Patrisio FORESTER: Qrup şəklində birgə təqdim etdiyimiz layihə hamımızın qatıldığımız bir məkandır

 

Qrup şəklində birgə təqdim etdiyimiz layihə hamımızın qatıldığımız bir məkandır. Həmçinin uşaqlar da bu məkanda birgə oynayırlar. Bu sözləri "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində respublika Uşaq Klinik Xəstəxanasında jurnalistlərə müsahibəsində "Rəqəmlərlə oynayarkən" interaktiv incəsənət əsərinin müəllifi Patrisio Forester demişdir.

Bakıya "YARAT!" Müasir İncəsənət Məkanının dəvəti ilə gəldiyini deyən rəssam əsərin ideyasının məhz Azərbaycan paytaxtında, bir qrup gənclə birgə işlədiyi zaman yarandığını qeyd etmişdir. Vurğulamışdır ki, incəsənəti təkcə qalereyada, muzeydə deyil, həm də daha ehtiyac duyulan, qeyri-adi yerdə təqdim etmək lazımdır. Böyük Britaniyadan dəvət olunmuş rəssam demişdir ki, rəqəmlər insanların bölüşdüyü vahid bir məfhumdur - dünya ölkələrinin tam əksəriyyəti gözəl, mükəmməl və istifadədə asan olduqları üçün məhz ərəb rəqəmlərindən istifadə edir. Gündəlik həyatımızın, demək olar ki, bütün sahələrində istifadə olunan və hər gün rastımıza gələn ərəb rəqəmləri bizi yeni əsər yaratmağa sövq etmişdir. Bu interaktiv incəsənət əsəri özündə öyrənmə, oynama və qayğını birləşdirir.

Bakıda layihənin reallaşmasından çox məmnun olduğunu deyən rəssam Patrisio Forester bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 16 may.- S.7.