Azərbaycan-NATO münasibətləri yüksək səviyyədədir

 

NATO-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Müxtəlif sahələr üzrə, o cümlədən təhlükəsizlik üzrə əməkdaşlıq uğurlu sayıla bilər. Əfqanıstana hərbi təchizatın daşınması ilə bağlı Azərbaycan ilə NATO arasında əlaqələr yaxşı səviyyədədir. Azərbaycan həm NATO, həm də Aİ ilə əməkdaşlıqdan faydalanır. Bu mənada "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq da xüsusi qeyd olunmalıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Rumıniya Prezidentinin strateji məsələlər və beynəlxalq təhlükəsizlik üzrə müşaviri İulian Kifu jurnalistlərə müsahibəsində bildirmişdir.

Dondurulmuş münaqişələrin bəzən unudulmuş münaqişələrə çevrildiyini diqqətə çatdıran İ.Kifu vurğulamışdır ki, bunun qarşısını almaq üçün mexanizmlər aşkar edilməlidir.

Müşavir demişdir: "Bu mənada NATO və Avropa İttifaqı Azərbaycanın da qəbul edə biləcəyi müəyyən mexanizmlər təklif edir. Aydın məsələdir ki, regionda separatist qüvvələr mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bir qədər çətindir, lakin imkanlar tükənməmişdir. Tərəflər arasında razılığın əldə olunması üçün imkanlar mövcuddur".

 

 

Azərbaycan.-2013.- 19 may.- S.7.