Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı keçirilmişdir

 

Mayın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının X konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, təşkilatın sədri professor Zahid Qaralov tədbiri açaraq demişdir ki, konfransda partiyanın mərkəzi aparatında qəbul edilmiş təlimata əsasən YAP-ın V qurultayına hazırlığın vəziyyəti müzakirə olunacaq, qurultaya nümayəndələr seçiləcəkdir.

Bildirilmişdir ki, YAP qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı böyük işlər görür. Partiyanın hazırladığı seçki proqramına uyğun olaraq bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. Artıq xeyli müddətdir ki, YAP-ın bütün strukturları, partiyanın fəalları, rayon təşkilatının əməkdaşları qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə səfərbər ediliblər. YAP-ın seçki kampaniyasının uğurunu təmin edəcək həlledici amil partiyamızın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsidir. Bütün proseslərin təhlili göstərir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir və seçkilərə qalan müddət azaldıqca, Azərbaycan cəmiyyətində İlham Əliyevin namizədliyinin dəstəklənməsi əhval-ruhiyyəsi özünü daha aydın şəkildə göstərir.  Z.Qaralov qeyd etmişdir ki, YAP Səbail rayon təşkilatı bundan əvvəlki seçkilərdə olduğu kimi, növbəti kampaniyaya da ciddi şəkildə hazırlaşır və bütün resurslarını seçki kampaniyasının daha uğurlu şəkildə həyata keçirilməsinə səfərbər edəcəkdir. Seçki kampaniyasını uğurla başa vurmaq üçün üzərimizə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcəyik.

Daha sonra prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunmuş, partiyanın V qurultayına nümayəndələr seçilmişdir.

Konfransda cari və təşkilati məsələlərə də baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 22 may.- S.6.