Xalqına və millətinə həsr olunan ömür

 

Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur.

 

Heydər ƏLİYEV

 

 

 Onun nümunəvi ömür yolu indiki nəsillərə örnəkdir. Hər bir insanın həyatında heç zaman unudulmayan, bütün ömrü boyu yaddan çıxmayan anlar çox az-az olur. Mənim həyatımda isə belə anlardan biri kimi akademik Əhməd Mahmudova müraciətimlə bağlı olan hadisələr heç zaman yaddaşımdan silinməyəcəkdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yuxarıda qeyd olunan müqəddəs kəlamlarından göründüyü kimi, hər bir insan yaşadığı ömür yolunun dəyərinə, eləcə də öz xalqına və vətəninə göstərdiyi xidmətlərə uyğun olaraq yaddaşlarda qalır. Əlbəttə, bu da onun necə yaşamasından, qoyub getdiyi həyat izlərindən daha çox asılı olur. Deməli, hər bir insanın düşüncələrdə, qəlblərdə və duyğularda yaşaması müddətinin davamlılığı əsasən yaşadığı dövrdəki əməlləri ilə səciyyələnir. Şərəfli ömür yoluna malik olanlar dünyadan köçərkən belə, cismani cəhətdən həyatda olmasalar da, sanki özündən sonrakı nəsillərdə yenidən doğulur, onların qəlbində böyük sevgi, unudulmaz məhəbbət hissi ilə yaşayırlar. Belələrindən biri də tanınmış iqtisadçı alim, yetirmələri, ardıcılları üçün halallıq və paklıq nümunəsinə çevrilən, nüfuzlu ziyalı, qeyrətli vətəndaş kimi tanınan akademik Əhməd Əkbər oğlu Mahmudov idi.

Tanınmış iqtisadçı alim, milli və mənəvi fədakarlıq nümunəsi, ləyaqətli və səmimi insan, iqtisad elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhməd Əkbər oğlu Mahmudov 1923-cü il may ayının 25-də Naxçıvan Muxtar Respublikasının müasir Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.

1942-1945-ci illər ərzində Böyük Vətən müharibəsində iştirak edən Əhməd Mahmudov 1950-ci ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Elə o vaxtdan etibarən onun taleyi və bütün elmi fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu ilə bağlı olmuşdur. 1958-1964-cü illərdə həmin institutun direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən etibarən ömrünün sonuna kimi isə direktor vəzifəsində çalışmışdır. 1956-cı ildə Moskva şəhərində namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.

Əhməd Mahmudovun bu elm mərkəzinə rəhbərlik etdiyi həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu nəinki respublika çərçivəsində, həm də keçmiş sovetlər məkanının bütün bölgələrində tanınmağa və şöhrətlənməyə başlamışdır.

Bu deyilənləri nəinki Milli Elmlər Akademiyasının onu yaxından tanıyan əməkdaşları, hətta Azərbaycan ictimaiyyətinin elmi potensialı da təsdiqləyə bilər.

Bir qədim Şərq məsəlində deyilir: "Əgər planın bir illikdirsə darı səp, on illikdirsə ağac ək, bir əsrlikdirsə insan tərbiyə et". Görkəmli iqtisadçı alim Əhməd Mahmudov öz fəaliyyətində bunların hamısını birləşdirmişdi: həm yaxın, həm orta, həm də uzaq məqsədlərə xidmət edirdi. Onun amalı müqəddəs idi, əməlləri sağlam, faydalı prinsiplər üzərində qoyulmuşdur. Əhməd müəllimin yaşam tərzi canlı bir məktəb idi, zəngin təcrübəsini gənclərə öyrətməyə böyük üstünlük verirdi. Hətta tanımadığı və ilk dəfə gördüyü bir insana da öz dəyərli məsləhətlərini verməyi, ona imkanları daxilində qayğı göstərməyi vətəndaşlıq borcu, insanlıq vəzifəsi sayırdı.

Akademik Əhməd Mahmudov əldə etdiyi hər uğura böyük zəhmət, yenilməz iradə hesabına nail olmuşdur. Alim başqalarını da ciddi fəaliyyətə cəlb etməyi bacarırdı. İnsanları yaxşı tanımaq qabiliyyəti və möhkəm yaddaş onun fenomenal xüsusiyyətlərindən idi. Gənclərə qayğı, ətrafdakılara mədəni münasibət, özünə və başqalarına qarşı dərin məsuliyyət hissi, məqsədi yolunda dönməzlik üzvi şəkildə qovuşaraq bu insanın şəxsiyyətinin aparıcı cizgilərinə çevrilmişdir. Şübhəsiz ki, bu, vətəninə, xalqına məhəbbətdən və insanlığa hörmətdən qidalanan keyfiyyətlər idi, onu ümumbəşəri maraqlara xidmət edən sivil bir alim kimi ölkəmizdə və xaricdə tanıdırdı.

Əhməd Mahmudov çalışdığı sahədə və ətrafda baş verən nöqsanlara həmişə təmkinlə yanaşırdı onları həll etməyə, daha çox baş verən gərginliklərin qarşısını almağa, vəziyyəti yaxşılaşdırmağa çalışırdı. Belə hallarda alim ittihamlara uymadan səmərəli əməkdaşlıq və sağlam rəqabət mühiti yaratmağa üstünlük verirdi. Əhməd müəllim iqdisadçı alimlər arasında həmişə mükəmməl obrazı ilə seçilir, özünəməxsus yüksəklikdə görünürdü. Bu üstünlüyün əsas səbəbləri onun elmi potensialı və idarəetmə məharəti idi. Bütün əmək fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olan Əhməd Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi üvzlüyünə qədər ardıcıl irəliləmiş, pillə-pillə yüksələ bilmişdi. Alim 1960-cı illərin əvvəllərindən sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdə həm də akademiyanın iqtisadiyyat, fəlsəfə, tarixhüquq bölməsinin akademik katibi vəzifəsini də məharətlə icra etmişdi. Əhməd müəllimin akademiya sistemində 40 ilədək əmək fəaliyyəti, 25 ildən artıq İqtisadiyyat İnstitutuna rəhbərliyi əsl elmi fədakarlıq idi. Bu böyük iqtisadçı alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədi və doktorlar yetişmişdir. Bu sahədə qazanılan çoxsaylı uğurlar, sözün əsl mənasında, ölkəmizdə iqtisad elmini yüksəklərə qaldırmışdı.

Respublikamızda mütərəqqi iqtisadçı alim, qurucu və təşkilatçı kimi şöhrətlənən akademik Əhməd Mahmudov keçmiş Sovet İttifaqında elmiictimai fəaliyyəti ilə tanınırdı. Bir çox gənc iqtisadçılar respublikamızdan kənarda Əhməd müəllimin ad-sanı, nüfuzu sayəsində sorğu-sualsız, müsbət qarşılanırdılar.

Yaxşı yadımdadır. Mixail Qorbaçovun respublikamıza riyakar və qərəzli münasibəti nəticəsində o zamanki Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indi isə dünya səviyyəli elm və tədris ocağına çevrilən Azərbaycan Dövlət İqtisad Universiteti) aparılan əsassız yoxlamaların nəticələri Sov. İKP MK-nın Siyasi Bürosunda müzakirəyə çıxarılmışdı. Artıq həmin dövrdə mənim iqtisad elmləri doktoru alimlik dərəcəsi almağa təqdim etdiyim dissertasiya işi dosenti olduğum bu ali müəssisənin bir sıra kafedralarında müzakirədən keçərək açıq müdafiə üçün elmi şuraya təqdim edilmişdi. Lakin Sov. İKP MK Siyasi Bürosunun qərarı ilə, həm də haqsız olaraq Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ləğv edilərək Voznesenski adına Leninqrad (Sankt-Peterburq) Maliyyə-İqtisad İnstitutunun filialına çevrilməsi respublikamızda elm inkişafı yolunda süni çətinlik və maneələr yaratmışdı. Dissertasiya Leninqrad Maliyyə-İqtisad İnstitutunun müvafiq kafedralarında yenidən müzakirə olunmalı və sonra qərar qəbul edilməli idi. Belə də oldu. O zaman Əhməd müəllimin ağıllı məsləhətləri mənə dözüm, ümid və iradə verdi. İki ilə qədər əlavə vaxt getsə də, böyük əziyyətlərlə üzləşsəm də, hər şey uğurla nəticələndi. Mən indi fəxr edirəm ki, Əhməd Mahmodovun müdrik tövsiyələri, xeyir-duası ilə respublikamızdan kənarda, həm də müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdim. Xüsusi olaraq qeyd etməliyəm ki, bütün bu çətinlikləri akademik Əhməd Mahmudovun sovet iqtisad elmindəki mövqeyi, nüfuzu və Azərbaycan elminə qazandırdığı mötəbərlik sayəsində uğurla dəf etdim. Onun " Sən dönməzliyini sübut etməlisən və sərt əngəllərə qalib gəlməlisən, respublikadan kənarda elmi müdafiə etmək ikiqat şərəfli və qiymətlidir" sözləri mənə güc verdi, bu işdə daha çox səfərbər oldum.

Cəsarətlə demək olar ki, yaşadığı dövrün bəzi üzdəniraq ənənələri Əhməd müəllimi də ağrıdır, qayğılandırırdı. O, yuxarıların tapşırıqlarından çox xalqımızın maraqlarına xidmət edirdi. Alim elmimiz və mənəviyyatımız üçün zərərli olan nə vardırsa, hamısına qarşı barışmaz idi, yetirmələrini də belə tərbiyələndirirdi. Elmi potensialı güclü, siyasi baxışları aydın, mənəvi-etik aləmi zəngin olan akademik Əhməd Mahmudov bu gün də hər bir azərbaycanlı üçün örnəkdir. Bu görkəmli elm adamının əziz xatirəsi onu tanıyanların, xüsusilə, iqtisadçı alimlərin qəlbində daimi olaraq yaşayır, adı və əməlləri məhəbbətlə, qədirbilənliklə anılır. Ən azı, ona görə ki, akademik Əhməd Əkbər oğlu Mahmudov öz doğmalarına, öz yaxınlarına rəva bilmədiyini özgələrə, hətta tanımadığı kənar adamlara da rəva bilməmişdir. O, hər bir insanın təkcə qələbəsinə və sevincinə deyil, həm də dərdinə, kədərinə və qəminə şərik olmağa çalışırdı.

Nümunəvi büllura bənzər həyat yolu keçmiş tanınmış iqtisadçı alim akademik Əhməd Əkbər oğlu Mahmudovun 25 may 2013-cü ildə anadan olmasının 90-cı ildönümü  tamam olur. Ümidvaram ki, Azərbaycanımızın müasir uğurları ilə fəxr edən hər bir vətən övladı bu müqəddəs tarixi günü də unutmayacaq və zaman keçdikcə akademik Əhməd Mahmudovun əziz xatirəsi onu tanıyanların qəlbində daha şirin düşüncələrlə daimi olaraq yaşayacaqdır.

 

 

Xanhüseyn KAZIMLI,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 17 may.- S.7.