Dağların boynuna dolanan yollar

 

Hörmətli redaksiya!

Özüm fotoqrafam. Könül oxşayan mənzərələrin, gözəlləşən kəndlərimizin şəkillərini çəkməkdən zövq alıram. Hətta bir neçə fotoalbomum da çıxıb. Hər şey yoldan başlayır deyirlər. Son 20 ildə isə rayonumuzun həm yolları, həm kəndləri sürətlə abadlaşır. Yeni, müasir yollar da dağların sinəsinə boyunbağı kimi dolanaraq Gədəbəydən ucqar kəndlərə sarı baş alıb gedir. Vaxt var idi bir kənddən o birisinə, ya da rayon mərkəzinə getməyə bir gün bəs etməzdi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra abadlıq, quruculuq işləri vüsət aldı,  rayon mərkəzinin eləcə kəndlərin siması xeyli dəyişdi. 30-40 il əvvəl şəklini çəkdiyim yollarla indiki geniş, rahat səliqəli asfalt yollar arasında yerlə göy qədər fərq var. Çünki dövlət regionların inkişafına xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin hələ 2006-cı ilin noyabrında rayon camaatı ilə görüşü zamanı verdiyi bütün vədlər yerinə yetirildi. Tikinti-abadlıq işləri yenə davam etdirilir. 57 kilometr uzunluğunda Şəmkir-Gədəbəy magistral yolu elə 2007-ci ildən genişləndirildi, yeni asfalt döşəndi. 2012-ci ildə Prezidentin sərəncamına əsasən Gədəbəy-Novosaratovka-Qaravəllər yolunun çəkilişinə 3 milyon manat vəsait ayrıldı, qayalıq bataqlıq ərazilərdən keçən Gədəbəy-Gərgər yolu genişləndirilib, keyfiyyətli asfaltla örtüldü. Ötən ilin sonunda isə həmin yolun qalan hissəsinin yenidən qurulması üçün 15,6 milyon manat ayrıldı.

Mart ayının ilk günlərindən isə başlayan "Gəncə Körpü" Səhmdar Cəmiyyəti lazımi qədər texnika işçi qüvvəsi ayırdı. Çətin keçilən dağ yolu boyunca qayalar dağıdılır, yollar genişləndirilir, çökmə ehtimalı olan sahələr daha dərin qazılır, qaya parçaları daşla bərkidilir.Yollar müvafiq texnika ilə döyəclənib bərkidildikdən sonra iki dəfə qalın keyfiyyətli asfaltla örtülür. Artıq işlər Poladlı Qızıltorpaq kəndləri arasında gedir.

 

 

Kərəm NƏBİYEV,

 

Gədəbəy rayonu

 

Azərbaycan.- 2013.- 26 may.- S. 6.