Daxili işlər naziri Göyçay rayonunda vətəndaşları qəbul etmişdir

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar mayın 25-də Göyçay rayonunda vətəndaşları qəbul etmişdir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rayon polis şöbəsində Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Xocalı və Ağdamdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları dinləmiş, onların problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun olaraq həlli üçün qəbulda iştirak edən aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.

Daxili işlər naziri tərəfindən qəbul edilən 35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı həllini  tapmışdır. Polis fəaliyyətinə aid olmayan ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılmışdır.

Qəbulda iştirak edənlər Azərbaycan Prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 26 may.- S. 2.