Təhsil naziri Şirvan şəhərində Aran bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Mayın 25-də təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki mədəniyyət evində bu şəhərdən, eyni zamanda, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda işə qəbul, məktəb və uşaq bağçalarının tikintisi, təmiri və onların maddi-texniki bazasının gücləndirilməsi, təhsil haqqı və köçürmələrlə, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunmuş, digər müraciətlər isə köməklik göstərilməsi məqsədilə  nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.- 2013.- 26 may.- S. 2.