NATO Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir

 

Mayın 23-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin müavini Qabor İklodi ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən Elmar Məmmədyarov ölkəmizin regionda və beynəlxalq miqyasda sülhün, sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfələrdən danışmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir məsələnin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl yaratdığını bildirmişdir. Vurğulanmışdır ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

NATO-nun Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən Qabor İklodi ölkəmizin regional və beynəlxalq miqyasda sülhün, sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirmişdir.

Görüşdə, həmçinin Azərbaycan-NATO münasibətlərinin genişləndirilməsi perspektivləri, eləcə də ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 24 may.- S.3.