Azərbaycan-ABŞ Forumu çərçivəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və «Cənub qaz dəhlizi»nin perspektivləri müzakirə olunmuşdur

 

Mayın 29-da Bakıda Heydər Əliyev Mərkəzində "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "Enerji təhlükəsizliyi - Xəzər dənizindən Avropaya doğru: dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası. Cənub Enerji Dəhlizinin yeni perspektivləri" mövzusunda sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Muxtar Babayevin və Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Maykl Rubinin moderatorluq etdikləri  sessiyada Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar MÖVSÜMOV çıxış edərək Dövlət Neft Fondunun fəaliyyəti və Azərbaycanın neft-qaz və ixrac marşrutlarının şaxələndirilmə siyasəti barədə danışmışdır.

Diqqətə çatdırılmışdır ki, 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalanmışdır. "Əsrin müqaviləsi" adı ilə tanınan bu saziş Azərbaycanda yeni neft müqavilələrinin imzalanması üçün geniş yol açmışdır. Neft strategiyasının reallaşması sayəsində Azərbaycanın enerji təhlükəsizliyi, dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınması təmin edilmişdir.

Dövlət Neft Fondu haqqında məlumat verən icraçı direktor bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə uzunmüddətli neft strategiyası proqramını hazırlamışdır. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsas məqsədini ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə təşkil edir. Bu məqsədlə Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilmişdir. Hazırda Neft Fondu institusional cəhətdən çox yüksək formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilmişdir.

Məlumat verilmişdir ki, fond bir çox sosial layihələrin icrasına, eləcə də 20 faiz ərazisi işğal atında olan ölkəmizdə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, dəmir İpək Yolu adlanan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə vəsait ayırır.

Bildirilmişdir ki, fondun aktivləri artıq 35 milyard ABŞ dollarına çatmaqdadır. Bu isə özlüyündə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına əlavə imkanlar açır.

ABŞ-ın Azəraycandakı keçmiş səfiri Mətyu BRAYZƏ isə çıxışında ölkəmizin neft-qaz strategiyası nəticəsində özünün enerji təhlükəsizliyini təmin etdiyini, hətta qonşu ölkələrin, eləcə də Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynadığını vurğulamışdır. Neft-qaz siyasəti nəticəsində ölkəyə daxil olan gəlirlərin şəffaf şəkildə idarə edildiyini diqqətə çatdıran sabiq səfir Azərbaycandakı yüksək iqtisadi inkişafı təqdir etmişdir. Azərbaycanın gündən-günə inkişaf etdiyini deyən M.Brayzə "Şahdəniz-2" qaz layihəsi çərçivəsində əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının tərəqqisində böyük rol oynayacağını qeyd etmişdir.

Alman Marşal Fondunun mütəxəssisi Neyl BRAUN, Cənubi Metodist Universitetinin "Maguire" Enerji İnstitutunun direktor müavini Bernard UEYNŞTAYN, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçi Daniyel ŞTAYN, Merilənd Müqəddəs Mariya Kollecinin Demokratiya üzrə Araşdırmalar Mərkəzinin direktoru, siyasi elmlər üzrə professor Maykl KEYN, Qlobal Ehtiyatlar Korporasiyasının təsisçisi və sədri Mehmet OQUTÇU çıxışlarında müasir dünyada enerji təhlükəsizliyinin ön planda durmasından, Xəzər dənizi karbohidratlarının Avropanın enerji təhlükəsizliyindəki rolundan, "Cənub qaz dəhlizi"nin perspektivlərindən danışmışlar. Vurğulanmışdır ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün "Şahdəniz" Konsorsiumu "Nabukko Qərb" və Transadriatik boru kəməri (TAP) layihələri arasında seçim etməlidir. Bundan başqa, Avropanın qaz ehtiyaclarının ödənilməsində Azərbaycan ilə Türkiyənin birgə layihəsi olan Transanadolu qaz boru kəməri (TANAP) layihəsi də "Cənub qaz dəhlizi"ndə böyük rol oynayır. Bu isə həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəkdir.

Bildirilmişdir ki, TANAP layihəsini yüksək qiymətləndirən ABŞ Azərbaycan ilə enerji sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Sonra ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad NƏSİROV Azərbaycanın enerji resurslarından səmərəli istifadə nəticəsində əldə etdiyi uğurlardan, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşmasından, "Şahdəniz-2", TANAP kimi beynəlxalq layihələrdən danışmışdır. Qeyd olunmuşdur ki, özünün uğurlu neft-qaz siyasəti nəticəsində şaxələndirilmiş infrastruktura malik olan Azərbaycanın "Cənub qaz dəhlizi"nin reallaşması ilə Avropanın enerji təhlükəsizliyindəki rolu daha da artacaqdır. Həmçinin qeyd olunmuşdur ki, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ 20 faiz torpağı işğal altında olan Azərbaycanın suveren hüququnun bərpa edilməsində səylərini artırmalıdır.

Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırmışlar.

 

Azərbaycan.- 2013.- 30 may.- S.7.