Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üçüncü forumu qala-konsertlə başa çatmışdır

 

Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşkilatçılığı, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) dəstəyi ilə iki gün davam edən "Reallaşan ideyalar" forumu "Sade Pabeda"  konsert zalında qala-konsertlə başa çatmışdır.

Konsertdən əvvəl forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətliyə, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyliyə, ASAIF-in baş katibi Vüsal Qurbanova  və fərqlənmiş gənclərə diplomlar təqdim olunmuşdur.

ASAIF-dən AzərTAc-a bildirmişlər ki, qala-konsertdə Azərbaycanın tanınmış incəsənət nümayəndələri rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.

 Forum Azərbaycan, Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycanın dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etmək məqsədi ilə keçirilmişdir.

Forumun son günündə Şərqi Avropa və Ukraynada təhsil alan azərbaycanlı gənclər qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etmişlər.

 

 

Azərbaycan.-2013.- 23 may.- S.8.