Müsəlman Şərqinin ilk demokratik, hüquqi və dünyəvi dövləti

 

Tarixdən məlumdur ki, özünü etnos kimi təsdiqləmək niyyətində olan ayrı-ayrı millətlər müstəqil dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə də tarix səhnəsində duruş gətirə bilmişlər. Hər bir xalqın milli özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasının gerçək həyata vəsiqə alması isə əsrlərlə davam edən tarixi mücadilənin nəticəsi olmuşdur. Dünyanın ən qədim etnoslarından biri olmaqla, bəşər sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar da taleyin qismətindən neçə əsrlərlə milli özünəməxsusluqlarını şərtləndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çox çətin sınaqlardan, əzablı yollardan keçməli olmuşlar.

Əsrlər boyu ölkə ərazisində müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin müasir dövlət modelində reallaşması isə məhz XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanın vətənpərvər, milli təfəkkürlü ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş düşüncəsinin formalaşdırılması sahəsində sistemli fəaliyyət göstərmişlər. Həmin dövrdə Azərbaycan bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif, incəsənət və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etmişdir. Ən başlıcası, respublikada güclü və müasir burjua təbəqəsinin formalaşması ölkənin ictimai həyatında fəallığı gücləndirmiş, milli maraq və ideallar uğrunda mübarizəyə yeni nəfəs vermişdir. Beləliklə, ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində zorən bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması Azərbaycana da istiqlaliyyətini elan etmək imkanı yaratmışdır.

Mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir. Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilabdan dərhal sonra Zaqafqaziya Dövlət Dumasına seçilmiş deputatlar əvvəlcə Zaqafqaziya idarəsi üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı yaratmışdılar. Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul etmişdilər. Zaqafqaziya Seymində və hökumətində təmsil olunan deputatlar isə öz xalqlarının mənafeyini ümumqafqaz mənafeyindən üstün tuturdular. Onların ümumi platformaya malik olmaması isə növbəti parçalanma prosesini qaçılmaz edirdi. Bu ziddiyyət və fikir ayrılıqlarının nəticəsi olaraq 1918-ci il may ayının 25-də Zaqafqaziya Seymi mövcudluğuna son qoydu: ilk olaraq Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da istiqlaliyyətini elan etdi.

Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi, M.Ə.Rəsulzadə isə sözügedən Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də isə Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti həmin bəyannamədə xalqın istiqlal və azadlıq əzminin nəticəsi olaraq qazanılmış müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə xalqın firavan həyat tərzinə nail olmağı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmağı qarşıda mühüm vəzifələr kimi müəyyənləşdirmişdi. 1918-ci il mayın 28-də elan olunan "İstiqlal Bəyannaməsi"nin 4-cü və 5-ci bəndlərində deyilirdi: "EAzərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qəməlrovunda (hüququ daxilində) yaşayan bütün vətəndaşların hüquqi siyasiyyə və vətəniyyə təmin eləyirE Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişaflar üçün geniş meydan buraxır". 

Həmin dövrdə Milli Şuranın və hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. 1918-ci il mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verilmişdi. 1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalanmışdı. Bu müqavilə Azərbaycan Respublikasının xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd idi. 11 maddədən ibarət müqavilənin mühüm əhəmiyyətə malik 4-cü maddəsində "Dinclikasayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür" müddəasının əksini tapması son dərəcə əhəmiyyətli idi.

Milli Şura ilk hökumətin təşkilini F.X.Xoyskiyə tapşırmışdı. İlk hökuməti "Müsavat", "Müsəlman sosialist bloku", "Hümmət", "İttihad" və bitərflərdən ibarət 9 nazir təmsil edirdi. Bu dövrdə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif qüvvələr arasında mübarizə gedirdi. İyunun 19-da Azərbaycanda yaranmış gərginlik nəzərə alınaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan edildi. Nazirlər Kabinetinin 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamına əsasən, Azərbaycan Milli Ordusu yaradıldı.

Bakı şəhərini 1918-ci il iyulun sonlarında süqut etmiş Bakı kommunasından sonra ələ keçirmiş eser-menşevikdaşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası"ndan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında həyati vacib vəzifələrindən biri idi. Bir neçə ay davam edən qızğın döyüşlər nəticəsində Qafqaz İslam Ordusu türk sərkərdəsi Nuru Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən köçdü və Bakı şəhəri paytaxt elan olundu.

1918-ci il iyunun 17-də Gəncədə fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da işini yenidən bərpa etdi. Bu iclasda F.X.Xoyskinin müraciəti ilə Milli Şura Müəssislər Məclisini çağırmaq üçün görülməli işləri də öhdəsinə götürdu. Əslində, müstəqil parlamentin yaradılması respublikanın "İstiqlaliyyət Bəyannaməsi"ndə əksini tapmış məqsədlərin reallaşdırılması zərurətindən irəli gəlirdi. Həmin bəyannamənin ikinci bəndində göstərilirdi ki, müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır. Məhz bu baxımdan milli hökumət möhkəm qanunvericilik bazası yarada biləcək orqanın formalaşdırılmasını tez bir vaxtda başa çatdırmalı idi.

Milli hökumət Azərbaycan parlamentini mümkün qədər tez formalaşdırmağa çalışır, bunu bir tərəfdən milli hakimiyyəti qanuniləşdirmək, digər tərəfdən dövlət idarəetməsini demokratik prinsiplər əsasında formalaşdırmaq istəyi ilə əsaslandırmağa çalışırdı. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi "Azərbaycan parlamentinin yaradılması haqqında" qanun layihəsini hazırladı və həmin il noyabrın 19-da bu qanunu qəbul etdi. Milli Şuranın tərkibi demokratik tələblərə cavab vermədiyi üçün birpalatalı parlamentə gizli seçkilər keçirilməsi qərara alındı. Parlament haqqında qanun siyasi-hüquqi hadisə kimi təqdirəlayiq olmaqla, seçkilərin keçirilməsi üçünhüquqi baza yaratdı. Parlamentin yaradılması ərəfəsində ən mühüm addımlardan biri də məhz müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi oldu.

Ekstremal şəraiti nəzərə alan Milli Şura seçkili orqan olan parlamentə koopitasiya qaydasında - ümumi seçki keçirmədən, məhdud seçki qaydaları əsasında, yerlərdəki nümayəndələrdən müəyyən edilməklə, - Azərbaycan Cümhuriyyəti müvəqqəti parlamentini yaratmaq qərarına gəldi. 120 nəfər deputatdan ibarət olacaq qanunverici orqanın inzibati ərazi vahidləri təmsilçilərindən təşkil edilməsi nəzərdə tutulmuşdu. Məhz bu bölgü prinsipi həm də Azərbaycan sərhədlərini dəqiqləşdirməklə bütün bölgələrin iştirakını təmin edirdi. Seçki qanunu siyasi, sinfi, dini, milli fərqləri nəzərə almadan səsvermə hüququna malik bütün vətəndaşların iştirakını təmin edirdi. Milli Şura üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik parlamentin formalaşmasına gətirib çıxardı. Milli hökumətin varlığını istəməyən ermənilər və Rusiya tərəfdarları, habelə milli hökuməti tanımaq istəməyən o vaxtkı ingilis hərbi komandanlığı parlamentin yaradılmasına mane ola bilmədilər.

Yeni formalaşdırılacaq parlament ölkə əhalisinin hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı, 80 nəfər müsəlmanı, 21 nəfər ermənini, 10 nəfər rusu, 1 nəfər almanı, 1 nəfər isə yəhudini təmsil etməli idi. Milli Şuranın 1918-ci il 19 noyabr tarixli iclasının qərarına əsasən, 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə də birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində böyük hadisə baş verdi. Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Milli Şuranın sədri M.Ə.Rəsulzadənin giriş sözü və təbrik nitqi ilə açıldı.

Azərbaycan Parlamentində ermənilərə 21, ruslara 10 yer ayrılmasına baxmayaraq, onlar 2 ay müddətində ali qanunverici orqanın açılışında iştirak etməmiş, onun fəaliyyətini pozmağa çalışmışlar. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası isə Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə "vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığını "əsas" gətirərək Azərbaycan Parlamentini boykot etmək barədə qərar qəbul etmiş, bu qərarı erməni daşnakları da dəstəkləmişlər. İki ay sonra parlamentin iclaslarına qatılan ermənilər həmişə olduğu kimi, Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyindən çıxış etmişlər.

İlk iclasda "İttihad" fraksiyasından Q.Qarabəyli Azərbaycan parlamentinin açılışı münasibətilə siyasi məhbuslara ümumi amnistiya verilməsi təklifi ilə çıxış etdi. Parlament fraksiyaları bu təklifi yekdilliklə qəbul edərək amnistiya haqqında qanun layihəsini hazırlamaq üçün 5 nəfərdən ibarət işçi heyəti yaratdılar. "Azərbaycan parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi" adlanan ilk qanun say etibarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 7-ci rəsmi qanunu idi. Azərbaycanda özünü ali hakimiyyət orqanı elan etmiş Milli Şuranın "Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında", "Birinci Müvəqqəti hökumətin tərkibi haqqında", "İkinci Müvəqqəti hökumətin tərkibi haqqında", "Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında", "Milli Şuranın buraxılması haqqında" və "Azərbaycan parlamentinin yaradılması haqqında" qanunları ilkin mərhələdə milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti demokratik hakimiyyət orqanı kimi cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin müzakirəsini təşkil edir, deputatların qaldırdıqları bir sıra məsələlərə yaxından münasibətini bildirməklə fəaliyyət göstərirdi. Məsələn, sosialist fraksiyasının üzvləri bəzi siyasi firqələrin üzvlərinin təqsirnamə olmadan həbs edilməsinə parlamentin münasibət bildirməsini və məsələnin müzakirəsini tələb edirdilər. Onlar bildirirdi ki, polis məmurları həbsləri icra edərkən demokratik azadlıqların, insan hüquqlarının pozulması baş verir. Halbuki həbs edilən şəxsə 24 saat ərzində təqsirnamə təqdim edilməli idi. Demokratiyanın bu mühüm tələblərinin pozulmasını nəzərə çatdıran deputatlar parlamentin bu məsələni müzakirə edərək öz fikrini bildirməsini vacib sayırdılar. Bu məsələyə münasibət bildirən parlament isə qanunsuz tətilə görə həbs edilənlərin azad olunduğunu nəzərə alaraq, hökumətdən gələcəkdə qanundan kənar olan bütün həbslərin dayandırılmasını tələb etmişdi.

Azərbaycan parlamentinin 1918-ci il yanvarın 25-də qəbul etdiyi "Deputatlıq və məmurluq haqqında" qanun  hakimiyyətlərin bölgüsü prinsipinin geniş tətbiqinə imkan yaradırdı. Qanun layihəsi qanunvericiicraedici hakimiyyətlərin bir-birindən ayrılıb müstəqil olmasını və respublika dövlət quruluşunun demokratik ənənələrinə müvafiqliyini nəzərdə tuturdu. Dövlət qulluğu ilə paralel şəkildə parlament üzvü kimi fəaliyyət göstərməyin qaydalarını tənzimləyən "Deputatlıq və məmurluq haqqında" qanun nazirlər istisna olmaqla, bütün məmurlara hər iki hakimiyyət qolunda təmsilçiliyi qadağan edirdi. İdarə xidmətində çalışmayan məktəb məmurları və ya professorlar, eləcə də müxtəlif azad peşə sahibləri - hüquq məsləhətçiləri, həkimlər, dövlət məmurları olmadıqlarına görə bu sırada istisna təşkil edirdilər. "Deputatlıq və məmurluq haqqında" qanun Azərbaycan parlament təcrübəsində istifadə olunan "qanun dərc olunduğu gündən qüvvəyə minməsi" qaydasının tətbiqini də nəzərdə tuturdu.

Azərbaycan parlamenti 1919-cu ilin ilk aylarından başlayaraq ölkənin sosial-iqtisadi məsələlərinə də geniş diqqət ayırır, əməkhaqlarının artırılması, iqtisadi islahatların keçirilməsi üçün qanunvericilik bazası yaradırdı. Parlamentin martın 17-də keçirilən iclasında müzakirələr zamanı dövlət qulluqçularına Novruz bayramı münasibətilə birdəfəlik müavinət verilməsi geniş diskussiyaya səbəb olmuşdu. Bununla belə, "Azərbaycan Respublikası hökuməti idarələrində çalışan qulluqçulara birdəfəlik müavinət verilməsi haqqında" qanun qəbul edilmişdi. Lakin qanun parlament  qulluqçularına və son dövrdə mükafat almış qulluqçulara şamil edilmirdi. Parlament eyni zamanda  "Səpmə, yatalaq xəstəliyi ilə mübarizə aparmaq üçün Nuxa şəhər ictimai özünüidarə-bələdiyyəsinə 200 min rubl dövlət xəzinəsindən kredit ayrılması haqqında" qanunu qəbul etmişdi.

1919-cu il martın 31-də erməni və bolşeviklərin Bakıda və Azərbaycanın digər qəzalarında törətdikləri mart soyqırımının 1 ili tamam olurdu. Parlamentin ən böyük fraksiyasının deputatı M.Ə.Rəsulzadə martın 31-ni Azərbaycan tarixinin ən ağrılı günü kimi xatırladırdı: "Azərbaycan üçün fəlakətli günlər kimi xatırlanacaq mart soyqırımı Avropadakı Varfolomey gecəsi ilə müqayisə edilməlidir. Biz Bakıdakı mart hadisələrini yada salarkən, şübhəsiz ki, o günlərdə icra olunan vəhşətə, zülmə, yıxılan evlərə, rüsvay edilərək namuslarına təcavüz edilən insanlara baxıb, insanın (ermənilərin) dönüb canavardan betər bir halda olmağından ürək ağrısı keçiririk. Mart günlərində müsəlmanlara qarşı söylədiklərimizdən və söyləmədiklərimizdən daha böyük, daha şərəfsiz, daha namərd, daha iyrənc hadisələr törədilmişdi".

Hökumət eyni zamanda 1918-ci il mart soyqırımının da təhqiqatının aparılmasını diqqətdə saxlayırdı. 1918-ci il mart soyqırımını təhqiq edən Azərbaycan məhkəmə palatası fövqəladə istintaq komissiyasının ləğv edilməsi haqqında məlumatı "Azərbaycan" qəzetinin 1919-cu il 26 aprel tarixli sayında  vermişdi. Məlumatda göstərilirdi ki, Azərbaycan Məhkəmə palatasının ali sədri, xüsusi sərəncamla mart hadisələri ilə bağlı materiallar toplanmasının dayandırılması və toplanmış sənədlərin bir hissəsinin Versal konfransına yola düşən nümayəndə heyətinə verilməsi barədə əmr vermişdir. Şifrələnmiş rəqəmli məlumatların xüsusi kuryer vasitəsilə Parisə göndərilməsi qərara alınmışdır.

Parlamentdə "Hərbi mükəlləfiyyət haqqında" qanuna nəzərdə tutulan əlavələr və dəyişikliklər isə orduya çağırılanların xidmət müddətini müəyyən edirdi. Həmin vaxta qədər Rusiya imperiyası qanunlarına müvafiq olaraq Azərbaycan Cümhuriyyətində əsgəri xidmət 3 il 3 ay tətbiq olunurdu. Göstərilən müddət məqbul sayılmadığından, onun 2 ilə qədər azaldılması nəzərdə tutulurdu. Müddətin azaldılmasında məqsəd gənclərin hamısını orduya cəlb etmək, nisbətən qısa müddətdə xidmət edib, ehtiyatda olanların sayını artırmaqdan ibarət idi. Qanuna görə, 19-24 yaşı olanlar əsgərliyə çağırılırdılar.

Azərbaycan parlamenti geniş səlahiyyətlərə malik olmuş və ölkənin milli maraqlarının qorunması baxımdan mühüm addımlar atmışdı. Parlamentin sədri Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanımışdılar. Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiyabaşqa baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi, "1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir, xalqımızın böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm  intellektual, həm də mədəni potensialını yaradıbdır".

Azərbaycan Xalq Cümhuriyyəti müəyyən obyektivsubyektiv səbəblər üzündən süquta uğrasa da, xalqımız milli özünüdərk və özünəməxsusluq duyğularını, milli "Mən"ini sovet imperiyası dövründə də yaşada bildi. Zəngin mədəniyyətə malik mükəmməl etnos kimi dünya tərəfindən etiraf olunan azərbaycanlıların genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin milli dövlətçilik təfəkkürü bu kimi amillərə qarşı kəskin qadağalar müəyyənləşdirmiş Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla bilmədi.

Ulu öndər Heydər Əliyevin ötən əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi isə respublikamızı həqiqi müstəqilliyə aparan nurlu yolun başlanğıcı kimi xatırlanır. Tarixin kamil şəxsiyyət, ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, gələcəkdə müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişləndi. Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bildi.

Ümumilikdə Heydər Əliyevin rəhbərliyi altında 1970-1980-ci illərdə istər icra strukturları, istərsə də parlament səviyyəsində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın ötən əsrin 90-cı illərə doğru müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının ideallarında yaşatdıqları müstəqil hüquqi, demokratik, dünyəvi dövlət məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədə qanunçuluğun, hüquq qaydalarının bütün sahələrdə möhkəmlənməsini təmin etməklə yanaşı, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır.

 

 

Sani HACIYEV,

Bakı Dövlət Universitetinin prorektoru,

 tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2013.- 28 may.- S. 5.