Azərbaycan Avropa Şurası üçün ən vacib tərəfdaşlardan biridir

 

Mayın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə AŞ PA arasında uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunmuşbu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Jan-Klod Minyon bildirmişdir ki, ilk dəfə Azərbaycana 2010-cu ildə parlament seçkilərini izləmək üçün müşahidəçi qismində səfər etmişdir. O, AŞ PA-nın prezidenti kimi ölkəmizə bu səfərində Azərbaycanda sürətli inkişafın müşahidə olunduğunu vurğulamışdır. Səfərin əsas məqsədlərindən biri ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı müzakirələr aparmaqdır. Azərbaycan Avropa Şurası üçün ən vacib tərəfdaşlardan biridir.

E.Məmmədyarov parlament diplomatiyasının müasir beynəlxalq münasibətlərdə mühüm yer tutduğunu, bu meylin getdikcə gücləndiyini və həmin istiqamətdə ölkəmizin AŞ PA ilə əlaqələrə önəm verdiyini diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir hazırkı status-kvonun qəbuledilməz olduğunu və Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan çıxarılmasının vacibliyini vurğulamışdır. Bildirmişdir ki, hazırkı vəziyyət hər iki tərəfə ziyan vurur. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan konstruktiv mövqe tutmalıdır.

Jan-Klod Minyon AŞ PA-nın ATƏT-in Minsk qrupu ilə paralel olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək niyyətində olduğunubu istiqamətdə səylərini gücləndirəcəyini qeyd etmişdir. Münaqişənin həlli yollarına toxunan Jan-Klod Minyon demişdir ki, AŞ PA məsələyə münasibətini hələ 2005-ci ildə qəbul etdiyi qətnamədə bəyan etmişdir. Diqqətə çatdırılmışdır ki, bir ölkənin ərazisinin başqa bir ölkəyə birləşdirilməsi yolverilməzdir. O, AŞ PA-nın münaqişə ilə bağlı mövqeyinin dəyişmədiyini, qətnamələrin yerinə yetirilməsinin vacibliyini bir daha bəyan etmişdir.

E.Məmmədyarov AŞ PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmasını müsbət qiymətləndirmiş, təkcə bu qurumun deyil, eləcə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.

Görüşdə həmçinin regionda cərəyan edən proseslər və aktual mövzular ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.