Parlamentlərarası əlaqələr yüksək səviyyədədir

 

Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti dünən Milli Məclisin Koreya Respublikası-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə Koreya-Azərbaycan parlamentlərarası dostluq münasibətləri müzakirə olunub.

Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Malik Həsənov koreyalı həmkarlarının Azərbaycana səfərini yüksək qiymətləndirib: "Hesab edirik ki, bu səfəriniz Koreya Respublikası Milli Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasındakı dostluq əlaqələrinin daha da inkişaf etməsinə təkan verəcək. Bu gün hər iki ölkə arasında mühüm dostluq əlaqələri formalaşıb. Bütün istiqamətlərdə, o cümlədən iqtisadi, energetika və sənaye sahələrində sıx əlaqələrimiz mövcuddur. Bu günə qədər Koreya və Azərbaycan arasında 46 əməkdaşlıq sənədi imzalanıb. Bu sənədlərin hamısı ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafına şərait yaradır. Parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Koreya Respublikası Milli Assambleyasında Azərbaycan dostluq qrupunun fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Hesab edirik ki, hər iki ölkə nümayəndələrinin qarşılıqlı səfərləri, aparılan danışıqlar əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə təkan verəcəkdir".

Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soq isə deyib ki, Azərbaycan son 10 ildə özünün inkişaf dövrünü yaşayır və beynəlxalq arenada böyük imicə malikdir: "İnanıram ki, bu görüşümüz əlaqələrimizin inkişafında xüsusi rol oynayacaq. Azərbaycan və Koreyanın sənaye sahəsində böyük imkanları var. Düşünürəm ki, bu sahədə əməyimizi birləşdirməklə böyük nailiyyətlər əldə edərik. Biz hər hansı bir ölkəyə sərmayə qoyarkən təkcə öz maraqlarımızı nəzərə almırıq. Qarşı tərəfin də maraqları bizim üçün çox vacibdir. O cümlədən Azərbaycana da eyni münasibəti bəsləyirik, istəyirik ki, bizim malik olduğumuz təcrübədən yararlanıb  öz ölkənizdə tətbiq edəsiniz. Koreya Azərbaycanla əlaqələrin yüksək dostluq müstəvisində olmasına çox böyük önəm verir".

 

 

 Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 24 may.- S.2.