Azərbaycan və UNESCO arasında saziş imzalanmışdır

 

Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan və UNESCO arasında Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasının keçirilməsi barədə saziş imzalanmışdır.

Sazişi UNESCO-nun baş direktoru İrina Bokova, Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev imzalamışlar.

Azərbaycanın UNESCO ilə daim yaxından əməkdaşlıq etdiyini bildirən Əbülfəs Qarayev təşkilatın ölkəmizdəki fəaliyyətinin Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olduğunu vurğulamışdır.

Nazir Azərbaycanın mədəni irsinə göstərdiyi diqqətə görə UNESCO rəhbərliyinə təşəkkürünü bildirmişdir. O, Komitənin 10-cu sessiyasının keçirilməsini Azərbaycana həvalə və etibar etdiyinə görə UNESCO-nun baş direktoru İrina Bokovaya minnətdarlığını çatdırmışdır.

İrina Bokova Komitənin 10-cu sessiyasının keçirilməsinə razılıq verdiyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirmiş, UNESCO ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da yüksək səviyyədə davam edəcəyinə və genişlənəcəyinə əminliyini ifadə etmişdir.

UNESCO-nun baş direktoru rəhbərlik etdiyi təşkilatın bundan sonra da Azərbaycana öz dəstəyini əsirgəməyəcəyini xüsusi vurğulamışdır.

 

Azərbaycan.- 2013.- 31 may.- S. 5.