Ətraf mühitin mühafizəsi sağlamlığa xidmət edir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci il mayın 23-də ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmışdır. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə olunması bu qurumun qarşısında bir vəzifə kimi qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə  bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də problemlərin müsbət həlli məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə olunması məsələlərinə aid bir sıra fərman və sərəncamlar vermiş, onların icrasına daim nəzarət etmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər ekoloji məsələləri yenidən ön cərgəyə çəkmiş, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyiulu öndər tərəfindən məhz ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə yaradılmışdır.

Ulu öndərin sosial-iqtisadi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının imzaladığı sərəncama əsasən, hər il mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunması buna bariz nümunədir.

Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan vermişdir. İqtisadiyyatın sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün gözəl imkanlar yaratmışdır.

Keçən əsrin 90-cı illərinin ikinci yarısından sonra əldə olunan sosial-iqtisadi inkişaf, dünya iqtisadiyyatına inteqrasiya sahəsində qazanılan nailiyyətlər göz qabağındadır. Müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli yaranmış, makroiqtisadi sabitlik qorunub saxlanılmış və inkişafın dayanıqlığı təmin edilmişdir. Son illərdə qazanılan  nailiyyətlər dövlətin iqtisadi əsaslarını daha da möhkəmləndirərək qeyri-neft sektorunun, infrastruktur sahələrinin, regionların inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ekoloji təhlükəsizliyin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün imkanları genişləndirmişdir.

Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilərək onların icrasına başlanmışdır. Ölkədə mövcud olan qoruq və yasaqlıqların əraziləri genişlənmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilmiş dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir.

Ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahəni ölkəmizdə prioritet məsələlər sırasına çıxarmışdır.

Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl  tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına, bu sahədə əsaslı dönüşün yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir. Nazirlik tərəfindən qarşıya qoyulan tələblərin icrasını təmin etmək məqsədilə bu işə bir sıra şirkətlər cəlb edilir. Təsadüfi deyil ki, inkişaf etmiş dövlətlərdən gətirilən yeni yaşıl texnologiya və qurğuların tətbiqinə icazə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciətlərin sayı artmışdır.

Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində  iqtisadi  tənzimlənmə mexanizminin qurulması ilə nəticələnmişdir. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir.

Müasir dövrdə ətraf mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri bəşəriyyəti narahat edən əsas problemlərdəndir. Bunların həlli istiqamətində alimlər və mütəxəssislər müxtəlif fikirlər yürüdürlər ki, bunlardan da ən önəmlisi alternativ və bərpa olunan enerji mənbələrindən istifadədir.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən birini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir. Məsələn, keçən il ətraf mühitin mühafizəsi sahəsində hüquqifiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3260 aktprotokol tərtib olunmuş,  aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1078  məcburi göstəriş verilmişdir.

Ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər sırasında meşələrin bərpası və yeni meşələrin salınması xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, meşələrin bərpası və meşə ilə örtülü ərazilərin sahəsinin artırılması məqsədilə təkcə keçən il 10 528 ha sahədə meşə bərpa tədbirləri aparılmış, 3078 ha ərazidə 5,5 milyondan artıq ağac əkilmiş, 25 milyon ting yetişdirilmiş, 180 ton toxum tədarük edilmişdir.

Ümumilikdə meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və bərpa tədbirlərinin getdikcə intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü sahələr 1 milyon hektarı keçmişonlar ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinədək artmışdır. Son 10 ildə 104500 hektardan artıq sahədə meşəbərpa işləri aparılmış, yeni meşələr salınmış,  82 milyon ədəd ağac əkilmiş, 307 milyon ədəd əkin materialı yetişdirilmiş və 2 milyon ton toxum tədarük edilmişdir.

Ötən il Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin magistral avtomobil yollarının kənarlarında 1840 ha sahədə 3,1 milyon ədəd müxtəlif növ ağackol cinsləri əkilmiş, effektiv damcılı suvarma sistemi qurulmuşdur. O cümlədən, sürüşməyə həssas və çətin bitmə şəraitinə malik Bayıl yamacında quraqlığa davamlı və estetik görkəmə malik 14000 ağackol əkilmiş, təbii yaşıl ot örtüyü yaradılmışdır.

Yaşıllıqların artırılması sahəsində son 10 ildə meşə fonduna daxil olmayan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlar tərəfindən 20 milyondan artıq müxtəlif növ ağackol cinsləri əkilmişdir.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 2012-ci ildə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmişdir. 2007-2012-ci illər ərzində 20 rayonun ümumi əhalisi 400 mindən artıq olan 221 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istismara verilmişdir.

Gələcəkdə şirin su çatışmazlığının qarşısını almaq üçün potensial gücü gündə 20 min kubmetr, birinci mərhələdə 1 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodu, eləcə də müasir tinglikdən ibarət kompleks inşa edilərək hazırda test rejimində sınaqdan keçirilir.

Bioloji müxtəlifliyin qorunub saxlanılması nazirliyimizin əsas fəaliyyət istiqamətlərindən biridir. Son dövrlərdə bu sahədə bir sıra ciddi tədbirlər həyata keçirilmiş, Şahdağ Milli Parkının nümunəvi infrastrukturunun yaradılması istiqamətində işlər aparılmışdır. Parkın inzibati kompleksi, 6 inzibati rayonda ekoturizm-məlumat və Milli Parkın giriş-çıxış mərkəzləri tikilmişdir. Artıq müasir Zooloji Parkın təşkili üzrə layihələndirmə işibaşa çatdırılaraq smetadizayn sənədləri hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli sərəncamına əsasən 11772,45 hektar ərazidə Samur-Yalama Milli Parkı  təsis edilmişdir. Orada işlər davam etdirilir. Beləliklə, 2003-cü ilə nisbətən xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2,5 dəfə artmışdır.

"Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində keçən il 15 ceyran  məskunlaşma ərazilərinə buraxılmışdır. Ümumilikdə son 2 ildə tarixi areallarına köçürülmüş 115 baş ceyran sürüsünün hərəkətinə peyk vasitəsilə mütəmadi nəzarət edilmiş, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə təminatı həyata keçirilmişdir.

Müqayisə üçün qeyd edək ki, son 10 ildə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4,5 faizdən 10,3 faizə qədər artırılmışdır. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. 

Ötən il ərzində su hövzələrində bioloji resursların artırılması istiqamətində 365,7 milyon körpə balıq, o cümlədən 3,4 milyon nərəkimilər, 186 min qızıl balıq və 362 milyondan çox çəkikimilər yetişdirilərək su hövzələrinə buraxılmışdır. Ümumilikdə su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyarda yaxın körpə balıq yetişdirilmiş və onların su hövzələrinə buraxılması həyata keçirilmişdir.

İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi və modernləşdirmə işləri aparılır. Bu məqsədlə son dövrlərdə quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağın Kaboş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır.

Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət sayəsində təmin edilmiş yüksək iqtisadi inkişafın ahənginə tam uyğun olaraq geoloqlar bu müddətdə yeni ciddi nəticələr əldə etmişlər. 2012-ci ildə faydalı qazıntıların kəşfiyyatı istiqamətində Gədəbəy rayonunda mis polimetal filizlərində nüvə geofiziki tədqiqat üsulları ilə platin, qızıl, missinkin yüksək miqdarı müəyyən edilmişdir. Geoloji axtarış və kəşfiyyat işlərində son 10 ildə Azərbaycanın 25 bölgəsində 150-dən artıq müxtəlif təyinatlı yataqların ehtiyatları balansa alınmışdır. Bu illər ərzində kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmışdır.

Bütün qeyd olunanlarla yanaşı, Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin icrası ilə əlaqədar layihəqabağı tədqiqat işləri də aparılmışdır. Belə ki, göllərin ekoloji vəziyyəti hərtərəfli təhlil olunmuş, onların mənşəyi, yaranma səbəbləri, göl sularının çirklənmə vəziyyəti və yeraltı sularla əlaqəsi öyrənilmişdir.

Aparılmış tədqiqatlar nəticəsində aydın olmuşdur ki, həmin göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə layihənin hazırlanması üçün ilk növbədə müvafiq dövlət qurumlarının səlahiyyətlərinə aid olan bir sıra məsələlər həll olunmalıdır. Bunlar əsasən tullantı və lay sularının göllərə axıdılmasının qarşısının alınması, göllərin və ətraf ərazilərin bərk məişət və sənaye tullantıları, neft məhsulları ilə çirklənməsinin qarşısının alınması, torpaq mülkiyyətçiləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsidir.

Tədqiqatların nəticəsi olaraq layihəqabağı araşdırma sənədləri hazırlanaraq müvafiq qurumlara təqdim olunmuşdur.

"Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisinin keçirilməsi də ənənəyə çevrilmişdir. Keçən il bu sərgidə 60-dan artıq yerli və beynəlxalq şirkət iştirak etmişdir.

Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq aləmdə də öz obyektiv qiymətini almışdır. Belə ki, nüfuzlu tədqiqat mərkəzləri olan ABŞ-ın YelKolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında açıqlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) sənədində ətraf mühit sahəsində son 10 ildə baş vermiş müsbət dəyişikliklərin tempinə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.

Bir sözlə, bu gün peşə bayramlarını qeyd edən Azərbaycan ekoloqları öz ənənələrinə sadiq qalaraq ətraf mühitin mühafizəsi - havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəmirlər.

 

 

Hüseyn BAĞIROV,

ekologiya və təbii sərvətlər naziri

 

Azərbaycan.-2013.- 23 may.- S.5.