Dövlətin humanizm prinsipi yüksək dəyərləndirilir

 

Builki may ayının bəxtinə daha bir əlamətdar və tarixi, yaddaqalan gün  də yazıldı: 7 may! Bəlkə  bir çoxları  üçün bu tarixi günün əhəmiyyəti o qədər diqqətçəkən olmadı. Lakin unudulmamalıdır ki, dövlət başçısının demokratik, insan amilinə əsaslanaraq, humanizm prinsiplərinə söykənərək, ölkə vətəndaşlarının qayğısına qalması bu tarxi gündə  özünü bir daha təsdiqləmiş oldu. 7 may 2013-cü il tarixi bir çox ailələrdə böyük sevinc hissi yaratdı. Milli Məclisin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" tarixi qərarı məhz həmin gün qəbul edildi.

Xatırladaq ki, dövlət müstəqilliyinin bərpasından sonra bu,  sayca 10-cu amnistiya aktıdır ki,  onların tətbiqi ilə minlərlə məhkum  öz doğmalarına qovuşub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi  Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində də  7 may 2013-cü il tarixli amnistiya aktının tətbiqi ilə əlaqədar tədbir  keçirildi. Müəssisənin rəisi, ədliyyə polkovnik-leytenantı Rauf Məmmədov bildirdi ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin son on ildə dəfələrlə istər əfvlə bağlı imzaladığı fərmanlar, istərsə də Milli Məclisin qəbul etdiyi qərarlarla minlərlə məhkum azadlığa buraxılıb. Bu, əlbəttə, dövlətin öz vətəndaşlarına qayğısıdır: "Hazırda icra olunan  amnistiya aktı xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tətbiq edilir. Bu,  ilk növbədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, humanizm prinsiplərinə söykənən dövlət siyasətinin tərkib hissəsidir. Budəfəki  amnistiya haqqında qanun Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  qəbul edilib. Dörd ay müddətində icrası başa çatdırılacaq amnistiya aktına əsasən azadlığa buraxılan məhkumlar  doğmalarına qovuşacaqlar. Yəqin ki, azadlığın nə demək olduğunu hiss edən keçmiş məhkumlar sabaha nikbinliklə baxaraq bir daha cinayət törətməyəcəklər". Azadlığa buraxılan Rauf Abbasov deyir ki, Sabirabadda anadan olub. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 1 il 6 ay azadlıqdan  məhrum  edilib. Məleykə və Mələk adlı qızlarını bir ildən artıqdır ki, intizarda qoyan, evin tək oğlu,  35 yaşlı Rauf bir daha cinayət törətməyəcəyini qətiyyətlə bildirir. Dövlət başçısının və ölkənin birinci xanımının humanizmə sədaqətini yüksək dəyərləndirir, balalarına və anasına qovuşacağı üçün sevincini gizlədə bilmir.

Nazim Vəliyev Gürcüstanın Marneuli rayonunun İmir kəndindəndir. O da narkotika bəlasına düşdüyündən, 2 il azadlıqdan məhrum edilib. Altı ay  həbsxana həyatı yaşayan Nazimiki uşaq atasıdır. Amnistiyaya düşdüyündən qohum-əqrəbasının xəbəri olmadığını deyir.

Narkotikaya aludəlik Bakıda 1967-ci ildə anadan olmuş Əfqan Qənbərovun da yolunu bağlayıb. O da   bir il dörd ay " ölüm"ün qara günlərini saymaqla məşğul olub. Daha 6 ay da həbsxana divarları arasında düşünüb-daşınmalı olacaqdı. Amma amnistiya aktının qəbulu ilə o da vaxtından əvvəl məhbus həyatına əlvida deyir. Onu digər həbsxana yoldaşlarından fərqləndirən cəhət həm də ikinci qrup əlil olmasıdır. Firuzə və Nigar adlı 2 qız övladının atası olan Əfqan anası Solmaz xanımın nəinki qayğılarını, dərd-sərini də artırdığını deyir. Axı, atası Əliabbas dünyasını dəyişəndən anası həm də evin, ailənin başçısıdır.

Rakif  Hüseynov "dərdini çözələyir": "1972-ci ildə Bakıda anadan olmuşam. Ailənin tək övladı olduğum üçün ərköyün böyüdüblər məni. Narkomaniyaya aludəlik əsl müsibət və faciədir. Narkotika sözünü dilə gətirməyin özü cinayət sayılmalıdır. İstəməzdim ki, kimsə belə həyat keçirsin. Dövlət başçısına, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdaram ki, neçə-neçə ata-balanı bir-birinə qovuşdurdular".

Sözün əsl mənasında, azadlıqda, öz doğmalarının arasında olmaq necə də xoşbəxtlikdir. Həyəcan və sevincdən yanaqlarda donan göz yaşları ilə doğmalarının həbsxana həyatının son anlarını qarşılayanların yaşadıqlarını sözlə ifadə etmək çətindir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 23 may.- S.5.