İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın 100-dən çox ölkəsindən yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək beynəlxalq qurumların başçılarının, bir sıra ölkələrin hazırkı və keçmiş prezidentlərinin, nazirlərin, ekspertlərin, dünyanın nüfuzlu beyin mərkəzləri rəhbərlərinin, alimlərin və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələrinin sayı gündən-günə artır. Ümumiyyətlə, Forumda dünyanın 100-dən çox ölkəsindən yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Fransanın Lua-Şer vilayətinin Ali Şurasının vitse-prezidenti, Fransa Milli Assambleyasının deputatı və Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun üzvü Patrice Martin-Lalande, Milli Assambleyada Ois vilayətinin deputatı və bu qurumda Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-François Mancel, Fransanın Aut-Rin vilayətinin senatoru Jan-Mari Bokel, İtaliya Senatının üzvü Lamberto Dini, Brazilya parlamentinin xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Klaudio Kajado,  deputat Nelson Pelegrino, Yunanıstanın Aristotel Universitetinin rektoru Yannis Milopoulos, Malayziya Xarici İşlər Nazirliyi nəzdində Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun baş katibi Cafar Ku Şaari, İtaliyanın Roma Sapienza Universitetinin prorektoru Antonello Biagini, Polşanın Varşava Universitetinin rektoru Martin Pals, Qətər Diplomatiya İnstitutunun rektoru Hasan İbrahim Al-Mohannadi də Bakı Forumunun iştirakçıları arasında olacaqlar.

Artıq xəbər verdiyimiz kimi, İkinci Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə olaraq İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 may.- S.4.