YAP Ağdam rayon təşkilatının IX konfransı keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının IX konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Rayon mədəniyyət evində keçirilən konfransda YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, rayon təşkilatı ötən konfransdan keçən müddət ərzində daha da fəallaşmış, ictimaiyyət arasında kütləviliyi artırmış, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir. Səksən ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlərinin sayı 5381 nəfərə çatmışdır. Onlardan 1488-ni gənclər, 2036-nı qadınlar təşkil edir. Ötən konfransdan keçən dövr ərzində 1035 nəfər partiya sıralarına qəbul edilmişdir.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri həyata keçirilir, əhalinin sosial vəziyyəti yaxşılaşır. Son illərdə rayonda 3 xəstəxana, bir neçə təhsil müəssisəsi tikilmiş, Quzanlı qəsəbəsi ilə rayonun kəndlərini birləşdirən 28 kilometrlik yol yenidən qurulmuş, bütün kənd və qəsəbələr təbii qazla təmin edilmişdir.

Konfransda Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov və başqaları çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan, YAP-ın respublikanın həyatındakı rolundan danışmışlar.

Konfransda prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər geniş müzakirə olunmuş, partiyanın V qurultayına nümayəndələr seçilmişdir.

Sonda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

Azərbaycan.-2013.- 23 may.- S.4.