Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələri yaradılmışdır

 

Mayın 23-də respublikanın daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks ilə görüşmüşdür.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir müstəqilliyini əldə etdikdən sonra respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvü kimi dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdiyini, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi işinin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini xatırlatmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" iki sərəncamından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini vurğulamışdır.

Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd etmişdir ki, bu münasibətlər çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər  məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Onlar müxtəlif ölkələrə, o cümlədən ABŞ və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak etmişdir.

Bildirilmişdir ki, vətəndaşların məruz qaldıqları hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış "102" xidməti də fəaliyyətin məhz insan meyarı kimi ali prinsip üzərində qurulmasına, eyni zamanda, ərazi polis orqanlarına daxil olan siqnallara çevik reaksiya verilməsinə, bu prosesə mərkəzləşdirilmiş nəzarətin həyata keçirilməsinə xidmət edir. Bununla bərabər, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi məqsədi ilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi də yaradılmışdır. Nazirlikdə fəaliyyət göstərən "Qaynar xətt", elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Daxili işlər naziri ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədi ilə, ATƏT-in Bakı ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında "Cəmiyyət dəstəkli polis" layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini və "sahə rəisi" institutunun təsis olunduğunu məmnunluqla vurğulamışdır. Qeyd olunmuşdur ki, hazırda hər bir inzibati sahədə cəmiyyətin fəal təbəqəsini təmsil edən "İctimai şura"lar fəaliyyət göstərir. Sakinlərlə görüşlərin keçirilməsi, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması onların polisə olan inamını daha da artırmışdır. Artıq 5 ildir ki, nazirliyin rəhbərliyi və şəxsən nazir tərəfindən Bakı şəhərində və respublikanın ayrı-ayrı şəhər və rayonlarında vətəndaşların qəbulu həyata keçirilir.

Daxili işlər naziri Avropa Şurası komissarının nəzərinə onu da çatdırmışdır ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 il və cari ilin I rübü ərzində vətəndaşlarla kobud rəftara,  müxtəlif  hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş  cəzalandırılmış, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunmuş, 100 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 19 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.   

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunmuş, 51 MSY-də isə əsaslı təmir işləri aparılmışdır. Son üç il ərzində ATƏT, Beynəlxalq Qızıl Xaç Komitəsi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi, Ombudsman Aparatı, digər dövlət və ictimai qurumlar tərəfindən müvəqqəti saxlama yerlərində 1181 monitorinq keçirilmişdir.

İnsan və vətəndaş hüquqlarını ən ciddi şəkildə pozan amillər barədə danışan Ramil Usubov onlardan biri kimi insan alveri, xüsusilə qadın və uşaq alveri cinayətini göstərmiş, bu növ hüquqazidd əməllərə qarşı mübarizənin gücləndirildiyini, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirildiyini, qurbanların müdafiəsi və onlara yardım göstərilməsi üzrə mexanizmlərin inkişaf etdirildiyini də diqqətə çatdırmışdır.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hökuməti, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, səfərinin əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində ölkəmizə hərtərəfli yardım göstərmək və bu prosesə dəstək vermək olduğunu  xatırlatmışdır. O, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuş, daxili işlər naziri qonağı maraqlandıran sualları ətraflı cavablandırmışdır.

 

 

Azərbaycan.-2013.- 24 may.- S.4.