Kənd təsərrüfatı naziri Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər.

AzərTAc xəbər verir ki, mayın 17-də kənd təsərrüfatı  naziri İsmət Abasov "Aqrolizinq" ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinlərini qəbul etmişdir.

Əvvəlcə qəbul iştirakçıları "Aqrolizinq" ASC-nin Ucar rayonlararası təchizat bazasının həyətində kənd təsərrüfatı texnikalarına baxış keçirmiş və ölkəmizə gətirilmiş yeni 20 ədəd kombaynın təqdimatı olmuşdur.

Bölgə fermerləri Finlandiyada istehsal olunmuş taxılyığan kombayn "Sampo"nun xərclərə qənaət etməklə yüksək məhsuldarlıqla işləməsindən razı olduqlarını söyləmişlər.

Qəbulda bölgə rayonlarından olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmiş, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapmışdır.

Qəbula gələn vətəndaşlar yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

 

Azərbaycan.-2013.- 18 may.- S.5.