Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Latviya Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində olmuşdur

 

Mayın 17-də Riqada, Latviya  Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində  Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı  İlqar Abbasovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin nazirliyin dövlət katibi Aleksandr Antonovla görüşü olmuşdur.

 Görüşdə Latviya tərəfi inzibati-ərazi islahatları, polisentrik  inkişafın həyata keçirilməsi, yerli idarəçiliyin inkişaf strategiyası, mühəndis şəbəkələrinin renovasiyası, küçələrin kompleks abadlaşdırılması  ilə bağlı  üç təqdimat keçirmişdir. İçkilərin qablaşdırılması (plastik, şüşə və metal) depozit sistemlərinin aspektləri barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, belə bir sistemi tətbiq etmək  ətraf mühitin vəziyyətini yaxşılaşdırmaq, təbii ehtiyatların  qorunub saxlanmasına  kömək etmək məqsədi daşıyır.

Dövlət katibi A.Antonov adıçəkilən layihələri  şərh edərək  demişdir ki, məqsəd yeni ehtiyatlar  əldə etmək, maya dəyəri məsrəflərini minimuma endirməkdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İ.Abbasov Latviyaya dəvət edildiyinə görə  minnətdarlığını bildirərək nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə  uğurlar arzulamış, ətraf mühitin qorunub saxlanılması  nöqteyi-nəzərindən  onların əhəmiyyətini vurğulamışdır.

İ.Abbasov nazirliyin, yerli idarəçilik orqanlarının nümayəndələrini Bakıya dəvət edərək vurğulamışdır ki, hazırda  9 özünüidarəetmə orqanı ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. İcra hakimiyyətinin başçısı  vurğulamışdır ki,  əlaqələri bundan sonra da inkişaf etdirmək üçün  hər cür səy göstəriləcəkdir,

 

 

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan.-2013.- 18 may.- S.6.