Forum çərçivəsində «Qadınların dövlət idarəçiliyində liderlik rolu» müzakirə edilmişdir

 

Mayın 29-da "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "Qadınların dövlət idarəçiliyində liderlik rolu" mövzusunda ikinci xüsusi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiya Azərbaycan Diplomatik Akademiyasının əməkdaşı Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilmişdir.

Çıxış edən siyasi strateq, "Joe Slade White and Company"nın icraçı vitse-prezidenti Valeri BAYDEN sessiyada aparılacaq müzakirələrin əhəmiyyətini yüksək qiymətləndirmişdir. V.Bayden qadınların hüququnun bu gün də bəzən tapdandığını demişdir. Bildirilmişdir ki, məkanından asılı olmayaraq hansısa qadının hüququnun tapdanmasına heç kəs biganə qalmamalıdır. Qadınlar nə qədər zərif olsalar da,  özünə inam onları güclü edir. V.Bayden bildirmişdir ki, qadınların cəmiyyətdən geridə qalmasının səbəbi kişilərin güclüya savadlı olması deyil, qadınlarda özünə inamın az olmasıdır. Onların mükəmməllik istəyi isə bəzən qadınların uğursuzluqla qarşılaşmasına səbəb olur. Ona görə də hər bir qadın bir işə başlayanda cəsarətli və inamlı olmalıdır.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran HÜSEYNOVA qadın problemlərinin həllində dövlət siyasətinin xüsusi rolundan danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda əhalinin yarıdan çoxu qadınlardır. H.Hüseynova ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarının cəmiyyətdə önəmli mövqe tutmasına və gender bərabərliyinə böyük önəm verdiyini diqqətə çatdırmışdır. Şərqdə ilk qadın məktəbinin məhz ölkəmizdə açıldığını vurğulayan H.Hüseynova bildirmişdir ki, təhsilli qadın təhsilli ailə və savadlı cəmiyyət deməkdir. O, ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda qadına cəmiyyətdə müstəqil və azad mövqedə dayanması üçün yaradılan şəraitin bu gün də dövlət səviyyəsində davam etdirildiyini diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova ölkəmizin iqtisadi inkişafında qadınların rolundan danışmışdır. S.Həsənova Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun Avropanın əksər ölkələrindən daha əvvəl verildiyini diqqətə çatdırmış, ölkəmizdə qadınlara sahibkarlıq mühitinin yaradılmasında dövlət qayğısından danışmışdır. S.Həsənova belə bir forumda qadınlara həsr edilmiş xüsusi sessiyanın keçirilməsini dövlətin gender bərabərliyinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirmişdir.

Milli Məclisin deputatı Sahibə QAFAROVA hər hansı bir ölkədə hökumətin gender məsələlərinə göstərdiyi qayğının həmin ölkədə demokratik dəyərlərə verilən önəm kimi qəbul edildiyini demişdir. Bildirilmişdir ki, Azərbaycanda Prezident tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ölkəmizdə gender bərabərliyinə göstərilən dövlət siyasətinin sübutudur. Ölkəmizdə qadınların yüksək vəzifələrdə çalışdığını vurğulayan deputat bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Sonra sessiya iştirakçılarının sualları cavablandırılmışdır.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 8.