Bakıda «Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi» mövzusunda beynəlxalq seminar-treninq keçirilir

 

Mayın 16-da "Hilton Baku" hotelində  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" mövzusunda beynəlxalq seminar-treninq işə başlamışdır.

AzərTAc xəbər verir ki, Ukrayna Milli Texniki Universiteti-"Kiyev Politexnik İnstitutu" (UMTU "KPİ")  ilə birgə təşkil olunmuş tədbir çərçivəsində "Qrant layihələrinin idarə olunmasının hüquqi aspektləri" üzrə keçirilmiş seminarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ölkənin ali təhsil müəssisələrinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, tanınmış mütəxəssislər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

 Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin dinamik inkişafından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin elmə, təhsilə göstərdikləri diqqət və qayğıdan danışmışdır.

E.Babayev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi üzrə strateji fəaliyyətdə uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, "bilik iqtisadiyyatı"nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (iş və xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi  göstərilmişdir. Eyni zamanda, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

Həmçinin ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsalat arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlərin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Konsepsiyaya əsasən, iqtisadi məqsəd və resurslar, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyənləşdirilməsi uzunmüddətli dövr üçün əqli mülkiyyətə dair Milli Strategiyada və müvafiq dövlət proqramında əksini tapan innovasiya potensialının inkişafına da kömək edəcəkdir.

İnkişaf konsepsiyasında müəyyən edilən vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasını tələb edir.

Qeyd olunmuşdur ki, yaxın illərdə qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi də tamamlanacaqdır.

Daha sonra E.Babayev  qrant layihələrinin idarə olunmasının hüquqi aspektləri barəsində geniş məlumat vermişdir.

Fondun icraçı direktoru  beynəlxalq treninqin tərəflər üçün uğurlu olacağına əminliyini bildirmiş, iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.

UMTU "KPİ"-nin "Diplomdan sonrakı təhsil" təhsil-metodiki kompleksinin direktoru İnna Malyukova birgə layihələrin əhəmiyyətini, EİF ilə səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. Azərbaycanda elmin sürətlə inkişaf etdiyini  söyləyən ukraynalı mütəxəssis bu işdə EİF-in fəaliyyətini xüsusi qeyd etmiş, onun təcrübəsinin ukraynalı alimlər və fondlar üçün örnək olduğunu bildirmişdir.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.

 Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov seminar-treninqdə çıxış edərək bildirmişdir ki, bugünkü tədbir ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmişdir. Məhz ulu öndərin uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaratmışdır. Keçmişi izah etmək üçün ilahi vergidən, bugünü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də təxminən iyirmi il əvvəl çəkmişdir. Tam əminliklə deyə bilərik ki, ümummilli lider  Heydər Əliyev Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısıdır. Onun zəngin irsi bizim üçün ən dəyərli əqli mülkiyyətdir. 

Rəhbərlik etdiyi qurum ilə Elmin İnkişafı Fondu arasında  əməkdaşlıqdan danışan K.İmanov demişdir ki, EİF-ə daxil olan bütün layihələr MHA-da qeydiyyatdan keçirilir və ortaya çıxan  suallar agentlik tərəfindən  müvafiq qaydada cavablandırılır.

MHA-nın sədri hər iki qurum arasında səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirmişdir.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Azərbaycanda elmin inkişafında, elm adamlarının əməyinin dəyərləndirilməsində, Milli Elmlər Akademiyasının yenidən qurulmasında və fəaliyyətinin genişləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişdir.

Ölkənin aparıcı universitetlərində elmin inkişafının təmin edilməsinin, universitetlərin nəzdində müvafiq sahələr üzrə elmi-tədqiqat institutlarının yaradılmasının əhəmiyyətini qeyd edən S.Xəlilov elm haqqında qanunun xalqın müzakirəsinə  verilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın gələcək inkişafının əsas təməl prinsipləri bu qanunda ehtiva olunacaqdır.

Alim təklif etmişdir ki, qanun layihəsi tezliklə ümumxalq müzakirəsinə çıxarılsın, elmin maliyyələşməsi məsələlərində dönüş yaratmaq məqsədi ilə yeni dəyişikliklər edilsin və bu proseslərdə EİF-in fəaliyyəti genişləndirilsin. 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin AMEA-ya böyük diqqət və qayğısından söz açmışdır. M.Qasımlı Azərbaycanda elmin inkişafında və dünya elminə inteqrasiyasında EİF-in fəaliyyətini yüksək dəyərləndirmiş, fondun daha böyük nailiyyətlər əldə edəcəyinə inandığını bildirmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, beynəlxalq seminar-treninq "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının elmin inkişafı sahəsində müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsi sahəsində atılmış addımlardan biri sayıla bilər və elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində böyük əhəmiyyət kəsb edir.

EİF-in yaradılmasında, formalaşmasında və fəaliyyətində bu quruma dəstək vermiş şəxslər, bəzi dövlət qurumları, idarə və təşkilatlar fondun diplomları ilə təltif olunmuşlar.

Tədbir çərçivəsində EİF ilə Ukrayna Milli Texniki Universiteti-"Kiyev Politexnik İnstitutu" arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənədi E.Babayev və İ.Malyukova imzalamışlar.

 Sonra "Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi" üzrə treninq öz işinə başlamışdır.  

Ukraynanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçirilən treninq  mayın 17-də başa çatacaqdır.

 

 

Azərbaycan.-2013.- 17 may.- S.4.