Bakıda «Azərbaycan qlobal strateji yol ayrıcında» mövzusunda xüsusi sessiya keçirilmişdir

 

Mayın 29-da "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "Azərbaycan qlobal strateji yol ayrıcında" mövzusunda xüsusi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu xüsusi sessiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun moderatorluğu ilə keçirilmişdir.

E.Nəsirov müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, xüsusilə də enerji sahəsində həyata keçirilən uğurlu layihələrdən, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli şəraitdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan artıq beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir.

E.Nəsirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin regionun sülh və sabitliyinə təhdid olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, ABŞ, Avropa ölkələri, beynəlxalq təşkilatlar bu münaqişənin həlli istiqamətində səylərini daha da artırmalıdırlar.

ABŞ-ın Hayfa Universitetinin professoru xanım Brenda ŞAFFER çıxışında Xəzər dənizinin enerji ehtiyatlarının müasir dövrdə xüsusi çəkiyə sahib olduğunu bildirmiş, Qərbə inteqrasiyada maraqlı olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rolundan danışmışdır.

Hazırda neftlə müqayisədə, təbii qazın nəqlinin aktuallıq qazandığını bildirən B.Şaffer Xəzər regionunda Azərbaycanın iştirakçısı olduğu layihələr barədə də məlumat vermişdir. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələrin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulamışdır.

Sonda sessiya iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı müzakirələr aparılmışdır.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 8.