Azərbaycanla Koreya Respublikası dost ölkələrdir

 

Mayın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov  Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Koreya əlaqələri müzakirə olunub və hər iki ölkə arasında yüksək dostluq münasibətlərinin olduğu vurğulanıb.

Milli Məclisin Sədri Oqtay Əsədov qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycanla Koreya Respublikası dost ölkələrdir: "Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Vaxtilə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında böyük rol oynayıb. İqtisadi əlaqələrimiz daha çox inkişaf edib. Azərbaycanın Koreya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 650 milyon dollar olmuşdur. Hazırda Koreyanın nəhəng şirkətlərindən olan "Samsung", "Hyunday" və LG şirkətlərinin Azərbaycanda fəaliyyəti böyük uğurla davam etdirilir". Oqtay Əsədovun sözlərinə görə, hər iki ölkə arasında 46 sənəd imzalanıb, 15-i isə imzalanmaq ərəfəsindədir: "Sevindirici haldır ki, Koreya Milli Assambleyasında Azərbaycan dostluq assosiasiyası yaradılıb. Parlamentlərarası dostluq münasibətlərinin yüksək olması ölkələrimiz arasındakı həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əlaqələrin inkişafına təkan verir. Bu gün Cənubi Qafqazın mövcud iqtisadi inkişafının 80 faizi Azərbaycanın payına düşür. Koreya da inkişaf etmiş ölkədir. Biz həmişə dost ölkələrin daim inkişafda olmasını istəmişik".

Milli Məclisin Sədri Azərbaycanın nailiyyətləri ilə yanaşı, ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də qonaqların diqqətinə çatdırıb. Bildirib ki, bu problemlə bağlı BMT-nin dörd qətnaməsi qəbul edilib. Lakin təəssüf ki, Ermənistan tərəfi bu qətnamələrə hörmətsizliklə yanaşır: "Koreya Respublikasının hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizi sevindirir. Biz inanırıq ki, bundan sonra da dostluq əlaqələrimiz yüksələn xətlə davam edəcək. Səfərinizin uğurlu keçməsi və Azərbaycanı daha da yaxından tanımanız üçün əlimizdən gələni edəcəyik".

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq Azərbaycanın yüksək inkişafa nail olduğunu bildirib. Vurğulayıb ki, Koreya Azərbaycanla ticarət dövriyyəsinin qaldırılmasını çox vacib amil kimi qiymətləndirir: "İnkişaf sahəsində Koreyanın böyük təcrübəsi var. Azərbaycan da bu təcrübədən yararlanmaqla öz inkişafını daha səmərəli şəkildə davam etdirə bilər. Düşünürəm ki, Koreya təcrübəsi Azərbaycan üçün faydalı olacaq. Bizim malik olduğumuz imkanlardan yararlanmağınızı çox istərdik".

Park Byonq-Soq Koreya Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 24 may.- S.2.