Ana ürəyi

 

Mən ömrümün 50 ilini İkinci Dünya müharibəsində vuruşan azərbaycanlılarla bağlı araşdırmalara, axtarışlara həsr etmişəm. Bu dəfə sizə yaddaşıma əbədi həkk olunan təsirli bir əhvalatı danışmaq istəyirəm.

1943-cü ilin yanvarında Rəna adlı bakılı qadın yeganə oğlu Eminin ağır yaralanması xəbərini alan kimi Rusiyaya - onun yatdığı hərbi hospitala gedir. Hospitalda həkimlərə yalvarır ki, oğluna özünün baxmasına icazə versinlər. 3 il döyüşdükdən sonra ağır yaralanan Emin nə hərəkət edə, nə də ki, danışa bilirdi. Müharibənin amansız qanunlarına baxmayaraq, Rəna xanıma həkim olduğu üçün bir müddət hospitalda qalmağa icazə verirlər. Onun ana kimi bütün xəstələrə baxması, hamının qayğısını oğlu kimi çəkməsi həkimlərin dilindən düşmür. O, bütün yaralı əsgərlərin, həkim və şəfqət bacılarının sevimlisinə çevrilir, hamı ona "ana" deyə müraciət edir.

Lakin nə Rəna xanımın, nə də başqa həkimlərin səyləri onun oğlunu xilas edə bilmir. Oğlu şaxtalı bir qış gecəsi anasının gözlərinə baxa-baxa əbədiyyətə qovuşur. Son nəfəsində çətinliklə: "Ana, məni apar, vətəndə dəfn elə", - deyə bilir.

Bu, mümkün idimi? O zaman bütün hospitallarda ölən əsgərləri elə o şəhərdəki qardaş qəbiristanlıqlarında təntənəli surətdə dəfn edirdilər. Hərbin qanunlarına görə, Emin də beləcə dəfn olunmalı idi. Hospitalın rəisi, həkimlər, hətta şəhər hərbi komissarı da cənazənin Azərbaycana aparılmasını mümkünsüz sayır, bunu ağıllarına belə gətirmirdilər.

Rəna xanım yalvarır, inadkarlıq edir, oğlunun son arzusunu yerinə yetirməsə, yaşaya bilməyəcəyini deyir. Ananın kəsilmək bilməyən göz yaşları, inadkarlığı hospitalın, hərbi komissarlığın və hətta şəhər partiya komitəsinin rəhbərliyinin ürəyini yumşaldır. İstisna olaraq oğlunun nəşini vətənə aparmağa icazə verirlər. Emini tabuta qoyurlar, ana üçün isə isti örtük, döşək, balınc və başqa lazım olan şeyləri hazırlayırlar. Qafqaz istiqamətində çıxan qatara əlavə vaqon qoşub Rəna xanımı oğlu ilə yola salırlar. Azərbaycanda doğulan baş serjant Yefim Abramova ananı Bakıyadək müşayiət etmək əmri verilir. Onları yola salmağa xeyli insan axışıb gəlir. Kimisi  onlar üçün isti paltar, kimisi yemək, kimisiöz çörək payını gətirir. Hospitalın rəisi, həkim və şəfqət bacıları, hərbi komissar və əhvalatdan xəbər tutanlar da onları  yola salanların sırasında idi.

Müharibə illərində dəmir yollarında iş çox ağır və məsuliyyətli idi. Hətta bəzən hərbi texnika, silah və ordu hissələrini daşıyan qatarlar dayanacaqlarda saatlarla dayanmalı olurdu. Rəna xanımı aparan qatar da belələrindən biri idi. Qatar saatlarla yol gedib hər dəfə dayananda əsgərlər vaqonlardan düşüb, ana olan vaqonun qabağına toplaşırdılar. O dövrdə döyüşçüləri cəbhəyə, yaralı əsgərləri geriyə aparan qatarlar stansiyalarda dayananda yerli əhali çox vaxt onları qarşılayar, qarlı-şaxtalı günlərdə belə onlara geyim şeyləri, hətta bəzən haradansa tapıb gül-çiçək dəstələri gətirənlər də olurdu. Bu dayanacaqda da az bir vaxtda eşidib-bilən xeyli yerli adam vaqonun qabağına yığışmışdı, hətta qışın bu şaxtalı günündə əllərində kiçik gül dəstələri tutanlar da var idi. Yefim yenə də camaatın gətirdiklərini səliqə ilə bir yerə yığıb ananın yanına qoyub, yerə düşdü. Qatar tərpəndi. Artıq iki gün idi ki, ana ilə balanı aparan qatar yol gedirdi. Bu iki gün ərzində Rəna xanım nə yatdı, nə bir tikə çörək yedi. Qatar Azərbaycana yaxınlaşanda Yefim yenə anaya baş çəkdi. Bu dəfə o, ananı oğlunun tabutunu qucaqlayıb yatmış görəndə tez vaqonun qapısını örtüb, əli ilə yığışanlara işarə etdi ki, səs salmasınlar, ana yuxuya gedib, yatır. Bir müddət sonra qatar yenə dayananda Yefim vaqonun qapısını açıb yuxarı qalxdı. Ananı yatmış görəndə narahat oldu, ona yaxınlaşıb diqqətlə baxdı. Rəna xanım bir əlində oğlunun son döyüşdə aldığı Qırmızı ulduz ordenini tutmuşdu, o biri əli ilə onun tabutunu qucaqlamışdı. Ananın uzağa dikilən baxışları donmuşdu. Onun gözlərinə oğlunun  son arzusunu yerinə yetirməyə taqəti qalmayan bir ana nisgilinin kədəri çökmüşdü.

 

 

 

Musa BAĞIROV,

tədqiqatçı jurnalist, kinematoqraf

 

Azərbaycan.- 2013.- 26 may.- S. 4.