«Gələcəyə baxış» Azərbaycan-ABŞ Forumu çərçivəsində plenar sessiya keçirilmişdir

 

Mayın 29-da Azərbaycan-ABŞ Forumu rəsmi açılış mərasimindən sonra işini "ABŞ-Azərbaycan münasibətləri: Gələcəyə birgə baxış" mövzusunda plenar sessiya ilə davam etdirmişdir.

AzərTAc xəbər verir ki, forumun əhəmiyyətinə toxunan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycanın ABŞ-dakı sabiq səfiri Yaşar ƏLİYEV bildirmişdir ki, bu tədbir iki ölkə arasındakı münasibətlərin inkişafına mühüm töhfə verəcəkdir. Səfir forumda müxtəlif mövzularla bağlı faydalı fikir mübadiləsinin aparılacağını diqqətə çatdırmışdır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət ƏSGƏROV təməlində ulu öndər Heydər Əliyevin xidmətlərinin durduğu Azərbaycan-ABŞ münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulamış, buna misal olaraq, iki ölkə arasında indiyədək 76 dövlətlərarası sazişin bağlandığını demişdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və beynəlxalq bazara çıxarılmasında ABŞ-ın dəstəyini yüksək qiymətləndirən Z.Əsgərov məhz bu amil nəticəsində ölkəmizin hazırda Avropanın əsas enerji təchizatçılarından birinə çevrildiyini qeyd etmişdir. O, eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı əlaqələri olduğunu da bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Milli Məclis Sədrinin birinci müavini demişdir ki, Xocalı soyqırımı ilə bağlı ABŞ-ın 12 ştatı tərəfindən qətnamə qəbul olunması münaqişə barədə əsl həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Alman Marşal Fondunun Transatlantik Akademiyasının aparıcı mütəxəssisi, ABŞ Senatının sabiq üzvü Riçard LUQAR ölkəmizə səfərlərini və ulu öndər Heydər Əliyev ilə görüşünü xatırlamışdır. O zaman enerji təhlükəsizliyi ilə bağlı regionda yaranmış ağır vəziyyətin aradan qaldırılması üçün görkəmli siyasətçi Heydər Əliyevin çox müdrik seçiminə heyran qaldığını bildirmiş, bu gün həmin seçimin Azərbaycanın taleyində oynadığı həlledici roldan danışmışdır.

Riçard Luqar 2005-ci ildə o zamankı senator, hazırkı Prezident Barak Obama ilə Azərbaycana səfərini də xatırlatmışdır. "Bu gün Azərbaycanda olmaq mənim üçün xüsusi bir xoşbəxtlikdir" - deyən keçmiş senator forumun uğurlu keçəcəyinə ümidvar olduğunu bildirmişdir.

Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV Azərbaycan-ABŞ münasibətlərinin tarixinə toxunmuş, müasir dövrdə əlaqələrimizin yüksək səviyyəyə çatmasını əlamətdar hal kimi dəyərləndirmişdir. Xarici işlər naziri ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə möhkəmlənməsinə dair çoxsaylı misallar gətirərək Azərbaycanın və ABŞ-ın sülhməramlı qüvvələrinin dünyanın qaynar nöqtələrində birgə fəaliyyətindən danışmışdır.

Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə regiondakı sabitlik üçün təhlükə mənbəyi olduğunu əsaslandırmışdır.

Azərbaycana dördüncü dəfə səfər etdiyini vurğulayan konqresmen Maykl TÖRNER Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticələrindən danışaraq demişdir: "Bu gün Azərbaycana göndərilən nümayəndələrin sayı bir çox SenatKonqres tədbirlərində iştirak edənlərin sayından çoxdur. Bir qədər əvvəl cənab Prezident nailiyyətlər haqqında danışarkən məni heyrətləndirdi - xarici borcun azlığı, işsizliyin aşağı olması və gələcəyə baxışla bağlı onun fikirləri çox dəyərlidir. O, demokratik dəyərlərə sadiqliyi ilə bağlı fikirlərini söylədi, iqtisadiyyatın şaxələndirilməsi məsələsinə toxundu. Prezident İlham Əliyev iqtisadiyyatın enerji amilindən asılılığının azalması, eyni zamanda, enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığımızdan danışdı. Mən Azərbaycanın gördüyü işləri çox yüksək qiymətləndirirəm".

Qədim neft ölkəsi Azərbaycanın hazırda Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını deyən konqresmen Ted PO təmsil etdiyi Texas ştatının da ABŞ-ın əsas neft hasilatçısı olduğunu söyləmişdir. Azərbaycan və Texas neftçilərinin əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün faydalı cəhətlərindən danışan Ted Po münasibətlərimizin digər sahələrinə də toxunmuşdur.

ABŞ-ın keçmiş energetika naziri Bill RİÇARDSON çıxışında enerji məsələləri ilə məşğul olanların Azərbaycanın dəyərini gözəl başa düşdüklərini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycana münasibətdə həm respublikaçılar, həm də demokratlar partiyası eyni mövqedədir. Çünki, Azərbaycan beynəlxalq məsələlərdə həmişə ədalətli mövqe tutur. Keçmiş nazir demişdir: "Azərbaycan bizi 11 sentyabr hadisələrindən sonra dəstəkləyən ilk ölkə olmuşdur. İnsan alveri, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə Azərbaycan çox əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın xüsusi nüfuzu vardır. Biz ABŞ Konqresində Azərbaycana daha çox diqqət yetirməliyik. Zənnimcə buradan bu fikirlə qayıtmalıyıq ki, Azərbaycan dostdur, strateji tərəfdaşdır. Azərbaycan strateji coğrafi mövqedə yerləşir, regionun müxtəlif sahələrində əsas oyunçudur. Həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan bu ölkə çox dinamik şəkildə müasirləşir və təkcə ABŞ-Azərbaycan münasibətləri üçün deyil, eyni zamanda, bütün dünya üçün mühümstrateji rol oynayır".

ABŞ-ın Azərbaycandakı səfiri Riçard MORNİNQSTAR forumda ABŞ-ın 42 ştatından nümayəndənin iştirak etməsini Birləşmiş Ştatlarda ölkəmizlə münasibətlərə verilən böyük önəmin göstəricisi kimi dəyərləndirmişdir. Səfir qeyd etmişdir ki, biz son 20 il ərzində strateji tərəfdaşlıq qura bilmişik. Bizim əməkdaşlığımız həm enerji şaxələndirilməsi, eyni zamanda, Kosovoda, İraqda və Əfqanıstanda tərəfdaşlığımıza xidmət etmişdir. Biz terrorçuluqla, beynəlxalq sülhə təhdidlə mübarizədə, kütləvi qırğın silahlarının yayılmaması məsələlərində, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun tərkibində sıx əməkdaşlıq edirik. Bizim Azərbaycan ilə əməkdaşlığımızın parlaq gələcəyi vardır. ABŞ-ın Azərbaycan ilə bağlı baxışı aydındır.

Konqresmen Qreqori MİKS Azərbaycan-ABŞ münasibətlərinin digər ölkələrə də nümunə kimi qiymətləndirmişdir. Konqresmen demişdir: "Bəziləri xəbərlərə baxanda deyirlər ki, demokratlar və respublikaçılar heç bir məsələdə razılığa gələ bilmirlər. Amma bu forum göstərir ki, demokratlar və respublikaçılar bu məsələdə - Azərbaycan-ABŞ münasibətləri məsələsində bir mövqedən çıxış edirlər. Artıq burada qeyd olundu, biz tərəfdaşıq, dostuq. Bundan əlavə, biz regiona və digərlərinə nümunəyik. Biz dünyaya nümunə göstəririk ki, demokratiya nədən ibarətdir. Bu, onun göstəricisidir ki, sərmayələr xalqın rifahına, təhsilin inkişafına yönəlsə, ölkənin  gələcəyi uğurlu olacaqdır. Bu, Azərbaycanın etdikləridir. Azərbaycan gənc nəslinə sərmayə qoyubdur. Yoxsulluğun səviyyəsinin azalmasını təmin edirsinizsə və ən yoxsul təbəqələrin qayğılarını nəzərə alırsınızsa, gələcək təmin olunur. Mən sizi salamlayıram və təbrik edirəm. İlk olaraq, müstəqilliklə bağlı təbriklərimi çatdırıram. Yaşasın Azərbaycan, yaşasın ABŞ-Azərbaycan münasibətləri".

ABŞ Konqresinin üzvü Mişel QRİŞƏM əməkdaşlıq məsələlərində qadınların rolunu qeyd etmişbugünkü tədbirdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün faydalı müzakirələrin aparılacağına əminliyini bildirmişdir.

Prezident İlham Əliyevin çıxışının yaratdığı xoş təəssüratdan danışan konqresmen Ruben HİNOYOSA demişdir: "Prezident İlham Əliyevin söylədikləri məni heyrətləndirdi. O, bu ölkənin güclü cəhətlərini xatırlatdı, enerjiqaz haqqında danışdı. Eyni zamanda, Prezidentin enerjidən asılılığın azaldılması ilə bağlı fikirləri çox dəyərlidir. Cənab Prezident çox düzgün qeyd etdi ki, insan kapitalı başlıca sərvətdir".

Konqresmen Stiv STOKMƏN təmsil etdiyi Texas ştatı ilə Azərbaycan arasında əlaqələrin daha da sıx olmasını arzulamışdır. O demişdir: "Mən çox istərdim ki, Hyustondan Bakıya birbaşa təyyarə reysi olsun. Mən sizi Texasa dəvət etmək istəyirəm. Bizim birgə dəyərlərimiz, birgə baxışlarımız vardır. Bu da bizim ölkələrimizin firavanlığı və çiçəklənməsidir. Xüsusilə qeyd etmək istərdim ki, sizin ölkəniz sülhsabitliyi təşviq edən ölkədir".

Konqresmen Cim BRAYDNŞTAYN Oklahoma ştatı ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərindən danışmışdır. O, ölkəmizin müxtəlif regionlarda sülhyaratma prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirmişdir.

ABŞ-ın Hava Qüvvələrinin generalı, sabiq nəqliyyat komandanı Dankn MAKNAB Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunuiki ölkə arasındakı əlaqələrin qarşılıqlı etimada, dostluğa əsaslandığını bildirmişdir.

Bakını dünyanın ən gözəl şəhərləri ilə müqayisə edən konqresmen Şeyla Ceksondemişdir: "Mən evə döndüyümdə məndən soruşacaqlar ki, Las-Veqasda, Vyanada, Barselonada idiniz? Xeyr, mən Bakıda idim.

Mən ABŞ-Azərbaycan dostluq qrupunun üzvüyəm. Eyni zamanda, qürurla demək istəyirəm ki, Hyustonun sakiniyəm. Mən əmin edə bilərəm ki, SOCAR Hyustonda bir çox şirkətlərin yaxın dostudur. Hyustonda yerləşən şirkətlərdən 30-40-ı bu gün Bakıda görür. Biz təkcə sərmayə qoymuruq. Biz, eyni zamanda, qarşılıqlı sərmayələrin qoyuluşunu təşviq edirik. Zənnimcə, bizim dostluğumuzun təməlində duran amil demokratiyasülhün qorunmasıdır.

Siz çox mürəkkəb regionda yaşayırsınız. Xəritəyə baxdıqda, biz bir daha şahid oluruq ki, siz çox cəsarətli bir ölkəsiniz. Siz dünyəvi, demokratikazad müsəlman ölkəsisiniz. Mən fərəhlənirəm ki, sizin kimi ölkəni dəstəkləmək imkanı əldə etmişəm. Azərbaycan XXI əsrin ölkəsidir. Azərbaycan və ABŞ-ın çox mühüm dostluğu vardır. XXI əsrdə və ondan sonra da bizim dostluğumuz yaşayacaqdır. Allah köməyiniz olsun".

 

 

Azərbaycan.- 2013.- 30 may.- S.6.