Bakıda keçirilən «Canlı tarix» I Beynəlxalq Festivalında Rusiya xalqlarının da mədəniyyəti təqdim edilmişdir

 

Xəbər verildiyi kimi, mayın 18-19-da Bakıda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Canlı tarix" I Beynəlxalq Festivalı keçirilmişdir.

Festival diplomatik nümayəndəlikləri Azərbaycanda akkreditə olunmuş ölkələrin mədəni müxtəlifliyini və irsini nümayiş etdirmək məqsədi daşımışdır. Rusiya xalqlarının mədəniyyəti musiqi və rəqslərdən ibarət 1,5 saatlıq tamaşa ilə təmsil olunmuşdur. Qədim qalada festivala qatılan ölkələrin, o cümlədən Macarıstan, Almaniya, İtaliya, Latviya, Moldova, Niderland, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Özbəkistanın pavilyonlarından ibarət olan gözəl şəhərcik salınmışdır.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, festivalda  Rusiya pavilyonunun təşkilatçıları Rusiya səfirliyi və Rossotrudniçestvonun  Azərbaycandakı nümayəndəliyi olmuşdur.

Rusiya pavilyonu tamaşaçıların böyük marağına səbəb olmuşdur. Burada Rusiyadan söz açan təqdimat filmlərinə baxmaq,  Rusiya xalqlarının musiqisini dinləmək, xalq yaradıcılığı nümunələri, milli kostyumlarla tanış olmaq, yeməklərinin dadına baxmaq mümkün idi. Festivalın keçirildiyi müddətdə Rusiya pavilyonuna  minlərlə qonaq gəlmişdir.

Möhtəşəm mədəniyyət bayramının finalında qala-konsert olmuşdur. "İqray, qarmon" folklor ansamblının (bədii rəhbəri V.Limberq) ifasında mahnı, gənc avar Əli Xurmayevin ifasında oynaq rəqs və mənalı mahnı tamaşaçıların zövqünü oxşamışdır. Tatar icmasının nümayəndəsi Rinat Alimov "Baz qızım atilya" ("Oyna, mənim qızım") məzəli mahnısını ifa etmişdir. Dilarə Əliyevanın ifasında Azərbaycanda sevilən "Volqa çayı axır" mahnısı ürəkləri riqqətə gətirmişdir. Beynəlxalq müsabiqələr laureatı Vaqif Nağıyevin  ifasında Müslüm Maqomayevin "Əlvida, Bakı", "Mavi əbədiyyət" mahnıları səslənmişdir. "Günay" uşaq teatrının "Dənizçi qız" və Bakı şəhərindəki 145 nömrəli məktəbin şagirdlərinin "Kadril" rəqsləri şuxluğu ilə tamaşaçıların qəlbini fəth etmişdir.

Bütün çıxışlar sürəkli alqışlarla qarşılanmışdır.

Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyi  festivalda Rusiya xalqlarının mədəniyyətinin parlaq şəkildə təqdim olunmasına görə Azərbaycandakı həmvətənlər təşkilatlarına, "İşərişəhər" kompleksinin müdiriyyətinə, ifaçılara minnətdarlığını bildirir.

 

 

Azərbaycan.-2013.- 22 may.- S.12.