Tarix: metodoloji və ideoloji əsaslar

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" ("Azərbaycan" qəzeti, 5 dekabr 2012-ci il) və "Tarixi idrakın elmiliyi problemlərinə dair" ("Azərbaycan" qəzeti, 26 aprel 2013-cü il) adlı məqalələrində irəli sürülmüş bir sıra ideyaların nəzəri-fəlsəfi aspektdə müzakirəsi, tarixin fəlsəfi əsaslarının formalaşdırılması, tarix ilə fəlsəfə arasında əks əlaqə münasibətlərinin yaradılması günümüzün aktual vəzifələrindən birinə çevrilmişdir.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "tarix elminin vəziyyəti daha çox ilkin fəlsəfi şərtlərdən asılıdır". Yəni milli fəlsəfi əsaslar yaradılmadan tarixin falsifikasiyalardan təmizlənməsi və milli maraqlarımızın təmin edilməsi mümkün deyil.

Həm də bu deyilənlər təkcə tarixə və tarixçilərə aid deyil. Bizcə, tarixin milli özünüdərk prosesində əvəzsiz rolunu nəzərə alaraq onun metodoloji əsaslarının formalaşdırılması üçün fəlsəfi tədqiqatların da bu istiqamətdə səfərbər olunmasına böyük ehtiyac vardır.

 

Metodoloji təməllər

 

Akademik Ramiz Mehdiyevin məqalələri tarixin metodoloji əsasları, tarixdə elmilik şərtləri, tarixi ideyanın fəlsəfi təməlləri haqqında bir əsərdir. Bu məqalə ona görə yazılıb ki, indi bizdə tarixi araşdırmaların aktuallığı getdikcə artır. Amma gərək bu araşdırmalar düzgün təməllər və metodoloji əsas üzərində qurulsun. Eyni zamanda burada məqsəd sadəcə hadisələrin empirik təsviri, hətta nəzəri ümumiləşdirilməsi də yox, bütövün bir hissəsi kimi nəzərdən keçirilməsidir. Hansısa konkret bir məsələnin yerini, onun əhəmiyyətini ancaq hadisələrin daha geniş zaman və məkan kontekstində araşdırılması sayəsində müəyyənləşdirə bilərik. Yəni zaman və məkan müəyyənliyi olan hər hansı bir lokal hadisə ayrılıqda deyil, bir xalqın bütöv tarixi kontekstində götürülərkən, xalqın bu gün gəlib çatdığı səviyyədən baxarkən daha düzgün aydınlaşdırıla bilər. Burada K.Marksın irəli sürdüyü bir metodoloji prinsip yada düşür: əgər  təkamül prosesi gedirsə, ən yüksək mərhələ əvvəlkilərin öyrənilməsi üçün, bir növ, açar rolunu oynayır. Məsələn, xalqın gəlib çatdığı müasir inkişaf səviyyəsi əvvəlki mərhələlərdə olan mütərəqqi əlamətləri, cəhətləri də özündə saxlayır. Çünki bir xalqa tarixən məxsus olan cəhətlər bu gün də onun strukturuna daxildir. Bütövün öyrənilməsi ona görə önəmlidir ki, bütövü öyrəndikdən sonra məhz bu xalqa aid olan cəhətlərin tarixi keçmişdə də identifikasiyası mümkündür. Bu tipli məsələlər üçün ciddi fəlsəfi əsas olmalıdır. Ramiz müəllim də buna görə tövsiyə edir ki, tarixçilər fəlsəfəni öyrənməlidirlər. Tarixi araşdırmalar, müəyyən dövrün tarixi təsviri elmi əsaslara söykənməkdən əlavə, həm də geniş fəlsəfi dünyagörüşü üzərində qurulmalıdır.

Bizim tarixşünaslığımız o mərhələyə gəlib çatıb ki, indi artıq qarşımızda daha ümumi, daha fundamental prinsiplər üzərində tarixi prosesin bütöv mənzərəsini çəkmək vəzifəsi durur, Azərbaycan tarixinin bir sistem kimi təqdim olunması zərurətə çevrilib.

Hər hansı bir dövrdəki tarixi hadisə haqqında daha düzgün, dolğun və obyektiv bir mövqe nümayiş etdirmək üçün əvvəl gərək bizim bu barədə mövqeyimiz də formalaşsın. Bu mövqe isə hissənin yox, ancaq bütövün öyrənilməsindən hasil ola bilər. Ona görə də bu zərurətdən çıxış edərək akademik Ramiz Mehdiyev öz son elmi məqaləsində tam və hissənin dialektikasını açır və göstərir ki, hissə haqqında bilgilər həqiqəti tam əks etdirə bilməz. Əgər bütöv bilinmirsə, hələ öyrənilməyibsə, hissə haqqında biliklərlə həqiqəti göstərə bilmərik. Fəlsəfə də məhz bu mənada lazımdır. Çünki fəlsəfə istənilən bir hadisəni, gerçəkliyi onun bütövlüyündə, ən ümumi şəkildə əks etdirə bilir. Daha doğrusu, əgər hər hansı bir tarixçi bu cür dərinlərə gedirsə, özü də bilmədən artıq fəlsəfi tədqiqat mərhələsinə gəlib çatmış olur. Və bu mərhələdə onun fəlsəfi savad dərəcəsi önəmli rol oynayır.

Tarixi tədqiqatın davamı tarix fəlsəfəsinə keçiddir. Azərbaycanda indiyə qədər tarix fəlsəfəsi çox zəif olub, ayrıca öyrənilməyib və yaxud milli məfkurə, milli özünüdərk müstəvisində götürülməyib. Çünki tarix fəlsəfəsi indiyə qədər öyrəniləndə də Avropa və ya rus müəlliflərinin əsərlərindən sitatlar şəklində araşdırılıb. Amma Azərbaycan tarixi gerçəkliyi, Azərbaycanda gedən tarixi proseslər tarix fəlsəfəsi kontekstində öyrənilməyib. Biz tarix fəlsəfəsinə tarixin araşdırılmasının daha yüksək mərhələdə davamı kimi gəlib çata bilərik. Buna görə də akademik Ramiz Mehdiyevin məqalələrində irəli sürülən ideyalarla daha iki nəticə hasil olur. Birincisi, tarix fəlsəfəsinin Azərbaycanda fundamental və geniş şəkildə öyrənilməsi zərurəti vurğulanır; ikincisi, ayrıca tarixçilər və ayrıca fəlsəfəçilər deyil, tarixçilər və fəlsəfəçilərin bu məsələdə birgə fəaliyyətinin təmin edilməsi önə çəkilir. Əgər buraya ədəbiyyat və dil sahəsindəki çalışmaların da tarixi kontekstini əlavə etsək, deməli, burada ümumiyyətlə ictimai və humanitar elmlərin əlaqələndirilməsi və vahid metodoloji əsas üzərində öyrənilməsi vəzifəsi qarşıya qoyulur.

Mənə elə gəlir ki, akademik Ramiz Mehdiyev öz məqalələrində qarşısına tariximizin hansı isə dövrünü və ya hansı isə konkret tarixi hadisələri məhz bir tarixçi kimi yenidən yazmaq vəzifəsini qoymur və eyni zamanda hamı üçün məcburi olan son söz də demək niyyətində olmamışdır. Mən bunları ona görə vurğulayıram ki, bəziləri onun məqaləsindəki ayrı-ayrı fikirləri, cümlələri götürüb onları təfərrüatçılığın, "hərfi mollalığın" predmetinə çevirmək istəyirlər. Kimlərsə hər cümləni oxla qarşılayır və kimlərsə onu ehkama çevirməyə çalışır. Ramiz Mehdiyev özü isə ehkamçılığın əleyhinə olub, diskurs tərəfdarıdır - amma məhz elmi-fəlsəfi diskurs. Əsərdən görünür ki, müəllif tarixi təfərrüatlara iddialı deyil. O, diqqəti hadisələrin həqiqiliyindən daha çox, metodun həqiqiliyinə yönəldir, tarixi düşüncənin, yanaşma üsulunun, fəlsəfi təməlin və ideoloji kursun nümunəsini verməyə çalışır. O, tarixə elmi-fəlsəfi yanaşmanın bir nümunəsini göstərir və tədqiqatçıları da öz işlərini elmi-fəlsəfi idrak müstəvisində davam etdirməyə səsləyir. Tariximizin neçə əsrlər ərzində başqaları tərəfindən yazıldığı və saxtalaşdırıldığı bəllidirsə, qarşıda emosiyalara uyaraq bir saxtakarlığa başqa saxtakarlıqla "cavab vermək" yox, əsl elmi həqiqəti ortaya çıxarmaq və ancaq elmi-fəlsəfi idrak metodlarına istinad etmək tələbi qoyulur. Onun əsl məqsədi tarixi tədqiqatlara yeni metodoloji baxışın əsas  prinsiplərini təqdim etmək, tariximizi fəlsəfi təməl üzərində yenidən nəzərdən keçirmək və yeni nəslin tarixlə tərbiyəsinin düzgün yönləndirilməsinə nail olmaqdır.

 

İdeoloji təməllər

 

 Hər bir millət inkişaf etdikcə sanki boy atır və gələcəyi daha aydın görməyə başlayır. Lakin maraqlı burasıdır ki, tək gələcəyə yox, keçmişə də yeni baxış bucağı açılır. Özünü dərk etmək həm də kökünü, mənşəyini, genetik kodları dərk etməkdir. Necə ki, insanın dəyərləndirilməsi birinci növbədə əsil-nəcabətin öyrənilməsindən başlanır, eləcə də hər hansı bir xalqa və ya dövlətə münasibət onun tarixinə münasibətdən başlanır. "Ot kökü üstə bitər", "Su axan yerdən bir də axar" məntiqi aşkar və ya qeyri-aşkar şəkildə ölkələrə və xalqlara da tətbiq olunur.

Yəni hər hansı bir xalq istəsə də, istəməsə də, öz tarixinin ona yaratdığı imicin daşıyıcısıdır və onun bədəlini ödəmək məcburiyyətindədir. Elə isə bu tarixi təhriflərdən azad şəkildə, olduğu kimi mənimsəyərək ona sahib çıxmaq və onun təkcə bədəlini ödəmək deyil, həm də faydasını görmək, ondan dividend götürmək daha məqsədəuyğun görünür.

Biz tarixin bir hissəsiyik. Lakin eyni zamanda tarix də bizim bir hissəmizə çevrilməli, şüuri və ya qeyri-şüuri səviyyədə bizim bütün fəaliyyətimizin əsasında duran amillərdən biri kimi çıxış etməlidir.

Xalq öz mənəvi-psixoloji energetik potensialını səfərbər edə bilmək üçün hər şeydən əvvəl  milli maraqlara söykənməlidir. Milli kimliyin identifikasiyası və milli-mədəni dəyərlərin qorunub-saxlanması, mühafizəsi vəzifəsinin uğurla yerinə yetirilməsinə ən böyük töhfəni isə tarix verə bilər. Ancaq müstəqillik əldə edildikdən sonra, əslində yalnız son illərdə ölkəmizdə tarixşünaslıq özünün heç vaxt olmadığı qədər geniş və hərtərəfli inkişaf dövrünü yaşayır.

Nə qədər paradoksal görünsə də, hadisənin baş verdiyi tarixdən uzaqlaşdıqca onun elmi-tarixi şərhi üçün daha böyük imkanlar açılır. Çünki müasir tədqiqat ilk mənbələri nəzərə almaqla bərabər, hadisələrin sonrakı gedişatından, düyünlərin zaman oxunda açılmasından daha çox yararlanır və digər tərəfdən, bütün sonrakı tədqiqatları da ilk mənbələrlə bərabər, yenidən ümumiləşdirmək imkanı əldə edir. Lakin bununla belə, bu gün tarixin metodoloji və fəlsəfi səviyyədə əsaslı surətdə yenidən nəzərdən keçirilməsinə ehtiyac yaranmışdır. Akademik Ramiz Mehdiyev öz məqaləsində elmi ictimaiyyətin diqqətini tarixşünaslıq qarşısında duran vəzifələrə yönəldir. O, "Tarixi idrakın elmiliyi problemlərinə dair" məqaləsində yazır:  "Biz uzun əsrlər boyu bu və ya digər iri dövlətlərin tərkibinə daxil olmuşuq, nəhayət, XX əsrin axırlarında dövlət müstəqilliyi qazanmışıq. Bu da bizə milli tariximizə kənar diktat olmadan, müstəqil surətdə nəzər salmağa imkan verir. Nəticədə bu gün tarixi idrakda bütünlükdə tariximizin, həmçinin ayrı-ayrı tarixi hadisələrin ənənəvi təhlili və izahı metodologiyasının yeni tənqidi qiymətləndirilməsi baş verir".

Belə düşünsək ki, kommunist ideologiyasından imtina etdikdən sonra onun yerinə hər hansı bir ideologiya hələ formalaşmamışdır, - səhv olardı. Çünki artıq 20 ildir ki, davam edən məqsədyönlü dövlət quruculuğu prosesi, heç şübhəsiz ki, müəyyən bir milli ideoloji kurs üzərində qərar tutur və bu barədə akademik Ramiz Mehdiyevin də, bu sətirlərin müəllifinin də xeyli əsərləri vardır. Bu əsərlərdə milli ideologiyamızın və ölkəmizin seçdiyi inkişaf kursunun ilk növbədə böyük siyasi lider və mütəfəkkir Heydər Əliyevin fikirləri əsasında formalaşdığı qeyd edilmişdir. Yəni, dövlət quruculuğu prosesini dayandırıb, gəlin öncə milli ideologiyamızı işləyib-hazırlayaq, - demək olmazdı. Bu məsələdə Heydər Əliyevin siyasi intuisiya və uzaqgörənliyi böyük rol oynamışdır. Bizim də bir tədqiqatçı kimi əsas işimiz onun fəhm və təcrübə əsasında qəbul etdiyi qərarların həm də müəyyən bir konseptual təmələ malik olduğunu göstərməkdən ibarət olub. İndi bir sıra sahələrdə keçid dövrü əsasən başa çatdıqdan və elmi araşdırmalar üçün meydan açıldıqdan sonra bu araşdırmaların ən aktual istiqamətlərini müəyyənləşdirmək və eyni zamanda tarixlə müasirlik arasında daxili rabitəni tənzimləmək üçün fundamental və istiqamətləndirici əsərlərə böyük ehtiyac vardır. Yəni öncə fəlsəfi və metodoloji təməl formalaşmalıdır. Və akademik Ramiz Mehdiyevin belə ağır və məsuliyyətli bir işi üzərinə götürərək təkcə siyasətşünaslığı deyil, həm də tarixi tədqiqatları milli fəlsəfi fikir zəminində yönləndirmək təşəbbüsü çox cəsarətli bir addımdır. Əlbəttə, tarixi tədqiqatların yönləndirilməsi deyərkən, heç də tarixin elmiliyini şübhə altına almaq məqsədimiz yoxdur. Lakin hər bir tarixi tədqiqat məkan və zaman baxımından lokal problemlərə həsr olunduğundan onun daha böyük miqyaslı proseslər kontekstində nəzərdən keçirilməsinə ehtiyac var. Yəni gerçək tarixin və ya başqa sözlə desək, əsl tarixi həqiqətlərin üzə çıxarılmasında israrlı olmalıyıq.

Akademik Ramiz Mehdiyev bu əsərində diqqəti tarixin fəlsəfi, metodoloji və ideoloji aspektlərinə yönəltməklə bu sahənin necə taleyüklü bir sahə olduğunu vurğulayır və bütün intellektual-elmi potensialın bu sahəyə yönəldilməsi zərurətini qeyd edir. Yəni bədnam qonşularımızdan fərqli olaraq, bizim tarixi saxtalaşdırmaq niyyətimiz yoxdur; çünki buna heç ehtiyacımız da yoxdur. Biz sadəcə öz gerçək tariximizə sahib çıxa bilsək, bu, ən böyük uğur olardı.

 

Kəsilən və kəsilməz tarix

 

Tarix, əlbəttə, baş vermiş bütün hadisələrin sadəcə xronikası və ya salnaməsi deyil. Nəinki hər bir dövlətin, hər bir xalqın, tayfanın, şəhərin, kəndin, hətta hər bir insanın yaşadığı həyat, iştirak etdiyi hadisələr sonsuz dərəcədə müxtəlif və zəngindir. Lakin tarixə düşən, tarixləşən hadisələr onların sonrakı ictimai proseslərə təsir gücü ilə müəyyən olunur. Bu hadisələr də, təbii ki, bütün təfərrüatı və zənginliyi ilə deyil, məhz gələcək nəsil üçün əhəmiyyət kəsb edəcəyi dərəcədə ümumiləşmiş halda təsvir olunur.

Dövlətlər yarandıqdan sonrakı dövrdə tarixin predmeti daha da konkretləşir. Belə ki, fərdlə bəşəriyyət arasındakı böyük çoxrəngli spektrin ancaq konkret rənglərini, ancaq konkret miqyaslı hadisələri seçib öyrənir. Sivilizasiyanın tarixi, mədəniyyətin tarixi, müharibələrin tarixi, təsərrüfatın, siyasətin, diplomatiyanın, hüququn, dinin, elmin, texnikanın, ədəbiyyatın və s. və s. tarixləri ayrılaraq müstəqil tədqiqat sahələrinə çevrilir. Yerdə bir böyük, əsas tarix qalır. Buna bəzən mülki tarix, bəzən ümumi tarix, çox vaxt isə sadəcə tarix deyilir. Lakin bu tarixin predmeti hələ də tam, dəqiq müəyyənləşməmişdir. Bir çox tarixçilər bəşər tarixini yazarkən dövlətlərarası münasibətlərin hadisə tərəfinə və ilk növbədə müharibələrə üstünlük verirlər. Halbuki müharibələr əsasən dağıdıcı rol oynamaqla bu və ya digər xalqın kəsilməz inkişaf yolunda maneələr yaradır və ya onun nəticəsində inkişaf ya müvəqqəti, ya da həmişəlik dayanır. Bu mənada öz məntiqi və ya qeyri-məntiqi sonluğuna çatmış, yekunlaşmış və ya yarımçıq qalmış milli-ictimai inkişaf prosesləri də tarixə düşür. Tarixə düşür, lakin sonrakı ictimai inkişaf proseslərinə, onların strukturlarına daxil olmur.

Kəsilən və kəsilməz tarixlərin müqayisəsi geniş, çoxsahəli təhlil tələb edir. Biz bu məqalədə ancaq bir konkret istiqamət üzərində dayanacağıq. Bu, məhz dövlətlərin və dövlətçiliyin tarixi məsələsidir. Tarix fənni əsasən dövlətlərin tarixini öyrəndiyi halda, dövlətçiliyin, dövlətçilik ənənələrinin tarixi daha çox dərəcədə tarix fəlsəfəsinin predmetinə daxildir. Çünki burada maddi hadisələrdən daha çox sosial-mənəvi proseslər və onlar arasındakı varislik əlaqələri öz əksini tapır.   

Sivilizasiyanın ən mühüm şərtlərindən biri məhz kəsilməz tarixdir. Belə ki, cəmiyyətin inkişafında qazanılan hər hansı bir nailiyyət sonradan davam etdirilmirsə, o, böyük müddət intervalında tarixi prosesə daxil ola bilmir. Tarix ancaq formal olaraq, baş vermiş bütün hadisələri xronoloji ardıcıllıqla təsbit edir, lakin ardıcıllıqla təsvir olunan hadisələrin öz real daxili əlaqəsi olmaya da bilər. Halbuki olub-keçmiş, tarixdə qalmış hadisələrdən fərqli olaraq, bütün sonrakı hadisələrə təsir göstərən, onların əsasında dayanan hadisələr də vardır. Belə hadisələr xronoloji tarixə düşməsindən asılı olmadan real ictimai inkişaf prosesinə və müasir ictimai gerçəkliyin strukturuna daxil olur. Bu baxımdan antik fəlsəfədə "xronos" adlandırılmış zaman ölçüsündəki tarixdən fərqli olaraq, "keyros" adlandırılmış zaman ölçüsündəki tarix müasir gerçəkliklə bilavasitə bağlıdır.     

Avropanın yeni tarixində də bəzi ölkələrin timsalında əsas inkişaf xəttindən kənaraçıxma hallarına, tarixin kəsilməsi faktlarına rast gəlirik. Məsələn, müharibələr və inqilablar əsasən kəsilmə dövrlərinə aid edilə bilər. Lakin kəsilmə müddəti kiçik olduqda, xüsusən bir insan ömrü ilə müqayisədə kiçik olduqda tarixin kəsilməzliyinə mane ola bilmir. Daha böyük kəsilmə dövrləri bir xalq, bir ölkə öz inkişaf yolundan ayrılaraq başqa ölkənin təsiri altına düşərkən, yad iradəyə və ya yad ideologiyaya tabe etdirilərkən baş verir. Böyük imperiyalar kiçik ölkələri obyektiv inkişaf yolundan ayırıb öz iradəsinə tabe etdirir. Hər hansı ölkənin müstəmləkəyə çevrilməsi onun tarixində uzunmüddətli kəsilmə dövrü yarada bilər ki, bu da tarixi yaddaşın və dövlətçilik ənənələrinin qismən və ya tamamilə itməsinə səbəb ola bilər. İkinci dünya müharibəsindən sonra Mərkəzi və Şərqi Avropa ölkələrinin bir qismi Sovet imperiyasının təsiri ilə ənənəvi inkişaf yolundan çıxarılaraq kommunist ideologiyası çərçivəsinə salındı. O cümlədən SSRİ-nin tərkibinə daxil olan Baltikyanı respublikalarda da kəsilmə müddəti XX əsrin ortalarından başlayaraq 90-cı illərə qədər davam etdi. Lakin qırx illik müddətdə tarix hələ tam kəsilməmişdi. Ona görə də Şərqi Avropa ölkələrində və Baltikyanı respublikalarda əvvəlki ictimai inkişaf yoluna qayıdış, dövlətçilik ənənələrinin bərpa olunması nisbətən asan həyata keçdi. Digər sovet respublikalarında isə bu qayıdış prosesi daha ağrılı və daha təbəddülatlı oldu. 

Azərbaycanda dövlətçilik ənənələrinin qədim tarixi vardır. Lakin bu tarix dəfələrlə qırılmış və yenidən bərpa olunmuşdur. Bu gün onun vahid, bütöv proses kimi təsəvvür olunması çox çətindir. Lakin Azərbaycan ərazisindəki qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, parçalanmalarına rəğmən hər halda müstəqil dövlət qurumları olmuş xanlıqlar da və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti və hətta Azərbaycan Sovet Sosialist Respublikası da milli dövlətçiliyin ayrı-ayrı müstəqil məqamları və təzahürləri olmaqla yanaşı, həm də vahid, böyük bir tarixi prosesin hissələridir. Əlbəttə, təəssüf ki, bu böyük tarixi proses heç də bütöv, kəsilməz bir hadisə deyil. Lakin ayrı-ayrı tarixi hadisələrin sadəcə toplusu da deyil. Bu tarixi hadisələr, tarixin müxtəlif dövrlərində yaranmış və müəyyən müddət ərzində fəaliyyət göstərmiş müstəqil dövlət qurumları arasında bilavasitə tarixi varislik olmasa da, milli-mənəvi, mədəni varislik mövcuddur ki, bunlar da dövlətçiliyin nisbi kəsilməz mənzərəsini yaratmağa və dövlətçilik ənənələrinin nə vaxtsa güclənən və nə vaxtsa arxa plana keçən, lakin həmişə real və ya virtual formada yaşamaqda davam edən bütöv proses kimi dəyərləndirilməsinə imkan verir.

 

 

(Ardı var)

 

Səlahəddin XƏLİLOV,

AMEA-nın müxbir üzvü,

Professor

 

Azərbaycan.-2013.- 22 may.- S.6.