Professor Nərgiz
Paşayevaya Fransanın «Akademik Palma»
ordeninin zabit dərəcəsi təqdim
edilmişdir
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin (MDU) Bakı
filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz
Paşayevaya Fransanın "Akademik Palma" ordeninin zabit dərəcəsinin
təqdim edilməsinə həsr olunmuş mərasim
keçirilmişdir.
Ordenin təqdim
edilməsi münasibətilə Fransanın Azərbaycandakı
səfirliyində keçirilmiş mərasimdə Azərbaycan
Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri
Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə, Milli Aviasiya Akademiyasının
rektoru, akademik Arif Paşayev, Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə,
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici
dövlətlərin Azərbaycanda akkreditə edilmiş səfirləri,
ölkəmizin görkəmli elm, təhsil, mədəniyyət
və incəsənət xadimləri iştirak etmişlər.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mərasimi
açaraq Azərbaycan ilə Fransa arasında əməkdaşlığın
inkişafı naminə uzun müddət səy göstərən
Nərgiz Paşayevanın şərəfinə səfirliyə
gəlmiş qonaqları salamlamışdır.
Paskal
Mönye demişdir: "Fransa hökuməti sizin
timsalınızda bunu xüsusi qeyd etməyi özünə
borc bilmişdir. Razılaşın ki, bu, həm
sizin şəxsiyyətinizin dəyərini, həm də sizin
ən yüksək səviyyədə təmsil etdiyiniz
ölkənizlə münasibətlər yaradılmasına
Fransanın verdiyi əhəmiyyəti vurğulamağın ən
yaxşı üsuludur".
Səfir
xatırlatmışdır ki, bu mükafat Napoleonun
dövründə təsis edilmiş, bu yaxınlarda - 2008-ci
ildə isə Fransa "Akademik Palma" ordeninin 200 illiyini
qeyd etmişdir.
Diplomat
demişdir: "Əlbəttə, 200 il ərzində müəyyən
dəyişikliklər edilmişdir, lakin əsas prinsip
saxlanmışdır: bu ordenlə təhsil və tədris
işində görkəmli xidmətləri olan insanlar təltif
edilir. "Akademik Palma" ordeni həm də
Fransanın, onun mədəniyyətinin və dilinin dünyada
intellektual, elmi və bədii təbliğinə töhfələr
verən sizin kimi əcnəbilərə də təqdim
edilir".
Səfir demişdir ki, Nərgiz Paşayevaya bu yüksək
mükafatın - "Akademik Palma" ordeninin zabit dərəcəsinin
verilməsinin qərara alınması həm də Azərbaycanın
dünya üçün açılmasına şərait
yaradan aparıcı şəxsiyyətlər arasında onun
rolunun etiraf edilməsi deməkdir.
Paskal
Mönye demişdir: "Siz həqiqətən öz peşəkar
və şəxsi karyeranıza mədəniyyətlərin
dialoqu, sülh və ədalət kimi vacib insani dəyərlər
daxil etməyə, onları öz ətrafınızda, tələbələriniz
və müəllimləriniz arasında təbliğ etməyə
nail olmusunuz. Siz bizim də şərik
olduğumuz bu idealların və dəyərlərin təcəssümünə
çevrilmisiniz. Siz həm də
intellektual marağın və biliklərin həmişə ən
vacib yer tutduğu ailənizdən aldığınız dəyərləri
təcəssüm etdirirsiniz. Sizin
atanız, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının
rektoru, əminiz Hafiz Paşayev xarici işlər nazirinin
müavini və Azərbaycan Diplomatik Akademiyasının
rektorudur. Bu biliklər ənənəsi sizin ailənin əlamətdar
cəhətidir: Həqiqətən sizin ananız Aida xanım
İmanquliyeva məşhur ərəbşünas alim
olmuş, uzun illər boyu Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutuna rəhbərlik etmişdir. Siz
öz babanız, yazıçı və Bakı Dövlət
Universitetinin professoru, Azərbaycan ədəbiyyatı tarixinin
və əllidən çox romanın, novellanın müəllifi
Mir Cəlal Paşayevin işini davam etdirirsiniz. Viktor
Hüqo 1840-cı ildə yazırdı: "Müəllimlər
insan zəkasının bağbanlarıdır". Siz bu sözləri özünüzə aid edə
bilərsiniz. Bu, gözəl yoldur -
düz, qətiyyətli, məqsədyönlü yol və
xüsusi qeyd etmək istərdim, mərdlik yoludur. Sizin zahiri gözəlliyiniz və incəliyiniz
fonunda bu sözü unutmaq olardı. Mərdlik yolu sizə
Bakıda M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti kimi nüfuzlu ali məktəbin filialını
yaratmağa imkan vermişdir və bu gün siz həmin
filialın rektorusunuz".
Fransa səfiri
Nərgiz Paşayevanın bilikləri yaymağa məhəbbətini
və millətlər birliyində Azərbaycanın imicini
yüksəltmək arzusunu da vurğulayaraq demişdir: "Bu
arzunu general de Qollun aşağıdakı sözləri ilə
yaxşı ifadə etmək olar: "Böyük ölkələr
ona görə böyük olurlar ki, onlar böyük olmaq istəmişlər".
Mən bunu da unutmamışam və
xatırlatmaq istəyirəm ki, sizin təşəbbüsünüzlə
nüfuzlu universitetinizdə fransız dili bölməsi və
bu yaxınlarda psixologiya fakültəsi
açılmışdır. Bu, sizin
insanlara, onlara xas olan bütün insani dəyərlərə
marağınızın göstəricisidir. 2008-ci ildə
Bakı Dövlət Universitetinin prorektoru kimi həmin ali məktəbin filologiya fakültəsində
sizin təşəbbüsünüzlə "Fransız dili
və ədəbiyyatı" şöbəsinin
açılmasında rolunuzu xüsusi vurğulamaq istəyirəm.
Hər il bu ixtisas üzrə diplom alan
bütün tələbələr bu gün sizin fəaliyyətinizin
və bizim əməkdaşlığımızın ən
yaxşı elçiləridir".
Səfir bildirmişdir ki, çoxlarının
bütün həyatını məşğul etmək
üçün yetərli olacaq bu cür zəngin
karyerasına baxmayaraq, Nərgiz Paşayeva incəsənətin
inkişafına öz istedadını sərf etməkdə
davam edir, fransız mədəniyyətini xüsusi fərqləndirir. Məsələn,
Nərgiz Paşayeva Bakıdakı ÜNS Teatrının təsisçisi
və bədii rəhbəridir. Bu
teatrın tamaşalarında Fransa tez-tez diqqət mərkəzində
olur.
Paskal
Mönye demişdir: "Mən bu cür tamaşalara aid
çoxlu misallar göstərə bilərdim, lakin cəmi bir
misal göstərəcəyəm: A Filetta polifonik korsika
xorunun çıxışı azadlığın və
xoşməramlı insanlar arasında qarşılıqlı
anlaşmanın rəmzidir".
Səfir vurğulamışdır ki, Nərgiz
Paşayeva həm də bir neçə kitabın və
çoxsaylı elmi məqalələrin müəllifi, Azərbaycanın
Mədəniyyəti Dostları Fondunun idarə heyəti
şurasının üzvüdür. Bu onun ölkə
qarşısında xidmətlərinin akademik etirafına dəlalət
edir.
Paskal
Mönye demişdir: "Hörmətli Nərgiz xanım
Paşayeva, Fransa dövləti adından sizə Fransa mədəniyyətini
və fransız dilini daim dəstəklədiyinizə, habelə
Fransanın sizin ölkəniz Azərbaycanla, xüsusən mədəniyyət
və incəsənət sahəsində əməkdaşlığını
dəstəklədiyinizə görə ürəkdən təşəkkür
etmək istəyirəm". Diplomat
bildirmişdir ki, bu günlərdə Bakıda səfərdə
olmuş Fransanın insan hüquqları üzrə
elçisi Fransua Zimere demişdir ki, Azərbaycanın insan
hüquqları sahəsində dünyaya təqdim edilə biləcək
uğurları vardır. Paskal Mönye demişdir:
"Azərbaycanda dini tolerantlıq və dini etiqad
azadlığı onun üçün mühüm məqamlardan
biri olmuş, bunu öz çıxışlarında dəfələrlə
qeyd etmişdir. O demişdir ki, Azərbaycanda olan tolerantlıq
barədə dünyaya danışacaqdır".
Sonra səfir Paskal Mönye Fransa hökuməti
adından Nərgiz Paşayevaya "Akademik Palma" ordeninin
zabit dərəcəsini təqdim etmişdir.
Nərgiz Paşayeva çıxışında qeyd
etmişdir ki, bu gün onun həyatında ən xoşbəxt
anlardan biridir.
Nərgiz Paşayeva demişdir: "Belə bir yüksək
mükafata - Fransa hökumətinin "Akademik Palma"
ordeninin zabit dərəcəsinə - bu ali şərəfə
layiq görüldüyüm üçün Fransa dövlətinə,
Parisdə mənim namizədliyimə səs verən xadimlərə,
Fransanın Azərbaycandakı səfirliyinə və şəxsən
sizə, cənab səfir, öz böyük ehtiramımı,
minnətdarlığımı və təşəkkürümü
bildirmək istəyirəm. Təməli 1808-ci
ildə Napoleon tərəfindən qoyulmuş və təsis
edilmiş bu orden hər bir insanın və eləcə də
bütün cəmiyyətin gələcəyini daha aydın,
daha işıqlı və avand edən elmin və təhsilin
müqəddəs missiyasına verilən yüksək dəyərin
və diqqətin təzahürüdür. Əgər mənim elmi-pedaqoji fəaliyyətim belə
bir mötəbər təşkilatın sıralarında təmsil
olunursa, bu fərəh, bu şərəf, bu sevinc mənə
bir daha ruh, güc, inam, qol-qanad verir. Siz, cənab
səfir, lütfkarlıq göstərib bizim universitetə gəlib
bu sevincli və xoş xəbəri gətirdiyinizdə tək
mənə deyil, bütün universitetimizə, tələbələrimizə,
müəllim heyətimizə müjdə gətirmiş
oldunuz. Çünki biz bir ailəyik,
universitet ailəsiyik".
Rektorun
qeyd etdiyi kimi, hamı yaxşı bilir ki, universitetlər
bütün dövrlərdə elmin, savadın, təhsilin
carçısı olmaqla yanaşı, həm də əyilməz
azad insan ruhunun, ədalətlilik ehtirasının, vətəndaşlıq
temperamentinin və cəsarətinin, humanizmin və mənəvi
gözəlliyin keşikçiləri olub.
Nərgiz
Paşayeva demişdir: "Mən bir vətəndaş kimi
öz fəaliyyətimdə həmişə bir ideala
bağlı olmuşam, bu da doğulduğum gündən qəlbimdə
yaşayan Vətən sevgisidir. Ümumiyyətlə,
müəllim, alim, pedaqoq peşəsi insandan həmişə
əqidə saflığı, məsuliyyət tələb
edir. Çünki sənin fəaliyyətin
cəmiyyətə xidmət edir və onun ən fəal
üzvlərinə - cavanlara ünvanlanıb. Bir milləti məğlub etmək üçün
onunla müharibə etmək lazım deyil, bunun
üçün onun ləyaqətli müəllimlərini əlindən
almaq kifayətdir".
Rektor bildirmişdir ki, qədim mədəniyyətə
və tarixə malik olan Azərbaycan əsrlər boyu
böyük mütəfəkkirlər, alimlər, sənətkarlar
yetişdirmişdir.
Professor Nərgiz
Paşayeva demişdir: "Bizim bugünkü
uğurlarımızın təməlində onların həyat
və yaradıcılıqlarının zəngin irsi durur. Azərbaycan tarixinə nəzər saldıqda
görürsən ki, Azərbaycan - Fransa əlaqələrinin
dərin və qırılmaz kökləri vardır.
1918-ci ildə yaradılan və müsəlman Şərqində
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini məhz
Fransada, Paris Sülh Konfransında - 1919-cu ildə beynəlxalq
aləm tanıdı. O dövrdə Əlimərdanbəy Topçubaşov
başda olmaqla, görkəmli ictimai və dövlət xadimləri
Əhmədbəy Ağayev, Ceyhun Hacıbəyli, Əkbərağa
Şeyxülislamov və başqaları böyük tarixi
missiyanı yerinə yetirmək üçün Parisdə əzmlə
çalışdılar. Onlar həyatlarını
Vətəninin azadlığı və müstəqilliyi
naminə qurban verməyə hazır olan əsl ziyalı, əsl
dövlət xadimləri idilər. O dövrün
müstəqil respublikasının ömrü az
olsa da, tarixin tərəzi gözündəki
daşıdığı yük yüzilliklərə bərabərdir.
Mövzuya
dair Dümanın Azərbaycanda Xurşidbanu Natəvanla
görüşünü yada salaq, böyük de Qollun
1944-cü ildə Bakıda birgünlük səfəri
zamanı Üzeyir Hacıbəyli ilə
görüşünü yada salaq, Parisdə fransız
yazıçısı kimi tanınan, ötən əsrin
istedadlı Baninini - azərbaycanlı
Ümmülbanunu yada salaq, 1925-ci ildə Ceyhun Hacıbəylinin
təşəbbüsü ilə Fransada "Femina"
teatrında "Arşın mal alan"ın fransız dilində
premyerasını yada salaq, yenə də Ceyhun bəyin təşəbbüsü ilə Parisdə nəşr
edilən "Qafqaz" jurnalını yada salaq.
Yada salaq
ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixində
"paqonlu maarifçilər" adı ilə məşhur
olan böyük yazıçı-maarifçilər M.F.Axundzadə,
Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, İsmayıl
bəy Qutqaşınlı Avropa mədəniyyətindən, ən
çox isə fransız ədəbiyyatı və dilindən
bəhrələnmiş, yaradıcılıqlarında bunu əks
etdirmişlər. Maraqlı faktdır ki, Azərbaycan
ədəbiyyatı tarixində kiçik hekayə janrı
ilk dəfə fransız dilində yazılmışdır.
Bu, İ.Qutqaşınlının 1835-ci ildə
Varşavada nəşr edilmiş "Rəşid bəy və
Səadət xanım" hekayəsidir".
"Beləliklə,
bizim ölkələr - Fransa və Azərbaycan arasında əlaqələr
həm dərin tarixi köklərə, həm də
qırılmaz insani tellərə bağlıdır", -
deyən rektor daha sonra əlavə etmişdir: "Məşhur
fransız yazıçısı Sent Ekzüperinin gözəl
kəlamı yada düşür: "Yeganə həqiqi zənginlik
və zinət insanlar arasında olan ünsiyyətdir". Həyatımızdan və təcrübəmizdən
bilirik ki, bu, doğrudan da, belədir. Ekzüperinin
başqa bir kəlamını da burada səsləndirmək
istərdim: "Hər sabah açılanda tək
özünü deyil, yaşadığın planeti də
sahmana sal". Mənə elə gəlir ki, bu
sözləri eşidən hər kəs bir küçənin,
bir şəhərin, bir ölkənin sakini olmaqla
yanaşı, həm də bir evin - Yer kürəsinin sakini
kimi duyur və hiss edir. Yer kürəsinin
döyünən ürəyi isə mənim
düşüncələrimdə və xəyallarımda həmişə
Fransa olub. Gözəlliyi və cazibəsi, əhval-ruhiyyəsi
ilə hər kəsi məftun və heyran edən və hər
kəsi özünə əbədi vurğun edən bənzərsiz
Fransa! Paris şəhəri isə yaradıcı insanların
vətəni, məskəni və ilham mənbəyi olub, olur
və olacaq!
Mən özümü, dediyim kimi, artıq dərəcədə xoşbəxt sanıram ki, belə şərəfli mükafata layiq görülüb, hədsiz dərəcədə sevdiyim ölkənin yüksək diqqətini və etimadını qazanmışam. Sevinirəm ki, məni tam səmimiliyi ilə xeyirxahcasına sevənlər, qəlbən bağlı olanlar bu gün buraya toplaşaraq mənə dəstək və dayaq olublar. Sizlərin hər birinizin dəstəyinə və etibarına mənim ehtiyacım olub və olacaqdır. "Tək əldən səs çıxmaz" deyərlər və kimliyindən asılı olmayaraq, insanın uğurlarında tək onun özünün deyil, çoxlarının payı olur. Azərbaycanda gözəl məsəl var - "Ağac bar verdikcə, başını aşağı salır". Bizim də başımızı ucaldan tək özümüzün əldə etdiklərimiz deyil, yetişdirdiyimiz barlar, yəni digərlərinin inkişafı üçün yaratdığımız şərait, xoş əməllər, tərbiyə etdiyimiz nəsillər olacaqdır".
Nərgiz Paşayeva mərasimdə iştirak edən səfirlərə, görkəmli xadimlərə, həmkarlarına, tələbələrə, doğmalarına, bu tədbiri belə diqqət və istiqanlılıqla təşkil edən Fransanın Azərbaycandakı səfirliyinin bütün əməkdaşlarına, göstərdiyi səmimiyyətə, lütfkarlığa və qonaqpərvərliyə görə şəxsən səfirə bir daha təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, "Akademik Palma" ordeni 1808-ci il martın 19-da imperator I Napoleon tərəfindən Paris Universitetinin və bəzi liseylərin akademikləri və professorları üçün təsis edilmiş ordendən (təşkilat kimi) başlanır. Hazırda "Akademik Palma" ordeni ilə həm müəllimlər və tədris ictimaiyyətinin üzvləri, həm də tədris işinə aidiyyəti olmayan, lakin təhsilə sanballı töhfələr vermiş şəxslər, habelə Fransanın hüdudlarından kənarda yaşayan, Fransa mədəniyyətinin başqa ölkələrdə yayılmasına fəal kömək edən əcnəbi təbəələr və fransızlar təltif edilə bilərlər.
Təltif edilmək üçün namizədlərə Fransanın xalq təhsili nazirinin sədrliyi ilə "Akademik Palma" Ordeni Şurasında baxılır. Şuraya nazirdən əlavə, Fəxri Legion Ordeni Şurasının üzvlərindən biri və Təhsil Nazirliyinin inspeksiya rəhbərləri daxildir. Təltif haqqında qərar səs çoxluğu ilə qəbul edilir. Təltif olunanların siyahısını Fransanın Baş naziri təsdiq edir.
AzərTAc
Azərbaycan.-2013.- 24 may.- S.7.