Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş «İnformasiya təhlükəsizliyi problemləri» birinci respublika elmi-praktik konfransı işə başlamışdır

 

Mayın 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "İnformasiya təhlükəsizliyi problemləri" birinci respublika elmi-praktik konfransı öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda dövlət rəsmiləri, ölkənin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə aparıcı alim və mütəxəssisləri iştirak edir.

Tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd etmişdir ki, bu gün Azərbaycanda İKT sahəsində əldə olunmuş uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin bu sahəyə diqqətinin və müdrik siyasətinin nəticəsidir. Bu il 90 illik yubileyini qeyd etdiyimiz ümummilli liderin bu sahənin inkişafında böyük təşəbbüsləri əvəzedilməzdir.

A.Əlizadə 2013-cü ilin Prezident İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə bağlı Tədbirlər Planında nəzərdə tutulmuş vəzifələrin uğurla reallaşdırılması məqsədilə həyata keçiriləcək mühüm tədbirlərdən danışmışdır. Akademik informasiya cəmiyyətinə inteqrasiyanın müsbət tərəfləri ilə yanaşı, onun mənfi təzahürlərindən də söhbət açmışdır. A.Əlizadə müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığının get-gedə artdığını, kibertəhlükəsizliyin təmininin strateji məsələyə çevrildiyini vurğulamış, informasiya resurslarının dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunmasının zəruriliyini diqqətə çatdırmışdır.

Natiq bildirmişdir ki, hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır. Təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək vacib məsələlərdəndir.  

Konfransın  ənənəvi xarakter almasının zəruriliyini ifadə edən AMEA-nın prezidenti informasiya təhlükəsizliyi problemlərinin araşdırılması ilə bağlı akademiyanın qarşısında duran başlıca vəzifələrdən də bəhs etmişdir. Tədbirin alim və mütəxəssislərin bu sahədə elmi nailiyyətlərinin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Bildirmişdir ki, elektron vətəndaş cəmiyyətinin formalaşmasında qarşıya qoyulmuş hədəflərə çatmaq üçün dövlət qurumları, hüquq-mühafizə orqanları, alimlər, biznes sektorlarının birgə çalışması zəruridir.

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov qeyd etmişdir ki, bu gün dünyada informasiya təhlükəsizliyi getdikcə daha çox aktuallıq kəsb edir. Bunun əsas səbəbi həyatın bütün sahələrinin rəqəmsallaşdırılmasıdır. Artıq yeni elektron infrastrukturlar yaranır, onların əsasında bir çox təşkilatların əsas fəaliyyəti qurulur. Telekommunikasiyamobil rabitə şəbəkələri daha çox inkişaf etmişdir. Onlar informasiya strukturları olmaqla kibercinayətkarların hədəfinə çevrilmişlər. Televiziyanın inkişafı, rəqəmsal TV yayımına keçid etibarlı informasiya təhlükəsizliyi sistemlərinin təşkili məsələsinə diqqətli yanaşmanı tələb edir.

Nazir Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birlikdə informasiya təhlükəsizliyi üzrə yeni konsepsiya hazırladığını diqqətə çatdırmışdır.

Sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və başqaları  məruzə etmişlər.

Məruzələrdə elektron-hökumətin informasiya təhlükəsizliyinin təmin olunması üzrə fəaliyyət istiqamətlərindən, informasiya təhlükəsizliyinin elmi-nəzəri və texnoloji problemlərindən bəhs olunmuş, informasiya azadlığının insan haqlarının təmin olunmasında  mühüm komponent olduğu vurğulanmışdır.

İki gün davam edəcək konfransın "İnformasiya təhlükəsizliyinin humanitar problemləri" və "İnformasiya təhlükəsizliyinin texnoloji problemləri" üzrə bölmə iclaslarında informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinləniləcəkdir. İclaslarda internetdə informasiya təhlükəsizliyinin təmini, milli kibertəhlükəsizlik strategiyalarının analizi, iqtisadi təhlükəsizliklə informasiya təhlükəsizliyinin qarşılıqlı əlaqəsi, media-analitika və informasiya təhlükəsizliyi, e-dövlət mühitində dövlət sirrinin mühafizəsi, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması problemləri və s. məsələlər müzakirə olunacaqdır.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.4.