Elmar MƏMMƏDYAROV: Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün potensial hələ tükənməmişdir

 

Vyanada ATƏT-in Daimi Şurasının növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Helsinki +40" prosesini ATƏT-in möhkəmlənməsi üçün istifadə etməyə çağırmışdır. Nazir həmçinin təşkilatın üzvü olan ölkələri ATƏT məkanındakı dondurulmuş münaqişələrin daha geniş müzakirəsini təşkil etməyə səsləmişdir. O demişdir: "Azərbaycan hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün potensial hələ tükənməmişdir".

ATƏT-in Minsk qrupunun formatının "canlanmasının" vacibliyini vurğulayan E.Məmmədyarov üzv ölkələrini "danışıqlar xətrinə danışıq" aparmağa deyil, daha konkret müzakirələr təşkil etməyə çağırmışdır.

E.Məmmədyarov bəyan etmişdir ki, Azərbaycan ATƏT qarşısındakı öhdəliklərinə sadiq qalaraq təşkilatın monitorinq qrupunu ölkədə keçiriləcək prezident seçkilərinə dəvət etmək niyyətindədir.

Azərbaycanın ATƏT-in Bakı ofisinin statusuna yenidən baxmaq niyyətində olduğunu qeyd edən nazir vurğulamışdır ki, ofisin işi layihələrin əlaqələndirilməsindən ibarət ola bilər.

 

 

Azərbaycan.-2013.- 16 may.- S.3.