Qısa zamanda böyük işlər

 

Azərbaycan Xalq Cümhuriyyəti-95

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinin çox əlamətdar bir dövrünün əsasını qoymuşdu. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika quran Azərbaycan xalqı bununla da dünyanın ən mütərəqqi ənənələrini öz həyatında təcəssüm etdirdiyini bütün beynəlxalq aləmə bildirmişdi. Həmin dövrdə əksər ölkələrdə gedən mürəkkəb proseslər fonunda belə bir tarixi nailiyyətə imza atmaq kifayət qədər çətin bir məsələ idi. Lakin xalqımız müstəqil dövlətini elan etməklə nə qədər zəngin keçmişə, yüksək intellektual potensialaböyük ideoloji dəyərlərə malik olduğunu təsdiqləmişdir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 95 il keçir.

1998-ci il yanvarın 30-da ümummilli lider Heydər Əliyev cümhuriyyətin 80 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncamda bu əlamətdar hadisənin tarixi-siyasi əhəmiyyətini olduqca dəqiq şəkildə qiymətləndirmiş və xüsusi vurğulamışdır ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Doğrudan da Şərqdə demokratik dövlət quruluşunun meydana çıxması o zaman həm gözlənilməz, həm təqdirəlayiq, həm də möhtəşəm bir hadisə idi.

Demokratik respublikanın qurucuları - Azərbaycan xalqının ən öndə gedən ziyalıları və maarifçiləri xalqın ümumi tərəqqisinin təmin olunmasında, demokratik cəmiyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm işlər görmüşlər. Respublikanın iqtisadiyyatında milli kapitalın rolunun artırılması, xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi islahatlar aparmışlar.

XX əsrin əvvəllərində, ümumiyyətlə bütün Rusiyada, eyni zamanda Zaqafqaziyada vəziyyət həddən artıq gərgin idi. Bolşevik inqilabından sonra çar Rusiyasının tərkibində olan respublikaların hansı inkişaf yolu seçəcəyi naməlum olaraq qalırdı. Bu da müstəqillik meyillərinin güclənməsinə şərait yaradırdı. 1918-ci ilin aprelində Zaqafqaziya Seymi Cənubi Qafqazın müstəqilliyini elan etdiZaqafqaziya Demokratik Federativ Respublikası yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya hökumətinin yaşamasına imkan vermədi. Elə bu səbəbdən də 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

Mayın 27-də isə Seymin müsəlman fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da əslində Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Həsən bəy Ağayev və Mirhidayət Seyidov sədrin müavinləri təsdiq edildilər.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Dövrün ən qabaqcıl və mübariz ziyalılarının Həsən bəy Ağayevin (sədr), Mustafa Mahmudovun (katib), Fətəli xan Xoyskinin, Xəlil bəy Xasməmmədovun, Nəsib bəy Yusifbəylinin, Mirhidayət Seyidovun, Nəriman Nərimanovun, Heybətqulu Məmmədbəyovun, Mehdi bəy Hacınskinin, Əliəsgər bəy Mahmudbəyovun, Aslan bəy Qardaşovun, Sultan Məcid Qənizadənin, Əkbər ağa Şeyxülislamovun, Mehdi bəy Hacıbababəyovun, Məmmədyusif Cəfərovun, Xudadat bəy Məlikaslanovun, Rəhim bəy Vəkilovun, Həmid bəy Şahtaxtinskinin, Firidun bəy Köçərlinin, Camo bəy Hacınskinin, Şəfi bəy Rüstəmbəyovun, Xosrovpaşa bəy Sultanovun, Cəfər Axundovun, Məhəmməd Məhərrəmovun, Cavad Məlik-Yeqanovun və Hacı Molla Səlim Axundzadənin iştirakı ilə keçən həmin iclasda Azərbaycanın müstəqilliyi elan olunduİstiqlal Bəyannaməsi qəbul edildi. Türk-müsəlman dünyasında, ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə-üsulunun yaradılacağından xəbər verən Bəyannamədə deyilirdi: "Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir; Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir; Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir; Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi və vətəndaşlıq hüquqları ilə təmin edir; Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır; Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli ŞuraMilli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur".

Azərbaycanın istiqlal mübarizəsi tarixinin bu dəyərli sənədinə ölkə tarixşünaslığında ən obyektiv tarixi qiyməti ulu öndər Heydər Əliyev vermişdir: "Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi Bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxilixarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı".

Həmin iclasda F.Xoyskinin başçılığı ilə ilk Müvəqqəti Hökumətin tərkibi də təsdiq edildi. F.Xoyski Nazirlər Şurasının sədri və daxili işlər naziri, X.Sultanov hərbi nazir, M.Hacınski xarici işlər naziri, N.Yusifbəyli maliyyə və xalq maarifi naziri, X.Xasməmmədov ədliyyə naziri, M.Cəfərov ticarət və sənaye naziri, Ə.Şeyxülislamov əkinçilik və əmək naziri, X.Məlikaslanov yollarpoçt-teleqraf naziri, C.Hacınski dövlət nəzarəti naziri seçildi.

1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Tiflisdən Gəncəyə köçürdü. Beləliklə, Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 günlük ilk fəaliyyəti dövründə yeddi iclası keçirildibu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birinci - Azərbaycanın istiqlalı elan olunduİstiqlal Bəyannaməsi qəbul edildi; ikinci - Fətəli Xan Xoyski başda olmaqla ilk Azərbaycan Hökuməti formalaşdırıldı. İyunun 21-də Azərbaycanın dövlət bayrağı haqqında qərar qəbul edildi. İyunun 26-da müsəlman hərbi korpusu Əlahiddə Azərbaycan korpusuna çevrildi. İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. Türkiyədən dərsliklər gətirmək və müəllimlər dəvət etmək barədə qərar qəbul olundu. Məktəblər milliləşdirildi, yeni müəllim kursları açıldı, YelizavetpolQaryaginin tarixi adları bərpa olunaraq Gəncə və Cəbrayıl adlandırıldı. Milli Orduya səfərbərlik keçirildi. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi.

Azərbaycan Xalq Cümhuriyyətində hakimiyyət və yerli idarəçilik orqanlarının təşkili və fəaliyyəti Müvəqqəti hökumətin 23 iyun 1918-ci il tarixli qərarı əsasında həyata keçirilirdi. Nəinki yerli özünüidarəetmə orqanları, hətta inzibati-polis aparatı da yaradılmışdı. Məhkəmə orqanlarının yeni əsaslarla təşkili məsələsi Cümhuriyyət hökumətinin diqqət mərkəzində saxlanılırdı. Məhkəmə palatası və hərbi məhkəmələrin yaradılması, Ali Məhkəmənin qurulması nəzərdə tutulsa da, təəssüf ki, bolşeviklər ordusu tərəfindən respublikanın işğalı bunları həyata keçirməyə imkan vermədi.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti qurulduqdan sonra onun reallaşdırdığı ilk tədbirlərdən biri inzibati idarələrin əvvəlki heyətdə bərpası olmuşdur. Burada əsas məsələ hakimiyyətsizlik sindromundan xilas olmaq və cəmiyyətdə dayanıqlı sabitliyi təmin edən idaretmə strukturlarını yaratmaq idi. Siyasi ab-havanın dəyişməsini nəzərə alan yeni hökumət dövlət idarələrinin milliləşdirilməsi istiqamətində də mühüm islahatlar aparırdı.

Azərbaycan Xalq Cümhuriyyəti elə bir vaxtda hakimiyyətə gəlmişdi ki, bu dövrdə neft sənayesinin inkişafında mühüm mərhələ başlamışdı. Azərbaycan dünyanın ən çox neft hasil edən ölkələrindən biri kimi tanınırdı. Bu sahəyə artıq ilk investisiyalar qoyulmağa başlamışdı ki, bu da nəticə etibarilə iqtisadi böhranın aradan qaldırılmasına stimul yaradan bir fakt idi. Cümhuriyyət rəhbərləri və ideoloqları öz hakimiyyətinin dayaqlarını möhkəmləndirmək, müstəqilliyin qorunub saxlanılmasını təmin etmək üçün iqtisadi dirçəlişin mühüm şərt olduğunu aydın dərk edirdilər. Elə buna görə də iqtisadi problemlərə kifayət qədər böyük diqqət ayırmağa çalışırdılar. Lakin erməni separatizminin tüğyan etdiyi, xarici təzyiqlərin və daxili ziddiyyətlərin kritik həddə çatdığı bir vaxtda bütün imkanları iqtisadi məsələlərə yönəltmək çox çətin idi.

Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçilərinin diqqət yetirdiyi əsas məsələlərdən biri də maliyyə və pul-kredit sisteminin yaradılması və təkmilləşdirilməsi olmuşdur. Çünki bu sahədə əsaslı islahatlar aparmadan, o dövr üçün müasir olan yeni sistemin tətbiqinə nail olmadan bütövlükdə ölkə iqtisadiyyatını böhrandan çıxarmaq mümkün deyildi. Ona görə də ölkənin iqtisadi siyasətinin istiqamətlərini müəyyənləşdirmək üçün müxtəlif islahatlar həyata keçirilməyə başlandı. Hökumət daha çox bu sahədə qanunvericilik bazasının yaradılmasına üstünlük verirdi. Çünki mükəmməl hüquqi baza olmadan inkişafın ümumi meyillərini tənzimləmək qeyri-mümkün idi. Həmin ilin dekabrında Azərbaycan Parlamentinin ilk təsis iclası keçirildi. 1919-cu ilin dekabrına qədər - yəni fəaliyyət göstərdiyi bir il müddətində parlamentdə 215 qanun layihəsi müzakirəyə təqdim edildi ki, bunlardan da 82-ci məhz maliyyə sahəsinə aid idi. Maliyyə Nazirliyi tərəfindən təqdim olunmuş bu layihələrdə maliyyə və pul-kredit sisteminin təşkil edilməsi üçün konkret təkliflər öz əksini tapmışdı. Sənədlərdə beynəlxalq təcrübə, müxtəlif ölkələrin bu sahəyə aid qanunvericilik aktlarının müsbət məqamları nəzərə alınmışdı.

Qeyd edək ki, həmin dövrdə Azərbaycanda 200-dən çox kredit müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Bankının və kommersiya banklarının şöbələrinin, qarşılıqlı kredit cəmiyyətlərinin, Bakı Xüsusi Lombardının, ipoteka krediti banklarının, kiçik kredit müəssisələrinin, mərkəzi poçt-teleqraf və əmanət kassalarının daxil olduğu bu şəbəkə respublikanın  maliyyə-kredit sistemində mühüm yer tuturdu.

Hökumətin maliyyə və pul-kredit siyasətinin əsas məqsədi dövlət gəlirlərinin artırılmasını təmin etmək və paralel olaraq xərclərin azalmasına nail olmaq, pulkredit tədavülünü qaydaya salmaq və ümumiyyətlə dövlətin maliyyə sistemini yenidən qurmaqdan ibarət olmuşdu. Qısa vaxt ərzində bütün bu vəzifələrin öhdəsindən gəlmək çətin olsa da hökumət bir sıra uğurlar qazana bildi.

Xalq Cümhuriyyətinə qədər Azərbaycanda "Nikalayevski" manatı, "Kerenski"  və "Bakı bonları" adlı pul vahidləri işlədilirdi. "Bakı bonları" 1918-ci ilin əvvəllərində dövriyyəyə buraxılmışdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti öz pullarını tədavülə buraxdı. Cümhuriyyətin yaşadığı dövr ərzində ümumilikdə 2 milyard 345 milyon pul dövriyyəyə buraxılmışdı. Hökumət üçün o dövrdə pul tədavülünü tənzimləmək ən mürəkkəb məsələlərdən biri idi.

1919-cu ildə Azərbaycan Dövlət Bankının nizamnaməsi işlənib hazırlandı və parlamentin müzakirəsinə təqdim edildi. Elə həmin il sentyabrın 16-da Azərbaycan Parlamenti nizamnaməni təsdiq etdisentyabr ayının 30-da Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Noyabr ayında isə Dövlət Bankının Gəncə şöbəsinin açılışı oldu.

Bir faktı qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövriyyəyə buraxdığı pullara əhali o qədər də çox etimad göstərmirdi. Bu da bonların alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı. Dövriyyədə müxtəlif pul vahidlərinin olması cəmiyyətdə müəyyən tərəddüd və narahatlıq yaradırdı. Məhz buna görə də hökumət vahid valyutanın tətbiqinə çalışırdı, lakin olduqca ciddi xarakter daşıyan müxtəlif problemlər buna nail olmağa imkan vermədi.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti təhsil problemlərini də realobyektiv qiymətləndirə bilmiş, onların həlli istiqamətində bir çox islahatlar həyata keçirmişdir. 1918-ci ilin mayında demokratik respublikanın təhsil siyasətini həyata keçirən ilk qurum - Xalq Maarif Nazirliyi yaradılmışdır. Bu struktura rəhbərlik görkəmli ictimai-siyasi xadim Nəsib bəy Yusifbəyliyə həvalə olunmuşdu.

Xalq Maarif Nazirliyi fəaliyyət göstərdiyi dövrdə təhsilin bütün pillələrinin yenidən qurulması vəzifəsinə və milli kadr hazırlığına xüsusi diqqət yetirmişdi. Bu məqsədlə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmişbura 150 nəfər dinləyici cəlb olunmuşdu. 1918-ci il 22 sentyabr tarixli qərarla ibtidai siniflərin milliləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdi. 1919-cu ilin əvvəllərində Azərbaycanda artıq 23 dövlət orta təhsil müəssisəsi yaradılmışdır: onlardan 6-sı kişi, 4-ü qadın gimnaziyası, 5-i realnı məktəb, 3-ü müəllim seminariyası, 3-ü qadın təhsil müəssisəsi, 1-i politexnik və ticarət məktəbləri olmuşdur. Müəllim kadrları hazırlamaq üçün yaradılmış kurslarda dərs aparmaq məqsədilə Türkiyədən 50-yə yaxın müəllim işə dəvət edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti kadr məsələlərinə həmişə xüsusi diqqət yetirmişdirbu məqsədlə ali təhsil müəssisəsinin yaradılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti uzun və gərgin müzakirələrdən sonra Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul etdi. Professor V.Razumovski Bakı Dövlət Universitetinin rektoru seçildi. Elə həmin ilin noyabr ayının 15-də universitet fəaliyyətə başladı.

1919-1920-ci illərdə hökumət xaricdə milli kadr hazırlamaq üçün əcnəbi ölkələrə 100-dən artıq abituriyent göndərilməsini də qərara almışdı. Bu dövrdə hökumət tərəfindən savadsızlığın ləğvi sahəsində xeyli ciddi islahatlar aparılmışdır. Bakı Dövlət Universiteti ilə yanaşı, Konservatoriyanın, Pedaqoji İnstitutun, ali təhsil verən polis məktəbinin, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılmışdı. Azərbaycanda o zaman 23 orta ixtisas və 637 ibtidai məktəb yaradılmışdı. O dövrdə hətta yaşlı əhali üçün axşam kursları təşkil edilmişdi. Mədəniyyət sahəsində də əsaslı işlər görən Cümhuriyyət hökuməti bunu əhalinin maarifləndirilməsində əsas vasitələrdən biri kimi dəyərləndirirdi. 1918-ci ilin oktyabrında Bakıda H.Ərəblinski adına Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı.

1919-cu ilin martında N.Yusifbəylinin sədrliyi ilə yaradılan kabinetdə R.Kaplanov maarif naziri təyin olunmuşdur. 1919-cu il dekabrın 24-dən isə bu vəzifə Həmid bəy Şahtaxtinskiyə həvalə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu təhsil naziri o dövrün tanınmış şəxsiyyətlərindən olan Nurməmməd bəy Şahsuvarov olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti səhiyyə sahəsində də problemlərin aradan qaldırılmasına, əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılmasına böyük diqqət ayırmışdı. XX əsrin əvvəllərində Azərbaycanda bu sahənin inkişafı üçün maneə yaradan bir çox amillər mövcud idi. Ona görə də hökumətin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması oldu. Nazir vəzifəsi Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyova tapşırıldı. O, heç bir partiyaya mənsub olmamış və ömrünün axırına qədər bitərəf qalmışdır. 1918-ci il sentyabrın 15-də hökumət Bakıya köçmüş və X.Rəfibəyov vəzifəsini burada icra etməyə başlamışdır.

Nazirliyin beş əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Hər şöbəyə tanınmış həkimlər başçılıq edirdilər. Qısa müddətdə nazirliyin göstərişi ilə pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, köhnə müalicə müəssisələri bərpa edilmiş, müxtəlif tibbi avadanlıqlar alınmışdır. Bununla yanaşı, sanitar, nəqliyyat, dezinfeksiya stansiyalarının fəaliyyətləri də qaydaya salınmışdır. Bakı, Gəncə, Şuşa, Lənkəran şəhərlərində pulsuz dövlət xəstəxanaları açılmış, onların normal fəaliyyəti üçün xüsusi vəsait ayrılmışdır. Arxiv sənədlərinə görə, o vaxt təkcə Şuşa xəstəxanası üçün 1 milyon 700 min manatdan çox pul ayrılmışdır. Bu vəsait hesabına xəstəxana genişləndirilmiş, çarpayıların sayı 40-dan 100-ə çatdırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə qəzalarda 33 xəstəxana əhaliyə tibbi xidmət göstərmişdir. Burada ambulator xidmətləri pulsuz aparılmışdır. Kənd xəstəxanalarında və feldşer məntəqələrində əsasən yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi üçün kütləvi tədbirlər görülmüşdür. Gəncə quberniyasının ən böyük Ərəş qəzasının AğdaşXaldan kəndlərində xəstəxanalar, Qocalı və Qayabaşı kəndlərində isə tibb məntəqələri yaradılmışdır. Gəncə quberniyasının səhiyyə idarəsinin qərarı ilə Ləki stansiyasında xüsusi xəstəxana inşa edilmiş, malyariya xəstəliyinin ən çox yayıldığı Pirqulu ərazisində, Kotavan kəndində xüsusi feldşer məntəqəsi təşkil olunmuşdur. Bütün bunlara baxmayaraq, həmin dövrdə Azərbaycan kəndlərində xəstəxanalar və həkimlər olduqca az idi. Ölkədə əhalinin 75 min nəfərinə cəmi bir həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq 1920-ci ildə kənd xəstəxanaları şəbəkəsini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmişdir. Bu işlərin görülməsinə 43 milyon 322 min manat vəsait ayrılmışdır.

Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi sağlamlıq işinin başlıca amillərindən biridir. Elə bu səbəbdən də Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərmanların alınmasını öz nəzarətində saxlamışdır. Bakıda dövlət aptekionun nəzdində bakteroloji preparatların, dərmanların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün xüsusi analitik laboratoriya təşkil olunmuşdur. Bununla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərilmişdir. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olmasına baxmayaraq, səhiyyəyə ciddi diqqət yetirilmişdir. Hökumət səhiyyənin mövcud problemlərini aradan qaldırmaq üçün 7 milyon manatdan artıq vəsai ayırmışdır. Bu vəsaitin 3 milyon 500 min manatı epidemiyaya yarşı mübarizə tədbirlərinə sərf olunmuşdur.

Bütün bunlar cümhuriyyətin xalqın maraqlarına xidmət etdiyini təsdiqləyən faktlardan biri kimi qiymətləndirilməlidir. Mövcud olduğu qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cəmiyyət həyatının müxtəlif sahələrində əsaslı islahatlar aparmış və bununla da ölkədə ciddi inkişaf prosesinin əsasını qoymuşdur. Azərbaycanın görkəmli ziyalıları və ictimai xadimləri bu prosesin ön sıralarında olmuş və məhz onların fərdi təşəbbüskarlığı, qətiyyəti və intellektual səviyyəsi bu işlərin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaratmışdır.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 25 may.- S.9.