«Avropa məkanında yeni çağırışlar: gənc alimlərin

 Beynəlxalq Bakı Forumu» başa çatmışdır

 

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Avropa məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu" başa çatmışdır.

Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı, Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə keçirilən dördgünlük forum xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Forumda Avropanın 32 ölkəsindən 160, Azərbaycandan isə 190 gənc alim iştirak etmişdir.

Forumun bağlanış mərasimində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov çıxış edərək  bildirmişdir ki, tədbir qarşısında duran əsas vəzifənin  - Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, birgə elmi-tədqiqatların aparılması üçün şəraitin yaradılması, habelə Azərbaycanın gənc alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsi məqsədinin öhdəsindən layiqincə gəlmişdir.

Diqqətə çatdırılmışdır ki, forumun davam etdiyi günlərdə  iştirakçılar plenar sessiyalarına qatılmaqla yanaşı, Şamaxı Astrofizika Rəsədxanasını ziyarət etmiş, AMEA-nın elmi institutları ilə tanış olmuşlar. Forum zamanı keçirilən  sessiyalarda texniki elmlər, o cümlədən texnika, nanotexnologiyalar, iqtisadiyyatsosiologiya üzrə elmin inkişafı, problemlər və yeni metodlar, alimlərin biznesiqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya, yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr və digər mövzular üzrə müzakirələr aparılmışdır.

EURODOC-un sədri Slobadan Radicev forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə öz minnətdarlığını bildirmişdir. Qonaq ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin bütün iştirakçılarda xoş təəssürat yaratdığını vurğulamış, iqtisadiyyatımızın sürətli inkişafına şahid olduğunu bildirmişdir.

Mərasimdə çıxış edən professorlar Məsud Əfəndiyev (Almaniya),  Martin Romançik (Finlandiya), Viktoriya Xelemendyuk (Ukrayna) və gənc alim Qulam Babayev (Azərbaycan) forumun yüksək şəkildə keçirilməsinə görə təşkilatçılara təşəkkür etmişlər. Forumun xarici ölkələrdən olan iştirakçıları Azərbaycanda elmin və təhsilin inkişafına göstərilən qayğını yüksək qiymətləndirmiş, respublikamızın onlarda zəngin təəssürat yaratdığını vurğulamışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 may.- S.4.