Moskva Dövlət Universitetində «Öndə addımlayan. Heydər Əliyevin 90 illiyinə. 1923-2013» kitabının təqdimatı keçirilmişdir

 

Mayın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində Heydər Əliyev Fondunun və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə nəşr edilmiş "Öndə addımlayan. Heydər Əliyevin 90 illiyinə. 1923-2013" kitabının təqdimatı keçirilmişdir.

Kitabın müəllifləri MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev, universitetin dosenti Gennadi Bordyuqov, tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və Moskva Dövlət Linqvistika Universitetinin kafedra müdiri Alan Kasayevdir. Kitabda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü dünyanın ən tanınmış siyasətçilərinin rəyləri və əvvəllər dərc edilməmiş sənədlər əsasında hərtərəfli açıqlanır. Nəşrdə Azərbaycan Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının, Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin  əvvəllər dərc edilməmiş materialları, Sov.İKP MK Siyasi Bürosunun "məxfidir" qrifi altında saxlanılan sənədləri, XX əsrin məşhur siyasətçiləri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi şəxsən tanıyan Leonid Kuçma, Ditrix Genşer, Şimon Peres və başqaları ilə müsahibələrdən istifadə edilmişdir.

MDU-nun tarix fakültəsinin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi açılmışdır.

Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekanı Sergey Karpov mərasimi açaraq vurğulamışdır ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında, həmçinin Azərbaycan ilə Rusiya arasında bu gün uğurla inkişaf edən mehriban münasibətlərin təşəkkülündə çox böyük rol oynamışdır. "Bu kitab həmin münasibətlərin nəticəsidir", - deyən S.Karpov qeyd etmişdir ki, MDU-nun tarix fakültəsinin əməkdaşlarının və onların azərbaycanlı həmkarlarının iştirakı ilə ərsəyə gəlmiş bu kitab tarix elminə töhfə olacaqdır.

MDU-nun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi mərasimdə çıxış edərək Heydər Əliyevlə şəxsi görüşləri barədə danışmış, onun haqqında xatirələrini bölüşmüşdür. V.Sadovniçi demişdir ki, Heydər Əliyev Moskva Dövlət Universitetinin həm fəxri doktoru, həm də fəxri professoru adına layiq görülmüş nadir şəxsiyyətlərdən biridir. "Bu kitab Rusiyanın böyük dostuna həsr edilmişdir. Heydər Əliyevin əsas məqsədi güclü müstəqil Azərbaycan qurmaq idi və o öz məqsədinə nail oldu", - deyən rektor ona ötən il Ümumrusiya Azərbaycan Konqresinin təsis etdiyi Heydər Əliyev mükafatının verilməsinə görə minnətdarlığını bildirmiş, bunu yüksək qiymətləndirdiyini demişdir. Rektor vurğulamışdır: "Heydər Əliyev mükafatına layiq görülmək mənim üçün şərəfdir".

V.Sadovniçi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə İttifaqlar Evinin Sütunlu salonunda keçirilmiş yubiley gecəsindən söhbət açaraq qeyd etmişdir ki, Leyla Əliyevanın babası Heydər Əliyev haqqında çıxışı, onunla bağlı səmimi xatirələri, ona həsr etdiyi gözəl şeiri Azərbaycan xalqının ümummilli liderinin portretinin indiyə qədər məlum olmayan ştrixlərini - nəvələrini böyük məhəbbətlə sevən baba obrazını canlandırmışdır. Viktor Sadovniçi demişdir: "Çoxları deyir ki, əgər Heydər Əliyev bugünkü Bakını görsəydi, yəqin ki, çox məmnun olardı. Bakı bənzərsiz şəhərdir. Bu da Heydər Əliyevin işlərinin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ölkənin inkişafına və firavanlığına yönəlmiş siyasətini uğurla davam etdirir. Bu, Azərbaycan xalqının böyük uğurudur".

Moskva Dövlət Universitetinin Bakıda filialının açılmasını yüksək qiymətləndirən akademik V.Sadovniçi bunu Prezident İlham Əliyevin xalqlarımız arasında humanitar əlaqələrin və dostluğun inkişafına göstərdiyi yüksək diqqətin təzahürü kimi qiymətləndirmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin prezident olduğu dövrdə ölkə hökumətində işlədiyi illər, ulu öndərin gənc kadrlara münasibəti, ölkənin modernləşməsinə və çiçəklənməsinə yönəlmiş uzaqgörən siyasəti barədə söhbət açaraq demişdir: "Heydər Əliyev haqqında çoxlu əsərlər yazılır, sənədli filmlər çəkilir. Çünki Heydər Əliyev elə şəxsiyyətdir ki, onun barəsində hələ uzun müddət yazılacaq, onun irsi tədqiq ediləcəkdir". Səfir yeni kitabın müəlliflərini təbrik edərək demişdir: "Kitab çox maraqlıdır və mənim fikrimcə, onun qeyri-adi formatı tapılmışdır. Ulu öndərin həyatı ilə bağlı indiyə qədər məlum olmayan faktları öyrənmək maraqlıdır. Bu baxımdan uzun illər ulu öndər Heydər Əliyevlə birgə çalışmış, onun quruculuq fəaliyyətinin nəzəriyyə səviyyəsində tədqiq edilməsində böyük xidmətləri olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin dərin məzmunlu məqaləsinin bu qiymətli nəşrdə yer alması müəlliflər tərəfindən Heydər Əliyev fenomeninin kompleks şəkildə dərkinə səy göstərdiklərinin əyani təsdiqidir".

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının üzvü, UNESCO məsələləri üzrə komissiyanın sədr müavini Aleksandr Dzasoxov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar, MDU tarix fakültəsinin dekan müavini, postsovet məkanında ictimai-siyasi proseslərin tədqiqi üzrə informasiya təhlil mərkəzinin baş direktoru, kitabın müəlliflərindən biri olan Aleksey Vlasov və digər çıxışçılar ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın təşəkkülündə və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin inkişafında rolu barədə danışmışlar.

"Öndə addımlayan. Heydər Əliyevin 90 illiyinə. 1923-2013" kitabının müəllifləri bu nəşrin ərsəyə gəlməsinə kömək edənlərə minnətdarlıqlarını bildirmiş və onun nüsxələrini imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə etmişlər.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 22 may.- S.7.