən ən çox Yaponiya və Koreya Respublikası istifadə edir. Əksər Qərb ölkələrinin siyasi mahiyyətli xarici yardım siyasətindən fərqli olaraq Yaponiya və Koreya modeli daha çox iqtisadi xarakter daşıyır. Yapon Rəsmi İnkişaf Yardımının (ODA) qrant, texniki yardım və güzəştli kreditləri daha çox yapon sərmayəsinin daxil olmaq istədiyi və Yaponiya şirkətlərinin cəlb olunduğu layihələrin olduğu ölkələrə yönəlir. Belə bir mənzərə formalaşır ki, yapon sərmayəsi iri layihələrə yönəldilməzdən əvvəl ayrılan xarici yardım hazırlıq mərhələsi daşıyır. Yapon donor təşkilatları ayrılmış qrant və texniki yardımın resipiyent ölkə tərəfindən necə həyata keçirilməsini izləyərək gələcəkdə ölkənin kredit ödəniş qabiliyyətini öyrənirlər. Beləliklə, xarici yardım proqramlarının Yaponiya modeli iqtisadi xarakter daşıyır. Qeyd etməliyik ki, Asiyanın bir sıra inkişaf etmiş ölkələri Koreya Respublikası, Malayziya və hətta bir qədər təəccüblü olsa da, müəyyən fərqlər olmaqla Çin Xalq Respublikasının da həyata keçirdiyi xarici yardım proqramları məhz bu modelin məqsəd və göstəricilərini özündə əks etdirir.

Azərbaycan son illər donor ölkəyə çevrilmişdir. Artıq bir sıra ölkələrdə Azərbaycan şirkətləri ən böyük investordur. Güzəştli kreditləri də xarici yardım aləti hesab etsək Azərbaycan bu sahədə də təcrübəyə malikdir. İqtisadi inkişafımızın yeni mərhələsində ölkəmizin xarici ölkələrə yönəlik yardım layihələrinin bu ölkə bazarlarında mövqe tutmağa istiqamətlənməsi perspektivli hesab edilə bilər. Buna görə də yaxın gələcəkdə Azərbaycan üçün iqtisadi xarakterli xarici yardımlar aktual olacaqdır.

 

Qlobal trendlər

 

Prezident İlham Əliyev müşavirədə qlobal trendlər və bununla əlaqədar Azərbaycan Respublikasının qarşısında dayanan çağırışlara da toxunmuşdur. Resurslar uğrunda qlobal miqyasda mübarizə və ərzaq təhlükəsizliyi kimi qlobal trendlərin aktuallığı səsləndirilmişdir. Prezident bildirmişdir ki, "Dünyada indi resurslar uğrunda mübarizə gedir: enerji, su resursları uğrunda... Ərzaq təhlükəsizliyi enerji təhlükəsizliyi kimi, bəlkə də ondan da vacib olan məsələdir. İstisna edilmir ki, gələcək illərdə bu, əsas məsələlərdən birinə çevriləcəkdir. Çünki qlobal meyillər bunu göstərir."

Müasir dövrümüzdə içməli su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən biridir. Hesablamalara görə, hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin 1998-ci ildə bununla bağlı hazırladığı hesabatda göstərilir ki, 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın əhali bu problemlə qarşı-qarşıya qalacaqdır.

Su problemi yeni minillikdə geosiyasi faktora çevrilmişdir. XXI əsrdə su geostrateji əhəmiyyətinə görə neftin XX əsrdəki yerini tuta bilər. Neft uğrunda aparılan gizli və açıq mübarizələrin və hətta müharibələrin yeni minillikdə su uğrunda olma ehtimalı da var. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin proqnozlarına görə, 2020-ci ilədək inkişaf etmiş ölkələrin bir-biriləri ilə enerji resursları üstündə deyil, məhz içməli su üstündə müharibə ehtimalı daha böyükdür.

Artıq dünyada su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri mövcuddur. İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər su uğrunda mübahisələr münaqişələrə çevrilmək üzrədir. Yaxın Şərqdə Nil hövzəsində Misir-Sudan-Efiopiya, İordan çayı hövzəsində İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində Türkiyə-Suriya-İraq və İran-İraq, Mərkəzi Asiya ölkələri arasında su münaqişələri daha aktualdır.

Su resursları isə ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Bu baxımdan qlobal arenada yeni minilliyin ən böyük təhdidlərindən olan ərzaq çatışmazlığı hər bir dövlət üçün aktualdır.

Beləliklə, ölkəmiz geosiyasi səhnədə hər keçən gün öz mövqelərini daha da gücləndirir. Artıq Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın mövqeyi regional çərçivəni aşaraq daha böyük əhatə dairəsinə doğru genişlənməkdədir. Geosiyasi səhnədə yüksələn Azərbaycan qlobal trendlərə uyğun çevik xarici siyasət həyata keçirir və artıq xüsusi geosiyasi çəkiyə malik ölkəyə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ardıcıl, səmərəli və düşünülmüş fəaliyyəti sayəsində respublikamız yeni geosiyasi və iqtisadi üfüqlər fəth etmək əzmindədir.

 

 

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun

 müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 16 may.- S.3.