YAP Füzuli rayon təşkilatının növbəti konfransı keçirilmişdir

 

Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının VII konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, rayon təşkilatı son illər fəaliyyətini daha da genişləndirmiş, üzvlərinin sayı artmışdır. Ötən konfransdan keçən dövr ərzində təşkilatın üzvlərinin sayı artaraq 4545 nəfərdən 5452 nəfərə çatmışdır. Bunlardan 2189-u qadın, 1595-i isə gəncdir.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Dövlət başçısının rayona son səfəri zamanı Horadizdə Heydər Parkının, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının inzibati binasının, 3 nömrəli tam orta məktəbin, Mədəniyyət Sarayının, Gənclər Mərkəzinin, Şahmat Məktəbinin, dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalı binasının, soyuducu anbar kompleksinin, su elektrik stansiyasının açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Almaz Həşimova növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, rayonda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılmaqdadır. Füzulilər prezident seçkisində partiyanın sədri İlham Əliyevi dəstəkləyəcək və onun ətrafında sıx birləşərək xalqımızın mənafeyi naminə əlindən gələni əsirgəməyəcəklər.

Konfransda Milli Məclis Sədrinin müavini Bahar MuradovaFüzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı partiyanın keçdiyi inkişaf yolundan, respublikanın həyatında oynadığı roldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan uğurlardan danışmış, təşkilatın üzvlərinə qarşıdakı prezident seçkilərində uğurlar arzulamışlar.

Konfransda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

 

Azərbaycan.- 2013.- 26 may.- S. 2.