Odessada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumu öz işini uğurla başa çatdırmışdır

 

Forumda prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilmişdir

 

Mayın 21-də Odessada Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) III Ümumukrayna forumu öz işini uğurla başa çatdırmışdır.

İkigünlük forumda 15 ölkədən, o cümlədən Azərbaycan, Ukrayna, Avropa dövlətlərindən 400 nümayəndə iştirak etmişdir.

Forumun ikinci iş günü Odessanın "Bristol" mehmanxanasının konfrans salonunda Azərbaycanın və Ukraynanın gənclər təşkilatlarının görüşü ilə açılmışdır. "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və layihələrin rəhbəri Arzu Bəbirova, Ukrayna Gənclər Forumu başçısının müavini Anatoli Polovinets, Azərbaycan Könüllülər İctimai Birliyinin rəhbəri İmaməddin Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Məhəmmədəli  Xudaverdiyev, UAGB sədrinin müavini İlhamə Allahverdiyeva, Ümumukrayna Gənclər Assambleyasının başçısı Yana Şıxəliyeva təqdimatlarla çıxış etmişlər.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş üçüncü  iclas keçirilmişdir. İclasda Milli Məclisin deputatı Ceyhun Osmanlı, ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Nemət Nağdəliyev və ASAİF-in baş katibi Vüsal Qurbanov çıxış etmişlər.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovun moderatoru olduğu iclasda münaqişənin tarixi, danışıqlar prosesinin cari vəziyyəti və perspektivlər  müzakirə edilmişdir.  Dağlıq Qarabağ bölgəsinin  azərbaycanlı icmasının  fəaliyyət prinsipləri və onun işində gənclərin  rolu da  müzakirə olunmuşdur.  İclas iştirakçıları  Azərbaycan və Ukrayna gənclərinin mövzuya dair çoxsaylı  suallarını cavablandırmışlar.

Tədbirin sonunda UAGB-nin sədri Anar Tahirov Azərbaycanda növbəti prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında forum iştirakçıları tərəfindən yekdilliklə qəbul edilmiş bəyanatın mətnini oxumuşdur. 

Sürəkli alqışlarla qarşılanmış sənəddə Azərbaycanın son on ildə əldə etdiyi uğurlar, ölkəmizin həyata keçirdiyi regional layihələr xüsusi vurğulanmışdır. Bəyanatda deyilir: "Biz - Şərqi Avropa və Ukraynada təhsil alan 350-dən çox azərbaycanlı gəncin qatıldığı  forum iştirakçıları dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti alqışlayır, qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizi bəyan edirik. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti növbəti beş ildə də böyük inkişaf yolu keçərək dünyanın ən qüdrətli ölkələri sırasında mövqeyini möhkəmləndirəcək, xalqımızın rifah halının yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaqdır".

Bununla da UAGB-nin III Ümumukrayna forumu bağlı elan edilmişdir.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Odessa

 

Azərbaycan.-2013.- 22 may.- S.8.