«QHT-hökumət dialoqunun gücləndirilməsi» mövzusunda tədbir keçirilmişdir

 

Azərbaycan Milli QHT Forumu bu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "QHT sektorunun inkişafı məqsədi ilə ictimai müzakirələrin təşkili" adlı layihə həyata keçirir.  

AzərTAc xəbər verir ki, mayın 29-da Beynəlxalq Mətbuat Mərkəzində layihə çərçivəsində "QHT-hökumət dialoqunun gücləndirilməsi" mövzusunda tədbir keçirilmişdir.

Layihənin məqsədi QHT sektorunu və vətəndaş cəmiyyətini narahat edən məsələlərlə əlaqədar ictimai müzakirələrin təşkil edilməsindən və bu müzakirələrdə QHT, media, əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirakının təmin olunmasından, ictimai sektorun gücləndirilməsindən, açıq və elektron hökumətin təbliği sahəsində səmərəli fəaliyyət göstərilməsindən ibarətdir.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirmişdir ki,   Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüququ dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində  inamlı addımlar atılmışdır. Hələ 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə  BMT və Azərbaycan hökuməti arasında memorandum imzalanmışdır və bu sazişə əsasən QHT-lərə yardım edilmiş, 1999-cu ildə milli QHT Forumu  təsis olunmuşdur. Bununla Azərbaycanda  vətəndaş cəmiyyəti quruculuğunda yeni mərhələ başlanmışdır. 2000-ci ildə  "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununun  qəbul olunması, 3800-dək QHT-nin qeydiyyata alınması  vətəndaş cəmiyyətinin inkişafına böyük təkan vermişdir.

R.Zeyni demişdir ki, ötən illər ərzində həm Bakıda, həm də regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasına dövlət tərəfindən geniş dəstək göstərilmişdir. Vurğulanmışdır ki, milli maraqların müdafiəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçirmişlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, QHT-lər ölkə siyasətinə alternativ fəaliyyət ortaya qoyan qurumlardır.

Şöbə müdiri bildirmişdir ki, Azərbaycanda fəaliyyət göstərən 600-dən çox QHT-lərin qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsi böyük əhəmiyyət kəsb edir. 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayan Əli Həsənov bildirmişdir ki,  qarşıdakı seçkilərdə Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən  dəstəklənməsi və qalib gəlməsi artıq  heç kəsdə şübhə  doğurmur.

Əli Həsənov diqqətə çatdırmışdır ki, hətta daxili dəyərləndirmələri kənara qoyaraq Avropa İttifaqının Avropa Komissiyasının nəzdində fəaliyyət göstərən qurumun keçirdiyi sorğunun nəticələrinə diqqət yetirsək, buna bir daha əmin olarıq. Həmin sorğunun nəticələrinə əsasən, səsvermə hüququ olan ölkə vətəndaşlarının 92 faizi Azərbaycan hökumətinin fəaliyyətindən ümumən razıdır. Bu isə o deməkdir ki, Azərbaycan seçicisi 2013-cü ildə keçiriləcək seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəkdir. Bizim buna şübhəmiz yoxdur. Lakin məlum prosedurlar vardır ki, biz onları həyata keçirməliyik. Azərbaycan demokratik dövlətdir. Bu baxımdan ölkəmizdə 2013-cü il prezident seçkiləri də demokratik əsaslarda keçiriləcək, tam şəffaf olacaq, insanlara öz iradəsini sərbəst şəkildə ifadə etmək şəraiti yaradılacaqdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri demişdir ki, vətəndaş cəmiyyətləri institutlarının  böyük hissəsi İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi və  dəstəklənməsi ilə bağlı bəyanatlar verir, qərarlar qəbul edirlər. QHT-lər, gənclər, veteranlar, uşaq təşkilatları və digər qurumlar tərəfindən  İlham Əliyevin namizədliyinin dəstəklənməsi,  sözün həqiqi mənasında, vətəndaşların dövlət başçısının fəaliyyətinə verdikləri  dəyərdir.  Bu, bir daha sübut edir ki, Prezidentimiz  ümumxalq dəstəyinə layiqdiruğurlu siyasət həyata keçirən dövlət başçısıdır. Dövlət başçısı, siyasətçi üçün bundan yüksək dəyər ola bilməz.

Əli Həsənov Azərbaycan dövlətinin QHT-lərə dəstəyini yüksək qiymətləndirmişdir.  O, müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə yardımının ayrıldığını vurğulamışdır. Bildirmişdir  ki, QHT-lərin Prezidentimizin  namizədliyinin dəstəklənməsi haqqında  bəyanatlarını da yüksək qiymətləndiririk və bunu  vətəndaş cəmiyyəti institutlarının Azərbaycanın dövlət başçısının  apardığı uğurlu siyasətə dəstəyi kimi dəyərləndiririk.

Prezident Administrasiyasının şöbə müdiri bəzi beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarının Azərbaycan ilə bağlı qərəzli mövqelərinə də toxunmuşdur.  Bildirmişdir ki,  hazırda beynəlxalq aləmdə insan hüquqları ilə məşğul olan bəzi QHT-lərin Azərbaycana münasibəti sırf  subyektiv xarakter daşıyır. Onların dəyərləndirmələri, metodologiyaları doğru deyildir. Xüsusilə onların Azərbaycanla bağlı dəyərləndirmələri bizi qane etmir. Çünki onlar öz dəyərləndirmələrində düzgün metodologiyaya söykənmirlər. Bir qayda olaraq onların Azərbaycanla bağlı açıqlamalarının əksəriyyəti obyektivlikdən kənar mahiyyət daşıyır. 

Tədbirdə QHT-lərin  rəhbərləri çıxış edərək ölkəmizdə bu sahənin inkişafı üçün görülən  işlərdən danışmış,  öz təkliflərini bildirmişlər.

Tədbir iştirakçıları qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi haqqında bəyanat qəbul etmişlər.

Sonda bir qrup QHT üzvünə səmərəli  fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim olunmuşdur.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 6.