ABŞ Azərbaycanın strateji tərəfdaşıdır

 

Mayın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmenini qəbul edib. Görüşdə Azərbaycan-ABŞ əlaqələri müzakirə olunub, həmçinin Azərbaycan barədə konqresmenlərə ətraflı məlumat verilib.

Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ konqresinin nümayəndələrini Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Bakıda keçirilən "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu ölkələr arasındakı strateji tərəfdaşlığın göstəricisidir: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri ABŞ olub. O dövrdən etibarən ABŞ-la siyasi, iqtisadi əlaqələrimiz inkişaf mərhələsinə qədəm qoyub".

Oqtay Əsədov 1918-ci ildə Şərqdə yaradılan ilk müstəqil demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqlara məlumat verib. Qeyd edib ki, o vaxt təşkil olunan parlament Şərqdə ən demokratik parlamentlərdən biri idi. Bugünkü müstəqil Azərbaycan parlamenti də əvvəlki ənənələri qoruyub saxlamışdır: "Hazırda parlamentdə gender məsələsi də qorunur. Parlament üzvlərinin 20 faizi qadınlardan ibarətdir. Burada 11 siyasi partiya, 125 deputat təmsil olunur".

Milli Məclisin Sədri daha sonra ABŞ konqresi ilə Azərbaycan parlamenti arasında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladırb. Bildirib ki, hər iki dostluq qrupu fəallıq göstərir. Sədr Azərbaycanın çox çətin geostrateji mövqedə yerləşdiyini də deyib: "Şimaldan Rusiya, cənubdan İran, qərbdən isə  Ermənistan ilə həmsərhədik. Belə bir şəraitdə Azərbaycanın enerji resurslarının və təbii sərvətlərinin olması bir sıra dövlətlərlə maraqların toqquşmasına, problemlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də bunun tərkib hissələrindən biridir. Ancaq bu çətinliklərə baxmayaraq, Azərbaycan öz təbii ehtiyatlarını Avropaya yönəltməklə səmərəli əməkdaşlıq qurur.Təəssüflər olsun ki, bəzi ölkələr Azərbaycan əleyhinə qeyri-dəqiq xəbərlər yayırlar. Erməni lobbisinin Azərbaycan əleyhinə apardığı təşviqat isə vəziyyəti daha da ağırlaşdırır. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub. Azərbaycan problemin sülh yolu ilə həll olunmasına inanır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Hesab edirik ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn bərpa edilməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə öz dəstəklərini göstərməlidirlər".

ABŞ konqresmenləri isə Azərbaycan parlamentində xoş qarşılandıqlarına görə təşəkkür ediblər və Dağlıq Qarabağla bağlı ətraflı məlumat almaq istədiklərini bildiriblər. Oqtay Əsədov onları maraqlandıran məsələlərə aydınlıq gətiribdir.

 

 Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2013.- 30 may.- S. 2.