Sloveniyada 28 May - Respublika Günü

münasibətilə silsilə tədbirlər keçirilmişdir

 

Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşən Mons hotelində Azərbaycanın müstəqilliyinin 95 illiyi münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Tədbirdə Sloveniyanın dövlət və hökumət rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də işgüzar dairələrin təmsilçiləri iştirak etmişlər.

Azərbaycanın Avstriyada, eyni zamanda Sloveniyadakı səfiri Qalib İsrafilov tədbirin açılışında çıxış edərək qonaqları salamlamış, ölkəmizin ötən əsrin əvvəllərində müstəqillik uğrunda mübarizəsi, 1991-ci ildə müstəqilliyinin bərpasından sonra respublikamızda gedən proseslər və əldə olunmuş uğurlardan danışmışdır.

Mərasimin bədii hissəsində Azərbaycandan dəvət olunmuş Bakı Xoreoqrafiya Məktəbinin "Bakı ulduzları" ansamblı, İtaliyanın Milan şəhərində təhsil alan opera müğənnisi Elçin Hüseynov çıxış etmişlər. Azərbaycan milli rəqsləri və Azərbaycan bəstəkarlarının klassik əsərləri qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbirləri tərəfindən çəkilmiş və Azərbaycanın dilbər guşələrinin, Bakının görməli yerlərinin və insanların əks olunduğu fotoşəkillər nümayiş etdirilmişdir.

Bədii hissə başa çatdıqdan sonra mərasim iştirakçılarına ziyafət verilmişdir.

Sloveniyanın Nova Qoritsa şəhərinin Mədəniyyət Evində keçirilmiş tədbirdə Azərbaycan səfirliyinin nümayəndə heyəti, Nova Qoritsanın meri Matey Arçon, rəsmilər və Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin üzvləri də iştirak etmişlər.

Tədbir Azərbaycan rəqqasları və klassik musiqi ifaçılarının maraqlı konsert proqramı ilə yadda qalmışdır.

Mədəniyyət Evinin foyesində Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilmişdir.

Nova Qoritsaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, sloven xalqının alman faşizminə qarşı partizan mübarizəsinin qəhrəmanı Mehdi Hüseynzadənin Şempas qəsəbəsindəki abidəsini və Vitovlye kəndindəki məzarını da ziyarət etmişdir. Mərasimə M.Hüseynzadənin silahdaşları, müqavimət hərəkatında iştirak etmiş keçmiş partizanlaryerli ictimaiyyətin nümayəndələri də qatılmışlar.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAcn xüsusi müxbiri

Vyana

Azərbaycan.-2013.- 25 may.- S.9.