Azərbaycan ilə İran arasında münasibətlərin inkişafına dair səmərəli müzakirələr aparılmışdır

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və İran parlamentlərarası dostluq qruplarının nümayəndələri iştirak etmişlər.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişaf perspektivləri, münasibətlərimizin daha da möhkəmlənməsində parlamentlərin rolu barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının hərtərəfli inkişafı, dövlətimizin qüdrətlənməsi, xalqımızın rifah halının yaxşılaşması istiqamətində görülən işlərdən danışan A. Paşazadə bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə insan hüquqları və dini etiqad azadlığı tam təmin olunmuşdur.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə məscidlərin təmiri, yenidən qurulması, ziyarətgahların bərpası xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Əli Laricani qeyd etmişdir ki, ölkələrimiz arasındakı qədim tarixi olan əlaqələrin dinamik inkişafı xalqlarımızın ümumi maraqlarını əks etdirir.

Görüşdə əlaqələrimizin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 21 may.- S.5.